MTRŞ sədri: “Teleradio sahəsində satış, reklam sistemi, ünsiyyət və lisenziyalaşmaya yanaşma dəyişməlidir” - MÜSAHİBƏ
Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri İsmət Səttarovun APA-ya müsahibəsi
- İsmət müəllim, Azərbaycanda televiziya və radio sahəsindən danışanda daha çox yayım və proqramların məzmunu məsələlərinə toxunulur. Bu dəfə biz həm də bu sahənin maliyyə-iqtisadi cəhətləri barədə danışmaq istərdik. Necə düşünürsünüz?
- Audiovizual industriya sektorunun biznesin mühüm qollarından biri olduğu məlumdur. Digər sahələrdə olduğu kimi, bu sektor barədə də danışarkən onun maliyyə və iqtisadi aspektləri mütləq nəzərə alınmalıdır. Bu məsələyə diqqət etdiyinizə görə sizə təşəkkür edirəm.
- Azərbaycanda 2019-cu ilin göstəricilərinə əsasən, 25 yerli televiziya kanalı, 12 yerüstü, peyk və kabel üsulu ilə yayımlanan ümum-ölkə televiziya kanalları olub. Bu gün vəziyyət necədir? Kanalların sayında artım, yoxsa azalma var?
- Ehtimal var ki, iqtisadi səbəblərlə bağlı kanalların sayında azalma olacaq. Çoxalmanı isə şəxsən proqnozlaşdırmıram.
- Yəqin ki, söhbət “Lider” telekanalından gedir. Ümumiyyətlə, iqtisadi vəziyyəti nəzərə alsaq, belə halla üzləşmək təhlükəsi olan başqa telekanallar varmı?
- Televiziya kanallarını şərti olaraq iki hissəyə bölmək olar. Elə telekanallar var ki, onlara ya dövlət, ya da digər kommersiya qurumlarından dotasiya ayrılır. Bu kanalların durumu o qədər də çətin deyil, çünki onların stabil, əvvəlcədən proqnozlaşdırılmış gəliri var. O kanallarla bağlı hər hansı narahatlıq yoxdur. Azərbaycanda bir neçə kanal da var ki, onların gəliri ancaq kommersiya gəlirlərindən asılıdır. Onların əlavə dotasiyası, başqa biznesi, ehtiyatları yoxdur, iqtisadi durumları sırf reklamdan asılıdır. Bu il reklam gəlirlərinin 15-30 faiz aralığında azalması gözlənilir. Hələ ki, kommersiya kanalları bunu hiss etməyib. Çünki televiziya biznesində işləyənlər bilir ki, adətən reklamdan gəlir 3-4 aydan sonra olur. İndi kommersiya kanallarının reklamla bağlı aldığı vəsaitlər faktiki fevral, mart, hətta yanvar ayında verilmiş reklam hesabına gəlir. Çünki 3-4 aylıq gecikmə həmişə olur, bu, normaldır. Karantin rejimi mart ayından başlayıb və indi kanallar azalmanı kəskin surətdə hiss etməyə başlayırlar. Getdikcə onların gəliri azalacaq. Ən ağır sentyabr, oktyabr, noyabr ayları olacaq. Biz bilmirik ki, karantin müddəti nə qədər çəkəcək. Bütün kanallarda isə adətən sentyabr-oktyabr aylarında yeni televiziya mövsümü başlayır. İldə bir dəfə bizdə də, dünyada da bütün kanallarda yenilənmə gedir. Bir tərəfdən həmin dövrdə kanallar daha çox xərc çəkməlidir, digər tərəfdən həmin vaxt reklam gəlirləri çox kəskin surətdə düşəcək. Ona görə ən ağır dövr sentyabr-oktyabr aylarında gözlənilir. Kommersiya kanallarının həqiqətən əziyyət çəkəcəyi mümkündür. Vəziyyət lap kritik də deyil, ancaq müəyyən risklər var. Kanalların bağlanmasını deyil, ancaq onların təqdim etdiyi kontentin səviyyəsinin düşəcəyini gözləmək olar.
- Televiziya və radio kanallarında reklam verilməsi üzrə ixtisaslaşan reklam agentliklərinin fəaliyyətini nə dərəcədə effektiv saymaq olar? Pandemiya reklam bazarına hansı səviyyədə zərər vurub, gəlirlər faiz və rəqəm ifadəsində necə azalıb?
- Azərbaycanda kifayət qədər güclü reklam agentlikləri var, agentliklərdə ciddi analitiklər, savadlı rəhbərlər çalışır. Beynəlxalq kommersiya, transmilli reklam şirkətlərinin də nümayəndələri var. Bəzi reklam agentlikləri də var ki, reklamın effektiv yerləşdirilməsinə peşəkar yanaşa bilmirlər. Azərbaycanda reklam agentliyinin fəaliyyət anlayışı bir az fərqlidir. Bizdə agentliyə bir vasitəçi kimi baxılması halları görünür. Yəni reklam verəndən pul götür, müəyyən faizi özünə saxlayıb, qalan hissəsini televiziya, radioya ötür. Əslində reklam agentliyi alacağı faizə görə effektiv reklam kampaniyası keçirməlidir. Məsələn, o, 100 manatı götürür, bu məbləğdə reklamı elə effektiv yerləşdirməlidir ki, müştəri ondan həm məmnun qalsın, həm də satışı artsın. Bəzi reklam agentlikləri həmin müştəridən 100 manatı alıb reklam yerləşdirir, lakin televiziya və radioda gedən reklam effektiv olmur. Müştəri də görür ki, 100 manatı itirdi, effekti olmadı. Belə olan halda düşünür ki, reklam, radio, televiziya, internet effektiv vasitə deyil. Beləliklə, aldadıldığını düşünür və reklamdan çəkinir. Bundan əlavə, bir sistem olmalıdır ki, onlar arasında rəqabət sağlam olsun, peşəkar reklam agentlikləri həm müştərilərə, həm də Azərbaycanda yerli istehsala yaxşı xidmət göstərsin. Hazırda reklam agentlikləri arasında böyük rəqabət var. Ancaq sistem, indiki durum buna gətirir ki, reklam agentlikləri öz aralarında keyfiyyətlə yox, qiyməti azaltmaqla rəqabət aparırlar. Bununla da, Azərbaycanın həm televiziya, həm də radioda reklam xərci çox aşağı düşür.
Hazırda pandemiya vəziyyəti davam etdiyi və onun nə zaman bitəcəyi məlum olmadığı üçün reklam bazarının nə qədər azaldığı ilə bağlı hesablamaları aparmaq hələ ki, mümkün olmur. İlkin mərhələdə həm Azərbaycanda, həm də digər ölkələrdə ən çox əziyyət çəkən radiolardır. Çünki karantin zamanı maşınlar küçəyə çıxmır, təbii ki, radionun əsas dinləyicilərini sürücülər, maşında oturanlar təşkil edir. Maşınlar küçələrə çıxmadığından karantin dövründə radioların gəlirləri demək olar ki, 80-90 faiz azalıb. Avropa ölkələrində də ən böyük zərbə radiolara dəydi. Bəzi Avropa ölkələrində pandemiya dövründə televiziya reklam gəlirləri 30-40% azaldığı halda, radioda reklam gəlirləri 60-70% düşüb. Çox güman bizdə də radiolarla müqayisədə, televiziyalarda reklam gəlirlərində o qədər də azalma yoxdur. Amma bu qiymətləndirməni ilin sonuna yaxın aparmaqla təxminən biləcəyik ki, problemin nəticələri nə olacaq. Qeyd etmək istəyirəm ki, bizdə də, dünyada da paralel proses getdi. Karantin dövründə televiziyaya baxış kəskin surətdə artdı, digər tərəfdən isə reklam gəlirləri düşdü. İnsanlar evdə otururlar, televiziyaya baxırlar. Hazırda dəqiq proqnozlaşdırma olmur.
İldə bir dəfə, fevral-mart aylarında qiymətləndirmə keçirməyi planlaşdırırıq. Bu il imkanımız oldu, 2019-cu ilin hesabatını hazırladıq. Gələn ilin fevral-mart aylarında isə bu ili qiymətləndirəcəyik. Bu, çox vacib işdir. Bizdə həmişə deyirlər ki, televiziyada minlərlə insan işləyir. Minlərlə çox geniş anlayışdır. Artıq biz bilirik ki, Azərbaycanda audiovizual industriyada 7500 insan çalışır.
- Qeyd etdiyiniz kimi, 2020-ci ilin aprel ayına olan məlumata görə, Azərbaycanın audiovizual industriyasında 7500-dən çox işçi qüvvəsi çalışıb. Bu ilin ikinci rübünün nəticələrinə baxılsa, işçilərin sayında azalma, yoxsa artım var?
- Hazırda televiziyalarda işçi sayında kəskin azalma yoxdur. Həmişə təbii ki, bütün telekanallar kimisə işə götürür, kimisə çıxarır. Məlum olub ki, kabel televiziyaları şəbəkəsində təxmini olaraq 2 minə yaxın insan işləyir. Amma hesabat hazırlanarkən ümumi fikir var idi ki, kabel televiziyasında daha az insan çalışır.
Həmçinin bəlli olub ki, ötən il bütün Azərbaycan televiziya və radioları reklamdan 31 milyon manat gəlir əldə edib. Bu vaxta qədər bu rəqəm heç kim üçün açıq deyildi. Mətbuatda tam başqa rəqəmlər gedirdi. Bəzi məqalələrdə 6 milyon manatdan başlamış 160 milyon manata rəqəmlər qeyd olunurdu. Ancaq real rəqəm çıxdı. Bu 31 milyon ətrafında olan məbləğdir.
Vacib fakt odur ki, MTRŞ iqtisadi məsələlərə önəm verir. Televiziya, radionun inkişafından danışanda mütləq başa düşməliyik ki, maliyyə təminatı olmayan yerdə inkişaf olmayacaq. Kifayət qədər inkişaf üçün vəsait tələb olunur. 31 milyon manat gəlirin az və ya çox olması sualı ortaya çıxır. Bunu təbii ki, müqayisə etmək lazımdır. Amma böyük dövlətlərlə müqayisə aparmaq düzgün olmazdı. Çünki həmin ölkələrdə audiovizual yayımda reklam bazarının gəlirləri 1-2 milyarddan başlamış on milyardlarla ABŞ dolları ilə ifadə olunur. Azərbaycanı daha yaxın, oxşar ölkələrlə müqayisə edə bilərik. Məsələn, Gürcüstanın əhalisi Azərbaycandan 3 dəfə azdır, ÜDM-i aşağıdır. Eyni zamanda televiziya reklamı Azərbaycandan 2 dəfə çoxdur. Radio gəlirləri isə bizdən 10 faiz artıqdır. Ərazisinə görə bizdən kiçik bir ölkədir, iqtisadi durumu bizdən zəifdir, reklam gəlirləri isə çoxdur. Bu onu göstərir ki, bizdə reklam qiymətləri, xərcləri çox aşağı səviyyədədir, Azərbaycanın iqtisadi durumuna uyğun deyil. Xüsusən burada radioları qeyd etmək istəyirəm. Çox vaxt deyilir ki, Azərbaycanda xarici kanallara baxış çoxdur, insanlar türk və rus kanallarına baxa bilirlər. Ona görə bizdə televiziyada reklam gəlirləri azdır. Ancaq Gürcüstanda da, bizdə də radiolarla bağlı situasiya eynidir. Onlarda ancaq gürcü dilində, bizdə də ancaq Azərbaycan dilində radioları dinləyirlər. Lakin yenə də onlarda radio gəlirləri bizimkindən çoxdur. Deməli, burada yalnız xarici dillərdə olan televiziyalara baxmaq faktoru rol oynamır, bundan başqa faktorlar da var. Onları araşdırmaq, həm də üzərində işləmək bir az vaxt aparacaq. Ancaq əsas məqsədlərdən biri odur ki, biz televiziyaların təmin edilməsinə nail olaq. Burada məsələ dövlətin pul verməsi deyil, elə bir şərait yaradılmalıdır ki, televiziyalar reklam bazarının həcmini artırsın, həm də qazansın. Ondan sonra televiziyada inkişafdan söhbət gedə bilər.
- Dinləyicilərin daha çox Azərbaycanın radio kanallarına üstünlük verdiyini vurğuladınız. Bəs, televiziya kanalları ilə bağlı vəziyyət necədir? Azərbaycan əhalisi daha çox yerli, yoxsa xarici telekanallara baxır? Bu sahədə beynəlxalq prinsiplərə uyğun tədqiqatlar aparılırmı?
- Bununla bağlı araşdırma aparılıb. Bu da çox vacib faktordur. Biz ilk dəfə real vəziyyətin necə olduğunu göstərdik. Çünki məsələyə iki cür yanaşma var. Bir tərəf deyir ki, hamı Azərbaycan kanallarına baxır, digər tərəf isə ümumiyyətlə Azərbaycan kanallarına baxılmadığını, keyfiyyətsiz, maraqsız olduğunu bildirir. Deyirlər, indiki dövrdə bizim kanallar tam uduzur, əhalinin marağı yoxdur. Real vəziyyəti kiminsə fikrini öyrənməklə bilmək mümkün deyil. Əks fikirli insanlar həmişə olur. Bunun yeganə ölçmə mexanizmi bizdə də, digər ölkələrdə də reytinq agentliyinin nəticələridir. Dünyada cəmi 4 böyük reytinq agentliyi var. Bu şirkətlərin nümayəndəlikləri vasitəsilə ölkələrdə reytinq ölçmə aparılır. Onların verdiyi nəticələr bütün dünyada qəbul olunur. Bizdə ABŞ-ın reytinq ölçmə şirkətinin nümayəndəliyi 10 ildən çoxdur ki, fəaliyyət göstərir. Müəyyən səbəblərə görə həmin nümayəndəliyin vəziyyəti hazırda o qədər də yaxşı deyil. Onun verdiyi məlumatlar da o qədər aydın olmur. Hesabatda qeyd etmişik ki, əhalisi Azərbaycandakı qədər olan ölkələrdə keyfiyyətli teleölçmələr aparmaq üçün 800-1000 ailəni əhatə edən ölçmə paneli tələb olunur. Azərbaycanda isə hazırda 180 ailədə televiziyaya baxış fəaliyyətinin monitorinqi aparılır. Əvvəl 400 evdə bu ölçmələr aparılırdı. Sonra texniki səbəblərə görə imkana uyğun olaraq 180 evdə ölçmə aparıldı. Azərbaycanda 2019-cu ilin statistik göstəricilərinə görə ortalama televiziya baxışı 3 saat 46 dəqiqə olub. Bu göstərici bütün ölkələrdə demək olar ki, oxşardır. Elə ölkə olur televiziya baxışı 4.5 saat, elə olur 1-2 saat qeyd olunur. Buna aydınlıq gətirmək istəyirəm. Televiziya baxışının 3.5 saat olması o demək deyil ki, hər vətəndaş mütləq bu qədər vaxt televiziyaya baxır. Elə adam var ki, ümumiyyətlə televiziyaya baxmır, 1-2 faiz ailənin evində bəlkə heç televizor yoxdur. Elə insan var ki, səhər televizoru yandırır, bir də gecə söndürür. Azərbaycanda orta sayla bir evdə televiziyaya təxminən 3.5 saat baxılır. Bizdə xüsusən türk kanallarında yayımlanan seriallar populyardır. Nəticələrə əsasən, 2 saat 14 dəqiqə yerli, 1 saat 32 dəqiqə xarici kanallara baxılır. İnsanlar, adətən, həm yerli, həm də xarici kanalları izləyirlər. Hazırda Azərbaycanda əhalinin ümumi televiziya baxış vaxtının təxmini olaraq 60 faizini yerli televiziya kanallarına baxış təşkil edir. Burada bir vacib faktor da var. Bizdə həmişə deyilir ki, Azərbaycanda kanallara əsasən kabel şəbəkəsi ilə baxılır. Biz faktiki rəqəmi çıxartdıq ki, abunəçilərin sayı nə qədərdir. Əhalinin təxmini 12 faizi kabel şəbəkəsindən istifadə edir. Bu, çox deyil. Məsələn, bu göstərici Qazaxıstanda 70 faizdən çoxdur. Elə ölkə var, bu göstərici daha çoxdur. Bizdə televiziyalara ən çox peyk yayımı vasitəsilə baxılır. Bütün rayonlarda peyk yayımı ilə televiziyaya baxılır, Bakı ətrafında da peyk yayımı üstünlük təşkil edir. Tamaşaçıların təxmini 80 faizə yaxını həm yerli, həm xarici kanallara peyk vasitəsilə baxır. Ümumi olaraq təqribi 12 faiz kabel vasitəsilə ödənişli, 8-10 faiz isə standart antena ilə ancaq yerüstü yayımda olan yerli kanallara baxır.
- Keyfiyyət məsələsini vurğuladınız, sizcə Azərbaycan əhalisi yerli telekanallarda keyfiyyət dedikdə hansı faktorlara diqqət edir?
- Keyfiyyətə iki cür yanaşmaq olar. Biri vizual keyfiyyət, məsələn, HD yayım, aparıcının xarici görünüşü, müasir studiya, qrafik tərtibat və s. faktorlar. Bu istiqamətdə bizdə elə kanallar var ki, həqiqətən beynəlxalq standartlara cavab verir. Digər məsələ isə tamaşaçı marağıdır. Bəlkə sənin müasir studiyan və işıqlandırman yaxşı ola bilər, gözəl, səlis danışıqlı aparıcın ola bilər, ancaq o proqrama baxmırlar. O da ola bilər ki, aparıcının danışığı hansı isə tamaşaçı kateqoriyasında maraq doğura bilər. Gəlin, etiraf edək ki, mənzərə birmənalı deyil. Kənd və şəhər əhalisi var, gəlirləri yüksək, orta və aşağı olanlar var. Bir təbəqə üçün maraq doğuran proqram digəri üçün tam maraqsız ola bilər. Elə proqramlar var ki, texniki cəhətdən keyfiyyəti çox aşağıdır, amma tamaşaçı həmin verilişə baxır. Bu adamların haqlarına girə, məcbur edə bilmərik ki, bu verilişə baxma, o birinə bax. Bu situasiya tək bizdə deyil, digər ölkələrdə də belədir. Kimsə fikirləşir ki, məsələn, dünyanın ən keyfiyyətli xəbər kanallarından biri olan CNN ABŞ-da reytinqlərdə birinci yerdədir. Bu, səhv yanaşmadır. Onların reytinqlərinə baxdıqda CNN ilk onluq da belə olmadığı - 2019-cu ilin məlumatına əsasən 22-ci yerdədir - məlum olur. Onların auditoriyası, imici var. CNN və ya BBC-də deyilən söz əhəmiyyət daşıyır. Baxır hansı prizmadan yanaşırsan.
- Büdcəsi tam olaraq reklam gəlirləri hesabına formalaşan telekanalların sayında artım, yoxsa azalma var?
- Təxminən artıq bazar formalaşıb. Təbii ki, yeni kanallar yarana, hansısa kanalın gəlirləri arta bilər. Bizdə elə kanallar var ki, həm müəyyən dotasiya alır, həm də reklamdan gəlir əldə edir. Bu pay arta və ya azala bilər. Ancaq sırf kommersiyadan asılı olan telekanalların sayı dörddür. Dörd kanalın gəlirləri ümumi həcmin 80-81 faizini təşkil edir. Reklam gəlirlərinin 20 faizi qalan 21 kanalın payına düşür.
- MTRŞ-nın Azərbaycanda audiovizual industriyanın 2019-cu ildəki fəaliyyətinə dair hesabatında qeyd olunur ki, bu sahənin inkişaf templəri son illər Azərbaycanda müşahidə olunan sosial-iqtisadi inkişafın ümumi tempinə uyğun gəlmir. Ölkənin ümumi inkişaf tempi ilə uyğun gəlməyən məqamlar hansılardır?
- Azərbaycanda son illər ərzində həm əhalinin gəlirləri, həm dövlət büdcəsi artıb, neçə-neçə yeni şirkət yaranıb. İqtisadi baxımdan bir çox sektorda inkişaf olub. Eyni zamanda biz görürük ki, televiziya və radionun gəlirləri getdikcə düşür. Əvvəlki rəqəmlər təxmini idi. Ancaq görürük ki, bu rəqəmlər getdikcə azalır. Bir tərəfdən ölkə inkişaf edir, digər tərəfdən audiovizual industriyanın vəziyyəti ağırlaşır. Qonşu ölkələrdə müqayisə edirik, görürük ki, onlarda nisbətən stabillik var. Onlarda 1 il artır, 1 il azalır. Bizdə isə bu, davamlı surətdə azalır. Vəziyyət getdikcə ağırlaşır. Audiovizual sahənin inkişafı Azərbaycanın indiki iqtisadi durumuna uyğun deyil. Niyə uyğun deyil? Biz bu sualın üzərində işləyirik. Bir çox səbəb var. Bəzilərini hesabatda qeyd etmişik. Qanunvericilik məsələsi çox önəmlidir. Bizdə hazırda 2002-ci ilin qanunlarıdır. Artıq 18 il keçib. O vaxtdan qanunda bir neçə dəfə kosmetik dəyişikliklər olub. Ancaq dediyim kimi, bu, kosmetik dəyişikliklərdir. Təsəvvür edin, 2002-ci ildən sonra internet genişlənib, peyk televiziyası inkişaf edib, kabel televiziyası yaranıb, kanalların sayı artıb, tematik kanallar yaranıb. Yəni bütün televiziya və radio sektoru formalaşıb. Ancaq qanun köhnəlib. Açığı deyim, 2002-ci il qanunu problemlər yaradır. Bu da dolayısıyla ona səbəb olur ki, hazırda istənilən səviyyədə inkişafı görə bilmirik. Bir də uzun illər, xüsusən 2015-ci ildən sonra kanallar, radiolar, internet arası dempinq siyasəti keçirilir və reklam qiymətləri Azərbaycanda qonşu ölkələrlə müqayisədə çox aşağıdır. Ən aşağı qiymətlərdən biridir. Halbuki, hərdən bizdə deyilir ki, reklam çox bahadır.
- Azərbaycanın audiovizual industriyasının mövcud problemləri sırasında köhnəlmiş qanunvericilik bazasını qeyd etdiniz. Payız sessiyasında Milli Məclisə televiziya və radio fəaliyyəti ilə bağlı yeni qanun layihəsinin daxil olması gözlənilir. Qanun layihəsinin hazırlanmasına MTRŞ cəlb edilibmi?
- Layihə MTRŞ tərəfindən hazırlanır. Yenə deyirəm, 2002-ci ilin qanunu hazırkı dövrün tələblərinə cavab vermir. Yerinə yeni, müasir, həm də gələcəyə proqnozlaşdırılmış qanun layihəsi təklif olunacaq. Təbii ki, bu qanunu hazırlayarkən MTRŞ telekanallarla, kabel TV-lər, ekspertlər, bu industriyada çalışanlarla məsləhətləşmələr aparır. Onların fikirləri də nəzərə alınır. Artıq sənədin 90-95 faizi üzərində iş bitib. Bir neçə nüans qalıb, onlar üzərində iş gedir. Təbii ki, bu qanundan hər bir sektor tam razı ola bilməz. Kimsə istəyər ki, tam sərbəst olsun, maraqları qorunsun. Hər hansı sektorun marağını qorumaq üçün deyil, ümumi sektorlar üçün qanun hazırlanmalıdır. Təbi ki, bu, islahatdır və islahatlar da həmişə birmənalı qarşılanmır.
- Bu sahəni canlandırmaq üçün MTRŞ-nın hansı təklifləri var? Teleradio məkanında hansı islahatlara ehtiyac duyulur?
- Satış, reklam sistemi, ünsiyyət, lisenziyalaşmaya yanaşma dəyişilməlidir. Bu konsepsiya özü bir islahatdır. Bu, təbii ki, sonra müzakirəyə çıxarılacaq. Ayrı-ayrı bəndlərlə bağlı müxtəlif rəylər olacaq, diskussiyalar aparılacaq. Əsas islahat odur ki, yeni qanun tam işlək olmalıdır. Onda elə bir maddə olmamalıdır ki, gələcəkdə icra olunmasın. İndiki qanunda bir çox maddə var ki, icra olunmur, artıq köhnəlib. Bəzi təkliflər olub. Məsələn, Milli Məclisdə “Kabel şəbəkəsi haqqında” qanun müzakirəyə çıxarılmalı idi. Kabel televiziyaları 15 ildir yaranıb, hazırda Azərbaycanda kabel şəbəkələrini tənzimləyən qanun yoxdur. Qanun layihəsində belə bir maddə var idi ki, Azərbaycanda kabel şəbəkələrində göstərilən xarici kanallarda reklam vaxtı ancaq yerli reklamlar gedə bilər. Təsəvvür edin ki, Azərbaycanda 6 iri və 43 kiçik kabel operatoru var, hər operator da 150-200 kanal təqdim edir. Nəzərə alsaq ki, xarici kanallarda yayımlanan reklam bloklarının kəsilməsi üçün texniki təminat mövcud deyil, bu iş hər bir operator tərəfindən manual olaraq həyata keçirilməlidir. Bu halda, operatorların işçi və kadr potensialının buna imkan verəcəyi mümkün görünmür. Həm də, bu maddəni icra etmək üçün il ərzində kabel televiziya sektoruna azı 12 milyon manat tələb olunur. Haqlı sual ortaya çıxır ki, 12 milyon manatı kim verəcək və ya bu məbləği həmin kabel operatorları əldə edə biləcəklərmi?!
Ona görə biz Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsi ilə müzakirələr apardıq. Audiovizual qanun tam qəbul olunanda artıq ikinci qanuna ehtiyac yoxdur. Kabel şəbəkələrinin tənzimlənməsi də bu qanunda əksini tapacaq. Fikrimizcə, bu, daha düşünülmüş, dəqiq qanun olacaq.
- Qanun layihəsi adı necə olacaq?
- 2010-cu ildən başlayaraq “Televiziya və radio haqqında” qanun məfhumu qabaqcıl dünya, o cümlədən, Avropa ölkələrində artıq yığışdırılır. Bu, “Audiovizual yayım haqqında“ qanun layihəsidir. Bizim Milli Məclis, digər sektorlarla müzakirələrimiz olacaq. Layihəni payız sessiyasına təqdim etməyə çalışacağıq.
- Dünyada internet məkanı genişlənir. Azərbaycanda da internet telekanalları var və yaranır. Qanunda bu kanallarla bağlı məqamlar nəzərə alınıbmı?
- Qanunda bu məqamlar nəzərə alınıb. Məsələn, APA TV, Baku TV kimi internet kanalları var. Bu gün APA TV hər hansı kabel və ya İPTV şəbəkəsində yayımlanmaq istəsə, mövcud qanunvericilik buna imkan vermir. Yeni qanuna əsasən isə həmin kanal kabel şəbəkəsinə qoşulmaq istəyirsə, MTRŞ-ya müraciət edəcək, lisenziya (və ya icazə) alacaq və istənilən operatorla müqavilə bağlayacaq. Ümumrespublika kanalı kimi fəaliyyət göstərmək istədikdə isə, müsabiqədə iştirak edə bilər.
- Lisenziyalar və ya icazələr MTRŞ tərəfindən veriləcək?
- Ümumiyyətlə biz istəyirik ki, lisenziya və icazə məsələsinə daha liberal yanaşaq. Bir çox sahə var ki, orada xüsusi tenderə ehtiyac yoxdur. Yalnız internet, kabel, İP və digər oxşar üsullarla yayım aparan, məhdud auditoriyaya malik kanallar, sadəcə olaraq, MTRŞ-dan sadələşdirilmiş prosedur ilə lisenziya və ya icazə alır, sonra sərbəst işləyir.
Təbii ki, kanal operator şəbəkəsində yayımlananda qanun pozuntusu olsa, cəzalandırılacaq. Eyni zamanda biz qanuna çox məhdudlaşdırıcı müddəaları daxil etməyəcəyik. Çalışırıq ki, yeni qanun Avropa qanunvericiliyinə daha uyğun olsun. Biz bir neçə ölkənin qanunvericiliyini öyrəndik. Konkret hər hansı ölkənin qanunundan istifadə etməmişik, çünki hər ölkənin özəl xüsusiyyətləri var. Azərbaycana ən uyğun gələn, ən müasir olan hissələri götürüb, yerli prosesləri nəzərə alaraq qanun layihəsini hazırlayırıq.
Qanunun tətbiqi dairəsinə gəlincə, bu qanun Azərbaycan Respublikası ərazisində hər növ texniki vasitələrlə həyata keçirilən audiovizual yayım, o cümlədən istəyə uyğun yayım xidmətləri ilə əlaqədar münasibətlərdə tətbiq ediləcək.
- Keçən il Azərbaycanda ödənişli televiziya xidmətləri göstərən lisenziyalaşdırılmış 49 şirkət fəaliyyət göstərib. Bu sahədə fəaliyyət göstərən şirkətlərin sayında artım varmı?
- İlin sonuna qədər yəqin ki, artım olmayacaq. Açığı, hazırda yeni müraciət edən şirkətə lisenziya vermək o qədər də doğru olmaz. Çox lisenziyanın forması dəyişəcək. Hazırda çoxsaylı müraciət yoxdur. Əsas böyük 6 şirkət var, digərləri daha kiçikdir. Müraciət olsa, baxacağıq.
- İnternet üzərindən televiziya xidmətləri göstərən şirkətlərin statistikası aparılırmı?
- Hazırda Şura onları lisenziyalaşdırmır, bu kanalların statistikası, tənzimlənmə mexanizmləri yoxdur. Qabaqcıl dünya və Avropa ölkələrinin özündə də bu məsələ hələ ki, tam həllini tapmayıb. Biz də, Şura olaraq, onların təcrübəsini öyrənib onu tətbiq etməyə çalışacağıq.
- Keçən il yerli serialların çəkilişinə xərclənən məbləğin 90%-dən çoxu dövlətdən və kommersiya strukturlarından dotasiya almayan 3 özəl telekanal tərəfindən cəlb olunub. Bu, ölkədə yerli teleserialların özünü doğrultduğunu və özəl telekanalların da bu səbəbdən yeri teleseriallara vəsait ayırmaqda maraqlı olduğunu deməyə əsas verirmi?
- Təbii ki, bu maliyyə vəsaitini kommersiya kanalları ödəyir. Kommersiya kanalları pulu o zaman ödəyir ki, onun gəliri olsun. Gəlir olmasaydı, yerli seriallara baxılmasaydı, özəl kanallar serial çəkilişlərinə 7 milyon manat deyil, heç 700 min də xərcləməzdi. Maliyyə vəsaitini o zaman verirlər ki, seriala baxış çox olur, gəlir əldə edilir. Sual verə bilərsiniz ki, bu məbləğ çoxdur, ya az. Azərbaycanda gündəlik serialın qiyməti təxminən 2500 manat civarındadır. Həftədə bir dəfə olan serialların qiyməti isə 5-15 min manat arasında olur. Dünyada bəlkə də seriallara ən az xərc çəkən ölkələrdən biri də Azərbaycandır. Heç kim inanmır ki, bu qiymətə Azərbaycanda serial çəkmək olar, deyirlər ki, mümkün deyil. Serialların bir seriyasına xərclənən pul çox azdır. Kanal serialın keyfiyyətini qaldırmaq üçün bir seriyasına gərək daha çox maliyyə ayırsın. Bunu etmək üçün isə kanal xərclədiyi vəsaitdən daha çox qazanmalıdır. Bu halda ümumi reklam bazarı qalxmalıdır. Nə vaxt reklam bazarının inkişafına nail olacağıqsa, kanallar yaxşı gəlir əldə edəcək, onda seriallar da daha çox və daha keyfiyyətli olacaq, həmçinin, bu sahədə işləyən əməkdaşların da gəlirləri artacaq.
- Yerli seriallardan danışdıq. Belə görünür ki, MTRŞ yerli teleseriallarda keyfiyyət, qayda pozuntuları ilə bağlı kanalları cərimələmək niyyətində deyil...
- Artıq 7 ildir ki, Azərbaycanda seriallar dövlət tərəfindən maliyyələşdirilmir. Serialların maliyyələşdirilməsi iki dəfə olub - 2011-ci və 2013-cü illərdə. Qanunlar var, serialda qanun pozuntusu olanda kanal cərimə olunur. MTRŞ mütəmadi olaraq kanallarla işləyir. 1-2 ay əvvəl bir çox kanal qaydaları pozduğu üçün cərimələndi. Çox sevindirici haldır ki, artıq bu cür qayda pozuntularının sayı azalıb. Qanun pozuntuları çox nadir hallarda baş verir. Şuranın rolu cərimələmək deyil. Şura cərimələyirsə, demək kanallar qanunlara uyğun işləmir.
- Bildirdiniz ki, sentyabr-oktyabr aylarında telekanalları çətin vəziyyət gözləyir. Vəziyyətdən çıxarmaq üçün hansısa təkliflər üzərində işlənilirmi?
- Bu məsələ ümumi dövlət strategiyası çərçivəsində həllini tapsa, yardım edilsə, müsbət təsiri olar. Amma başa düşürük ki, hazırda televiziyalardan daha çox əziyyət çəkən sektorlar var. Onlara daha çox dəstək gərəkdir. Televiziya 30 faiz itirə bilər, ancaq 90-100 faiz itirəcək sektorlar olan yerdə həm vətəndaşlar, həm də qurumlar elə yanaşmalıdır ki, dövlət büdcəsi səmərəli istifadə olunsun.
Bu məsələyə dövlətin maliyyə və iqtisadi sahələrinə cavab verən qurumları tərəfindən baxılmalı və qiymət verilməlidir. Bu yanaşmada istərdik ki, pandemiyaya qarşı mübarizədə, o cümlədən, xüsusi karantin rejimi dövründə televiziya və radio sahəsi əməkdaşlarının fasiləsiz və səmərəli fəaliyyəti nəzərə alınsın.