Ana Sayfa > Müsahibə > Uşaq həkimi koronavirus təhlükəsinə görə valideynlərə çağırış etdi MÜSAHİBƏ

Uşaq həkimi koronavirus təhlükəsinə görə valideynlərə çağırış etdi MÜSAHİBƏ


12-06-2020, 14:07. Yazar: admin
Uşaq həkimi koronavirus təhlükəsinə görə valideynlərə çağırış etdi MÜSAHİBƏ
Dünyada yüzminlərlə insanın həyatına son qoyan koronavirus uşaqlar arasında da geniş yayılmağa başlayıb. Hətta pandemiyanın nadir siptomları müşahidə edilən uşaqlar arasında ölənlər də var. Təbii ki, virusun uşaqlar arasında da geniş vüsət alması və ölümcül olmaması valideynləri narahat edən və həkimləri ən çox düşündürən problemlərdən biridir. Türkiyənin tanınımış həkim-pulmonoloqlarından biri, professor, doktor Erkan Çakır "Report"un Türkiyə bürosuna bununla bağlı müsahibə verib.

- Bu günlərdə koronavirusa yoluxan uşaqların müalicəsində aktiv fəaliyyət göstərirsiniz...

- Mən uşaq həkim-pulmonoloquyam və on ildir Türkiyənin ən böyük tibb ocaqlarından biri olan Bezmialem Vəqf Universiteti Tibb fakültəsinin müəllimi, həm də xəstəxanasının həkimi olaraq işləyirəm. Xəstəxanamızda xüsusilə uşaqlarda anadangəlmə ağciyər xəstəlikləri, həmçinin aşağı və yuxarı tənəffüs yollarının xroniki xəstəlikləri, vərəm, kistik fibrozis, xroniki bronxit, astma, davamlı öskürək, xırıltı və s. müalicəsini edirik. Xəstəxanamızda bütün növ allergiya, tər testləri, radioloji, immunoloji, mikrobioloji testlər aparılır və bronkoskopiya şöbəmiz fəaliyyət göstərir. Hətta koronavirusa yoluxan uşaqlar üçün xəstəxanamızda ayrıca poliklinika ayrılıb, orada onların həm stasionar, həm də ambulator müalicəsi aparılır.


- İlk vaxtlarda uşaqların koronavirusdan təsirlənmədiyi deyilirdi. Ancaq bir sıra ölkələrdə uşaqlarda COVID-19-la əlaqəli olduğu düşünülən yeni bir xəstəlik ortaya çıxdı. Hətta ABŞ və Böyük Britaniyada xəstəliyin qurbanı olan xeyli sayda uşaq da var. Görəsən nə dəyişdi?

- Əslində, uşaqların koronavirusdan təsirlənməməsi haqqında yayılan məlumatlar yanlış və ya natamam idi. Onlar da böyüklər kimi bu infeksiyaya yoluxurlar, lakin böyüklərlə müqayisədə virusun uşaq orqanizminə təsiri özünü zəif göstərir. Yəni xəstəliyin ağır formaları uşaqlarda daha az görünür, reanimasiyaya yerləşdiməyə ehtiyac olmur. Bu da uşaqlar arasında koronavirusdan ölüm hallarına nadir rast gəlinir. Digər viral infeksiyalarda olduğu kimi, koronavirus da orqanların fəaliyyət sisteminə birbaşa təsir edə bilir. Uşaqların əksəriyyəti bu virusdan heç bir simptom olmadan qurtula bilsə də, bəzilərində boğaz ağrısı, burun axıntısı, hərarətin yüksəlməsi, öskürək, yuxarı tənəffüs yollarının infeksiyası, halsızlıq və s. qarşılaşırıq. Koronavirusa yoluxan uşaqların bəzilərində çox nadir hallarda ağırlaşma müşahidə edirik. Həmin uşaqlarda xəstəlik yüksək hərarət, tənəffüs çatışmazlığı, quru öskürək, bəlğəm və aşağı tənəffüs yollarının infeksiyası şəklində özünü göstərə bilir. Hətta bəzi uşaqlarda virus özünü akut qastroenterit (ishal), qarın ağrısı və qusma simptomları ilə büruzə verir. Hazırda bəzi ölkələrdə xəstəlik uşaqlarda sadaladığım əlamətləri yanaşı, uzunmüddətli yüksək hərarət, bədəndə açılmalar, dəridə və ağızda yaralar, eyni zamanda gözdə, dəridə qabarıqlıqlar və sümüklərdə ağrılarla müşahidə olunur. Ona görə də bunu yeni xəstəlik da hesab edirlər. Əslində, bu əlamətlər uzun illərdən bəri tibbə məlum olan “Kavasaki” xəstəliyinə bənzəsə də, bir sıra göstəricilərinə görə fərqlənməkdədir. Hətta virus bəzi simptomlarına görə bir çox uşaqlarda müəyyən vaxtlarda ortaya çıxan xəstəliklərə bənzəsə də, çox fərqlidir və bu baxımdan diaqnoz qoyarkən çox diqqətli olmağı zəruri edir. Ümumilikdə, daha çox iltihabla müşahidə olunan bu hallarda ciddi həkim müalicəsi tələb olunur. İltihabın geniş yayılmaması üçün tez bir zamanda müdaxilə olunmalı, həmin uşaqların həkimləri tərəfindən müayinəsi və müalicəsi aparılmalıdır.

- Bir sıra həkimlər koronavirusun orqanlarda, xüsusilə ağciyərlərdə, sinir sistemi və beyində qalıcı xəsarət izləri buraxdığını deyirlər...

- Bütün tənəffüs yolları xəstəlikləri kimi, koronavirusun uşaqlarda xüsusilə nəfəs yollarını zədələmə və orqanlarda qalıcı xəsarət izləri buraxma riski yüksəkdir. Bu xəstəliyi ağır keçirən uşaqlar isə yüksək risk qrupuna daxildir. Ancaq uşaqlarda koronavirusun ağır forması özünü yeni büruzə verdiyindən orqanlara hansı şəkildə və necə zərər verdiyini indidən demək çox tezdir. Çünki virusun orqanlara verdiyi zərərlərin müəyyən müddətdən sonra bərpa oluna biləcəyini düşünürəm.


- Türkiyədə koronavirusa yoluxan uşaqların sayı nə qədərdir və onlar necə müalicə olunurlar?

- Əlbəttə, bütün dünyada olduğu kimi, Türkiyədə də koronavirus daşıyıcısı olan xeyli sayda uşaq var. Onların müalicəsi həm stasionar, həm də ambulator qaydada aparılır. Uşaqlar xəstəliyi istisna hallarda ayaqüstə, yüngül keçirirlər, onlara dərmanlar verilir. Ancaq sətəlcəm və daha ağır hallarda ambulator müalicə tətbiq edildi. Beşgünlük müalicə müddətində oral yolla dərman qəbulu ilə yanaşı, antiviral müalicə metodu tətbiq olundu. Daha ağır hallarda isə tocilizumab, konvalesent plazma və laxtalanma əleyhinə müalicələr tətbiq edirik. Xüsusilə infeksiyanın qarşısını almaq üçün xəstələr kliniki və rentgenoloji baxımdan yaxından təqib edilməlidir.

- Ümumiyyətlə, valideynlərə məsləhətləriniz nədir? Onlar uşaqlarını koronavirusdan necə qorumalıdılar?

- COVID-19 pandemiyası həyatımıza bir çox yeniliklər və dəyişikliklər gətirdi. Bütün dünya və cəmiyyət olaraq pandemiyaya qarşı mübarizədə bütün təcrübələr ortaya qoyuldu və ictimai şüur formalaşdı. Əslində, dünya insanı çətin və bir qədər mürəkkəb yoldan keçməkdədir. Hər kəs bu günlərdə diqqətli olmalıdır, ancaq mən xüsusilə valideynlərə səslənmək istəyirəm. Onlar bu müddətdə digər insanlardan daha çox tədbirli olmalı və bütün zəruri tədbirləri almalıdırlar. Xüsusilə tənəffüs yolları xəstəlikləri olan uşaqlara maska taxmaq, izdihamlı yerlərdən uzaq tutmaq və ictimai nəqliyyatdan istifadəyə son vermək lazımdır. Əllər mütəmadi yuyulmalı, məcbur qalmadıqca fiziki təmas azaldılmalı və gigiyenik qaydalara riayət edilməlidir. Bu qaydaları həyatımızın mərkəzinə qoymalıyıq. Bayırdan evə qayıdarkən paltarlar dəyişilməli, əl və üz yuyulmalı və uşaqlarla mümkün qədər az təmas etməliyik. Xüsusilə bu günlərdə işləyən ailələr diqqətli olmalıdırlar. Onlar işdən evə dönərkən bütün tədbirləri almalıdırlar. Bir qədər özlərini yaxşı hiss etmədikləri halda, uşaqlarla təması tamamilə kəsməlidirlər. Bu qaydalara riayət olunarsa, uşaqlarda xəstəliyin yayılmasının qarşısı alına bilər.
Geri dön