Ana Sayfa > Mədəniyyət > “O qəzadan salamat çıxmağım möcüzədir”

“O qəzadan salamat çıxmağım möcüzədir”


30-09-2015, 09:51. Yazar: admin
“O qəzadan salamat çıxmağım möcüzədir”
Uzun müddətdir ki, tanınmış müğənni, əməkdar artist Baloğlan Əşrəfovun üzərində qara buludlar gəzir. Onu “bəla” hərləyir desək, yəqin ki, yanılmarıq. Belə ki, yeni mövsümə başlar-başlamaz, ifaçının ölüm xəbərini eşitdik. Reytinq xətrinə yarışa girən bəzi saytlar əməkdar artistin öldüyünü yazdılar. Xəbəri oxuyub, eşitdiyimizə inanmadıq. Müğənni ilə əlaqə saxladıq. Şükürlər olsun ki, onun səsini eşidib, informasiyanın yalan olduğunu öyrəndik.

İndi də B.Əşrəfovun ağır yol qəzası keçirdiyi xəbər yayılıb. Xəbər gündəmin əsas mövzusuna çevrilib. Bu dəfə isə faktlarla, şəkillərlə qəza xəbəri saytlarda yer aldı. Növbəti dəfə xəbəri dəqiqləşdirmək və əməkdar artistin hal-əhvalını xəbər almaq üçün onunla əlaqə saxladıq. İfaçı vəziyyətinin yaxşı olduğunu, böyük bir bəlanın ondan yan keçdiyini bildirdi.

“Kaspi”-yə müsahibəsində Baloğlan Əşrəfov bundan sonra onun haqqında yanlış informasiya yazanlarla məhkəmədə görüşəcəyini və belə şeylərlə zarafatın yersiz olduğunu dedi. Qeyd edək ki, müsahibə zamanı onun əsəbi olduğu hiss edilirdi...

- Baloğlan müəllim, eşitdik ki, qəza törətmisiniz. Xəbəri dəqiqləşdirmək istədik. Eşitdiklərimiz doğrudurmu?

- Bəli, eşitdikləriniz doğrudur. Artıq internetdə qəzanın necə baş verməsi şəkilləri yerləşdirilib. Allahıma şükürlər olsun ki, bu gün sağ-salamatam. O qəzadan salamat çıxmağın özü Allahın möcüzəsidir. Haqqımda yayılan bu xəbər faktlarla göstərilib.

- Bəs, qəza hadisəsi necə baş verdi?

- Hadisə idi oldu, keçdi. Mən o dəqiqələri bir daha xatırlamaq istəmirəm. Əsas odur ki, sağam, həyatdayam. Allahın da izni ilə xətasız-bəlasız böyük bir qəzadan qurtulmuşam. Nə qarşı tərəfdə, nə də bizdə ölüm-itim yoxdur. Bir az maşınlarımız əzildi. Dəmir parçasıdır, cəhənnəmə əzilsin. Təki canımız sağ olsun. Yerdə qalan şeylər hamısı boşdur, düzələn şeylərdir.

- Xatırlamırsınız, yoxsa necə?

- Heç bilmirəm necə deyim, hər şey gözlənilməz oldu. Bibim oğlu ilə birgə gedirdik, qəflətən qəza oldu. Hadisə zamanı özümü çox pis hiss elədim. İndi-indi özümə gəlirəm. Allahın köməyi ilə hər şey yaxşı olar. Amma keçirdiyim həyəcan sözlə ifadə olunacaq deyil.

- Bundan bir neçə həftə öncə sizin ölüm xəbəriniz yayılmışdı. Sizə elə gəlmirmi ki, sanki üzərinizdə qara buludlar gəzir.

- Bəli. Ümumiyyətlə, heç nəyi dəqiqləşdirmədən elə bəd xəbər yazmaq birbaşa cinayətdir. Ancaq budəfəki qəza faktdır və faktı da gizlətmək olmur. Bir də var ki, kimisə yalandan “öldürüb” onun haqqında xəbər yayırlar. Buradan jurnalistikadan xəbəri olmayan “yazarlar”a səslənirəm, bir də kimsə mənim haqqımda yalandan xəbər versə, o jurnalisti məhkəməyə verəcəm. Jurnalist nəsə yazarkən ilk olaraq əlindəki faktlara əsaslanmalıdır. Əgər onun əlində fakt yoxdursa, ağzına gələni yazmamalıdır. Bu dəfəki qəzanı danmaq olmur. Bir də var kiminsə kefinə düşür ki, filankəsi “öldürək” və yazaq. Belələri öz peşəsinə xələl gətirir.

- Qeyd etdiniz ki, yanlış informasiya verən media əhlini məhkəməyə verəcəksiniz. Bəs haqqınızda yanlış informasiya verən jurnalisti necə, cəzalandırdınızmı?

- Xeyr, vermədim. Bilirsən qızım, vəziyyət bir qədər başqadır. Mənə bu yaşımda kimisə məhkəməyə vermək yaraşmaz. İşim-gücüm qurtarıb ki, hansısa bir axmağın yazdığı sözlərin əsasında onu məhkəməyə verim? Cəhənnəmə yayıb, heç salamat da yaymasın. Hər şeyin iki başı var. Olmadı elə, oldu belə. Birdən dönüb gəlib mənim başıma düşər. Nəyimə lazımdır? Bir az hörmət qazanmaq və saytlarında xəbərin oxunma sayının çox olmasını istəyən jurnalistlər bu cür hərəkətlə Allahın qəzəbinə gələ bilər. Allahdan qorxsunlar. Həqiqəti yazan bütün jurnalistlərə Allah can sağlığı versin. Həqiqət göz qabağındandı. Mən o boyda nüfuz sahibi, hörmət qazanan adam gedim o “jurnalist”i məhkəməyə verim, elə bütün günüm məhkəmələrdə keçsin? Sonra başımı ağrıdacaqlar, məcbur olub bağışlayacam. Bu, mənə lazımdırmı? Allah onun cəzasını versin. Bundan öncə haqqımda yazılan yalan xəbərlər o “bicbala” doğulan adamların işləridir. Onlar kimdir ki, mən onlara vaxtımı sərf edim? Böhtan atıbsa, cəhənnəmə atsın, heç salamat da atmasın. Mənim dilimdən yazın ki, faktla olan şeylərə heç kim bir söz deyə bilməz. Əks təqdirdə, yalan informasiya yazanlarla bundan sonra məhkəmədə görüşməyə məcbur olacam.

- Haqqınızda yayılan xoşagəlməz xəbərlər sizə psixoloji təsir edirmi?

- Artıq öyrəncəliyəm. Məni Allah qoruyubsa, bir-iki nəfər o dılğır bəndələrin yalnız qara qarğalar kimi qarıldamaqdan başqa əllərindən bir şey gəlməz. Onlar başa düşmürlər ki, mənim haqqımda yalan məlumatlar yaymaqla xeyrimə işləyirlər. Məni daha çox gündəmə gətirirlər. Bir sözlə, haqqımda yalan informasiya yazanları insan hesab etmirəm.

P.S: Qeyd edək ki, 2007-ci ilin yazında Baloğlan Əşrəfov qaraciyər serrozundan əziyyət çəkirdi. O, bu diaqnozla ağır vəziyyətdə Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilmışdı. Daha sonra isə Türkiyədə yaşayan məşhur iş adamı, “Palmali” şirkətinin prezidenti, həmyerlimiz Mübariz Məsimovun maliyyə yardımı ilə qardaş ölkəyə aparıldı. Uzun müddət orada müalicə alan sənətkara qaraciyər köçürüldü. Son nəticədə ağır xəstəliyə qalib gələn müğənni hazırda sağlam şəkildə sənətçi fəaliyyətini davam etdirir.

Geri dön