Ana Sayfa > Mədəniyyət > "Yaşar Nuri hər zaman nazirliyin diqqətində olub" - rəsmi açıqlama

"Yaşar Nuri hər zaman nazirliyin diqqətində olub" - rəsmi açıqlama


29-10-2021, 10:48. Yazar: admin
"Yaşar Nuri hər zaman nazirliyin diqqətində olub" - rəsmi açıqlama

"Görkəmli teatr və kino aktyoru, Xalq artisti, dövlət mükafatı laureatı Yaşar Məmmədsadıq oğlu Nuriyev daim dövlətin və Mədəniyyət Nazirliyinin diqqətində olub".

Bu barədə Mədəniyyət Nazirliyindən Musavat.com-un sorğusunu cavablandırarkən bildirilib. Qurumdan qeyd edilib ki, mərhum sənətkar 2012-ci ildə xəstə olduğu müddətdə Türkiyədə müalicə olunub və bütün müalicə xərcləri nazirlik tərəfindən ödənilib:

"2016-cı ilin noyabr ayının 15-də Mədəniyyət Nazirliyinin müvafiq əmrinə əsasən Akademik Milli Dram Teatrında Xalq artisti Yaşar Nuriyevin 65 illik yubileyi münasibəti ilə təntənəli xatirə gecəsi keçirilib.

Sənətkarın 65 illik yubileyi münasibəti ilə Mədəniyyət Nazirliyinin sifarişi ilə “Yaddaş” sənədli filmlər studiyasında “Yaşar Nuri” adlı sənədli film hazırlanıb.

Cari ilin 3 sentyabr tarixində nazirliyin "Mədəniyyətimizin simaları" layihəsi çərçivəsində görkəmli aktyorun 70 illiyi münasibətilə “Yaşar Nuri – 70” adlı maarifləndirici videoçarx hazırlanıb, rəsmi sosial media hesabları (Facebook, Instagram, Twitter) və “Youtube” kanalı (https://www.youtube.com/watch?v=YOv8GloC6n8) vasitəsilə ictimaiyyətə təqdim edilib.

Qeyd edək ki, tanınmış teatr və kino aktyoru Yaşar Nurinin 70 illiyinə həsr edilən yubiley tədbiri 3 noyabr 2021-ci il tarixində Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında saat 19:00-da keçiriləcək. Tədbirdə Yaşar Nurinin sənət dostları və yaxınları, doğmalarının da iştirakı nəzərdə tutulur".

Xatırladaq ki, bir neçə gün öncə mərhum Xalq artisti Yaşar Nurinin qızı Ülkər və həyat yoldaşı Rəhimə Nuriyeva maddi sıxıntılarının olmasından, sənətkarın 70 illiyində mədəniyyət qurumları tərəfindən heç bir diqqət görməməsindən gileylənmişdilər.


Geri dön