Ana Sayfa > Mədəniyyət > Xalqdan qazandığını xalqa xərclədi
Xalqdan qazandığını xalqa xərclədi20-05-2015, 09:36. Yazar: admin |
Hər kəsin eşitdiyi bir deyim var, deyərik ki, “Əl tutmaq Əlidən qalıb”. Kimisi bunu açıq-aşkar şəkildə edər, özünü nüfuzlu göstərməyə çalışar, kimisi də “Sağ əlin verdiyini sol əl bilməz” deyibən etdiyi yaxşılıqları içtimailəşdirməz. Bu misalları bütün insanlara şamil etmək olar. El şənliklərindən yüksək gəlir əldə edən şou nümayəndələrinin bəzən efirlərə çıxıb, uşaq evlərindəki çıxışlarından, kimsəsizlərə verdikləri konsertlərdən ağız dolusu danışdıqlarını eşidəndə adam məəttəl qalır. Bu azmış kimi, kimsəsizlər evində ifa etdikləri 2-3 mahnını da mətbuat katibləri vasitəsilə xəbər şəklində paylaşdırırlar, özü də utanıb-qızarmadan. Bu günlərdə muğam ifaçısı Elnarə Abdullayeva Qobustanın Çüxanlı kəndinə çəkdirdiyi 12 bulağın açılışını keçirərək mətbuat nümayəndələrini ətrafına cəmləşdirdi. İndiyə qədər xeyirxah əməllərini dilə gətirməyən xanəndə bu dəfə digər ifaçılara bir növ nümunə göstərmək istədi. İlin ən varlı müğənniləri seçilən ifaçılarımız belə bir addımı atmağa cürət etməsə də, o, qazandıqlarını illər ərzində yığaraq doğulduğu kəndə su çəkdirdi. Bu işə 200 min manat xərcləyən ifaçı mətbuata açıqlamasında su çəkdirmək qədər savab iş gördüyünü və anası rəhmətə getdikdən sonra bu qərara gəldiyini bildirdi: “Bunu mən etmədim. Allah bunu mənə qismət etdi. Bu işi mən istəyə bilərdim, amma alınmaya da bilərdi. Yəqin ki, qazanılan ruzidə olan halallığı gördüyü üçün bu savab işi görməyi mənə qismət etdi. Hər şeyi verən və yazan Allahdır. Allah mənim balaca fikirləşdiyim işi tamamilə həyata keçirməyimə kömək oldu. Bir insanın gücünün çata bilməyəcəyi bir şey idi. Çox şükür ki, Allahın köməkliyi ilə bu istəyim həyata keçdi. Allahdan çoxlu ruzi istəyirəm”. Elnarə öz camaatının, millətinin qədrini bilməyənin qıraq-bucağın da qədrini bilməyəcəyini deyərək həmkarlarına ismarış da göndərib: “Mən bu kənddə böyüyüb boya-başa çatmışam. Biz ömür boyu sudan əziyyət çəkmişik. Heç mənim ağlıma gəlmirdi ki, mən böyüyəcəyəm, illərlə 5-10 manat üst-üstə yığdığım pulları belə bir savab işə xərcləyəcəyəm. Mən bu işdən ötrü evlərimi və qızıllarımı satmışam. Onları Allah rizası üçün istifadə etmək məqsədilə yavaş-yavaş yığmışdım. Bunu da sevə-sevə elədim. Heç kimsə deyə bilməz ki, sən bunu elə. Çünki bu elə bir işdir ki, qəlbində Allah eşqi olmasa, onu eləyə bilməzsən”. Biz də sənət adamları arasında sorğu keçirmək qərarına gəldik. Onlardan belə bir istəklərinin olub-olmadığını soruşduq. Eyni zamanda Elnarə Abdullayevanın bu addımına da bir münasibət öyrənmiş olduq. Biz bu xalqın pulu ilə dolanırıq Əməkdar artist Baloğlan Əşrəfov “Kaspi”-yə açıqlamasında əgər qazancı çox olsa, uşaqlar evinə yardım edəcəyini bildirdi: “O qədər yardıma möhtacı olan kasıb ailələr var ki. Elnarə Abdullayevanın bu hərəkətini təqdirəlayiq hesab edirəm. Ancaq mənim doğulduğum bölgədə - Masallının kəndində, şükürlər olsun ki, heç bir təmirə ehtiyacı yoxdur. Çünki dövlət tərəfindən yollarımız, parklarımız salınıb. Rayondakı evim düz yolun kənarındadır. Əgər doğulduğum ərazidə elə bir ehtiyac yaransa, öz kömək əlimi uzadaram. Burada heç bir problem yoxdur. Əslində bu tip layihələr daha çox olmalıdır ki, digərlərinə nümunə olsun. Biz bu xalqın pulu ilə dolanırıq. Qazandığımız pulun bir miqdarını da onlara xərcləməliyik. Bu olmalıdır. Ancaq elə ifaçılar var ki, onların istəyi, tələbatı tamam başqadır. Bəzən görürük ki, onlar bir qədər insafdan kənar danışırlar. Hər kəs gücü çatdığı qədər etsə, məncə, yollarımız, rayonlarımız daha da abadlaşar. Elnarə xanımı bu hərəkətinə görə alqışlayıram”. Pul yığmağı deyil, xərcləməyi sevirəm Xalq artisti Gülyanaq Məmmədova isə hər bölgənin bir xeyirxah insanı olduğunu, əməlləri ilə qohum-əqrəbalarının hörmətini qazandığını diqqətə çatdırdı: “Deyirlər, pul çox olanda Allah adamın ağlını alır. Allah bizi o gündən qorusun (gülür). Mən xeyirxahlığı sevirəm. Kaş mənim çoxlu pulum olsun, çoxlu xeyir işlər görüm. İndi də əlimə 5-3 manat pul düşəndə qazancıma görə, gücüm yetdiyi qədər ətrafımdakı insanlara köməklik etməyə çalışıram. Pulu yığıb, üstündə oturmağı sevmirəm. Qoy əlimə pul düşsün ki, mən də onu istədiyim şəkildə xərcləyim. Pul yığmağı deyil, xərcləməyi sevirəm. Pulum olsa, doğulduğum kənddə şəhər salardım”. İfaçı Elnarənin bu hərəkətini alqışlayaraq, davamlı olmasını dilədi: “O, uzun müddət idi ki, bu layihəyə başlamışdı, axır ki, başa vurdu. Bulağın açılışına məni də dəvət etsə də, təəssüflər olsun ki, Naxçıvanda olduğum üçün oraya gedə bilmədim. Hazırda bizim kəndimizin hörmətli millət vəkili Cavanşir Feyziyev kimi xeyirxah nümayəndəsi var. O, bizim kəndimiz üçün çox şey edib. C.Feyziyev kəndimizin xeyirxah oğludur. Bütün kənd əhalisi onu sevir, hörmət edir. Müəyyən imkanı olduğu üçün doğulduğu kəndin abadlıq işləri ilə məşğuldur. Oradakı insanlar üçün əlindən gələni edib – məktəb tikdirib, qaz çəkdirib, yolları düzəltdirib. Mən də o kəndin bir nümayəndəsiyəm. Elə bilirsiniz imkanım olsa, öz kəndim üçün heç nə etmərəm? İnsan dünyaya bir dəfə gəlir. Kimsə özü ilə o biri dünyaya bir şey aparmır. İnsana ancaq yaxşı əməlləri qalır. Biz də əlimizdən gələni edirik”. Hər kəs xeyirxah işlər görmək istəyir Xalq artisti Alim Qasımov açıqlamasında xanəndənin böyük addım atdığını, bunun bir örnək ola biləcəyini bildirib: “Hər kəs xeyirxah işlər görmək istəyir. Elnarənin atdığı bu addımı yüksək qiymətləndirirəm. Ümumiyyətlə, su saflıqdır, təmizlikdir. Kəndə bulaq çəkdirməyi də Allah Elnarəyə qismət edib. Fəxr edirəm ki, həmkarımız belə bir xeyirxah iş görüb. Qoy, bu bulaqlar Elnarə bulaqları olaraq tarixə düşsün. Bir daha təbrik edirəm”. Elnarəyə həsəd apardım Müğənni Namiq Qaraçuxurlu isə hər bir insanın həyatda müəyyən günahları olduğunu, onları yumaq üçün mütləq xeyirxah əməllər görməli olduqlarını xatırlatdı: “Savab qazanmaq hər bir bəndənin borcudur. Mən Allahdan qorxan, hər zaman o biri dünyanı düşünən insan olmuşam. O biri dünyaya üzüağ getmək üçün əlimdən gələn yaxşılıqları etməyə çalışmışam. Şükürlər olsun ki, Allah-təala mənə azdan-çoxdan pul yetirir, onunla kasıb insanlara da əl tuturam. Onların dolanışıqlarına bacardığım qədər kömək edirəm. Əgər pulum çox olsaydı, daha çox kasıblara köməklik edərdim. Qaraçuxur qəsəbəsində bəzi yolların da təmirə ehtiyacı var. Düzdür, dövlət tərəfindən Qaraçuxura xüsusi diqqət ayrılır. Ancaq il ərzində yollarda müəyyən problemlər yaranır deyə, buna həqiqətən ehtiyac var. Əlimdə imkanım olsaydı, böyük məmnuniyyətlə edərdim. Elnarə xanımın bu cəsarətini mən saytlardan izlədim. Sözün əsl mənasında ona həsəd apardım. Bu, insanın ömürlük alnıaçıq, üzüağ olması deməkdir. Allah qismət edərsə, əlimizə imkan düşər, biz də edərik”. Doğrudan da, bəzi ifaçılar xaricdə çəkilən mənasız kliplərə, bahalı maşınlara milyonlar xərcləməkdənsə Elnarə Abdullayevadan ibrət götürsələr, daha yaxşı olar. Hər bir ifaçı öz ölkəsindən, xalqından qazandığı puldan müəyyən qədər onların rifahı üçün xərcləsə, halallıq olar, özləri də xalqın gözündə hər zaman yüksəklərdə dayanarlar. Geri dön |