Ana Sayfa > Mədəniyyət > Professor Tofiq Əbdülhəsənli – 70: Sözün, Fikrin və Ziyalılığın Yubileyi Elmə və pedaqoji fəaliyyətə həsr olunmuş mənalı ömür
Professor Tofiq Əbdülhəsənli – 70: Sözün, Fikrin və Ziyalılığın Yubileyi Elmə və pedaqoji fəaliyyətə həsr olunmuş mənalı ömür20-12-2025, 15:15. Yazar: admin |
|
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru, tanınmış alim və pedaqoq Tofiq Əbdülhəsənli bu günlərdə 70 illik yubileyini qeyd edir. Bu əlamətdar tarix onun zəngin elmi-pedaqoji fəaliyyətinin, milli təhsil və elm sahəsində göstərdiyi xidmətlərin təntənəli yekunu və yeni mərhələsinin başlanğıcıdır. Azərbaycan elmi və mədəni mühitində özünəməxsus imzası ilə seçilən, filologiya elmləri doktoru, professor, publisist və ziyalı Tofiq Əbdülhəsənli bu il ömrünün 70-ci baharını yaşayır. Bu yubiley təkcə bir insanın həyat tarixi deyil, həm də elmə, təhsilə, jurnalistikaya və mədəniyyətə həsr olunmuş zəngin bir ömrün hesabatıdır. Sözə, düşüncəyə və milli kimliyə yüksək dəyər verən Tofiq müəllimin elmi və publisistik fəaliyyəti bu gün Azərbaycan intellektual mühitinin formalaşmasına ciddi təsir göstərir. Neftçala torpağında dünyaya göz açan Tofiq Əbdülhəsənli gənc yaşlardan ədəbiyyata, dilə və söz mədəniyyətinə duyduğu marağı peşəkar fəaliyyətə çevirə bilmiş ziyalılardandır. Bakı Dövlət Universitetinin Filologiya fakültəsində aldığı təhsil onun gələcək elmi fəaliyyətinin möhkəm təməlinə çevrildi. Həm ali təhsil aldı, həm də istehsalatda çalışdı. Heç vaxt yolun asanını seçmədi. Ordu sıralarında da oldu, dövrün qayda-qanunu ilə əsgəri borcumu yerinə yetirdi. Ali təhsilli mütəxəssis kimi ilk iş yeri “Gənclik” nəşriyyatı oldu. Klassiklərdən tutmuş, müasir ədəbiyyatın ən görkəmli nümayəndələrinə qədər – Mirzə İbrahimov, Xəlil Rza Ulutürk, Musa Cəlil, Söhrab Tahir, Sabir Rüstəmxanlı və digər yazıçıların əsərlərinin – kitablarının redaktoru olmaq onun üçün çox qürurverici idi. Kitaba, ədəbiyyata çox həris idi. Kitabları oxuduqca bəzən onların təkcə necə yazıldığı ilə deyil, hansı şəraitdə, hansı proseslərlə araya-ərsəyə gəldiyi barədə də fikirləşərdi. Azərbaycanın klassik və müasir yazıçılarının əsərlərini, rus və dünya ədəbiyyatının nümunələrini oxuyardı. “Gənclik" nəşriyyatında redaktor kimi altı ilə qədər - 1985-1990-cı illərdə çalışdı. Orada çox təcrübə topladı. Onun fikrincə, redaktə etmək elə yazmağa bərabərdir, bəlkə də, daha çətindir. Bəziləri düşünürlər ki, yazmağı bacarmasan da, redaktə işi ilə məşğul ola bilərsən. Belə deyil. Moskvada Mətbuat İnstitutunda təhsil alarkən bunu bir daha dərk etdi. Azərbaycan Dövlət Radio və Televiziyasında verilişləri səslənmişdi, dövri mətbuatda oçerk və məqalələri dərc olunmuşdu. Beləcə, bu dəfə yollar Tofiq müəllimi jurnalistikaya gətirdi. 1991-ci ildən rəsmi dövlət qəzeti olan “Azərbaycan”da işləməyə başladı. Bu mətbu orqanda iqtisadiyyat şöbəsinin müdiri idi (2002-ci ilədək). İqtisadi biliklərimi artırmaq, qəzetin yazarlarının və müxbirlərinin məqalələrini daha səriştəli redaktə etmək üçün İqtisad Universitetində ikinci ali təhsil aldı. Bu, həmin illər idi ki, məlum səbəblər üzündən tənəzzülə uğramış ölkə iqtisadiyyatı dirçəldilir, bazar iqtisadiyyatı tətbiq olunur, torpaq islahatı aparılır, beynəlxalq şirkətlərlə neft müqavilələri imzalanır, ixrac marşrutları çəkilirdi və s. Və bütün bu, eləcə də müstəqilliyini təzəcə bərpa etmiş respublikamızın iqtisadiyyatı üçün digər taleyüklü məsələlər qəzet səhifəsində istər şöbənin müdiri, istərsə də əməkdaşları tərəfindən operativ və tam dolğunluğu ilə işıqlandırılırdı. 15 illik həmin missiyanı Tofiq müəllim digər bir iqtidar qəzetində - “Respublika”da da uğurla davam etdirdi. 2003-2018-ci ilədək “Respublika” qəzetində şöbə müdiri olaraq çalışdı. Bu da gündəlik bir qəzet idi və hər yeni nömrəsində günün tələb etdiyi aktual mövzularda yazılarımız dərc olunurdu – həm mənim, həm də rəhbərlik etdiyim şöbənin. Bir sözlə, ömür qatarı irəliləyirdi, bəlkə də, şütüyürdü. Dövri mətbuatın arı pətəyi kimi qaynayan həyatını yaşamağa, kərpic-kərpic ev-eşik qurmağın çətinliyinə, üç körpənin atası olmağın məsuliyyətinə paralel olaraq ömür qatarında elm də daim onunla idi. Hələ universitetin filologiya fakültəsində təhsil alarkən müasir Azərbaycan ədəbiyyatını, xüsusilə də siyasi lirikanı mükəmməl öyrənməyə çalışırdı. Bəxtiyar Vahabzadəni, Xəlil Rza Ulutürkü, Məmməd Arazı, Sabir Rüstəmxanlını dönə-dönə oxuyurdu. Diplom işini ustadı Ulutürkün yaradıcılığına həsr etmişdi. Diplom rəhbəri, filologiya elmləri doktoru, professor Cəlal Abdullayev işindən çox razı qalmışdı və bu mənə böyük həvəs və stimul vermişdi. Professor tövsiyə etmişdi ki, bu yolu davam etdirsin. Beləliklə, “Müasir Azərbaycan şeirində siyasi lirika” adlı namizədlik dissertasiyasını yazdı və müvəffəqiyyətlə müdafiə etdi. Bu tədqiqatatın mərkəzində Rəsul Rzanın, Xəlil Rza Ulutürkün, Bəxtiyar Vahabzadənin, Cabir Novruzun, Sabir Rüstəmxanlının, Söhrab Tahirin və poeziyamızın digər görkəmli nümayəndələrinin siyasi lirikası dayanır. Elmi axtarış elə bir məşğuliyyətdir ki, başladınsa dayanmaq olmur. Bu yolda bir axtarışdan digərinə, bir tapıntıdan digərinə doğru gedirsən. Bir sualdan yeni birisi doğulur və onun cavabı üçün bir az da irəliləyirsən. Filologiya sahəsində də təxminən belədir. Mövzunu, əsərləri öyrəndikcə, tədqiq etdikcə daha bir kamillik görürsən və onu dərindən təhlil etmək, öyrənmək, gəldiyin elmi qənaətləri hamıyla bölüşmək istəyirsən. Doktorluq dissertasiyasının üzərində işini də şərtləndirən elə bu dedikləri oldu. Sonrakı illərdə elmi axtarışlarını genişləndirərək filologiya elmləri doktoru elmi dərəcəsinə yüksəldi və uzun illər Azərbaycan ali təhsilində özünəməxsus elmi məktəb yaratdı. Artıq neçə illərdir. Tofiq müəllimin ömür qatarının sərnişinləri arasında tələbələri də var. Azərbaycan Dövlət İqtisad Universitetində Azərbaycan dili kafedrasının müdiridir. Hörmətli rektor, professor Ədalət Muradovun rəhbərliyi ilə bu universitet Azərbaycanın və dünyanın ən nüfuzlu, ən qabaqcıl təhsil ocağına çevrilib. Burada işləməklə qürur duyur. Çalışır ki, bir müəllim olaraq da etimadı doğrultsun. Çünki müəllim adının məsuliyyəti böyükdür. Ulu Öndərimiz Heydər Əliyevin: “Mən yer üzündə müəllimdən yüksək ad tanımıram” sözləri harada işləməsindən asılı olmayaraq hər bir müəllimin boynuna böyük məsuliyyət yükü qoyur. Tofiq müəllim bu sözləri cəmiyyətə bir mesaj kimi də qəbul edir. Belə ki, müəllim hər yerdə sayılıb-seçilən insan olmalıdır və bu hörməti, nüfuzu təbii ki, ilk növbədə özü qazanmalıdır. Tofiq Əbdülhəsənli tələbələrinə qayğı ilə yanaşır. Onlar da Tofiq müəllimə hörmət bəsləyirlər. Zəngin dilimiz, onun ifadə imkanlarının genişliyi və bu kimi mövzularda keçdiyi dərsləri həmişə marağa, müzakirə və diskusiyalara çevrilir. Tofiq müəllim uzun illərdir ki, filologiya elminin aktual problemlərinin araşdırılması, yüksəkixtisaslı kadrların hazırlanması və elmi məktəbin formalaşdırılması istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyət göstərir. Onun elmi tədqiqatları müasir filoloji düşüncənin inkişafına mühüm töhfələr verməklə yanaşı, praktiki əhəmiyyəti ilə də seçilir. Professorun müəllifi olduğu elmi məqalələr, dərsliklər və metodik vəsaitlər həm ölkə daxilində, həm də xaricdə elmi ictimaiyyət tərəfindən maraqla qarşılanır. Tofiq Əbdülhəsənli təkcə məhsuldar alim deyil, eyni zamanda tələbələrin sevimli müəllimi, gənc tədqiqatçıların etibarlı elmi rəhbəridir. Onun pedaqoji fəaliyyəti yüksək peşəkarlıq, obyektivlik, tələbkarlıq və humanist dəyərlərə söykənir. Tofiq müəllimin rəhbərliyi ilə yetişən çoxsaylı magistr və doktorantlar bu gün ölkənin müxtəlif elm və təhsil müəssisələrində uğurla fəaliyyət göstərirlər. Professor Tofiq Əbdülhəsənlinin elmi və pedaqoji xidmətləri dövlət və ictimaiyyət tərəfindən dəfələrlə yüksək qiymətləndirilmiş, müxtəlif fəxri ad və mükafatlarla təltif olunmuşdur. O, UNEC-in akademik nüfuzunun artmasında, universitetin elmi mühitinin zənginləşməsində mühüm rol oynayan simalardandır. 70 illik yubiley münasibətilə hörmətli Tofiq müəllimi səmimi-qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, elmi və pedaqoji fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq. Arzu edirik ki, elmə və gənc nəslin təlim-tərbiyəsinə həsr olunmuş bu dəyərli ömür yolu bundan sonra da işıqlı nailiyyətlərlə davam etsin. Yubileyiniz mübarək! Azərbaycan Dövlət İqtisad Univetsitetinin
Azərbaycan dili kafedrasının dosenti Çinarə Qəhrəmanova Geri dön |