Ana Sayfa > Manşet > Rusiyanın Azərbaycanı ram etmək planı: Kremlin yeni vasitəçilik təşəbbüsü də iflasa uğrayacaq
Rusiyanın Azərbaycanı ram etmək planı: Kremlin yeni vasitəçilik təşəbbüsü də iflasa uğrayacaq12-11-2015, 15:10. Yazar: admin |
|
Rusiya Qarabağ danışıqlarında təşəbbüsü ələ almaq istəyir. Rusiya diplomatları münaqişə ilə bağlı yeni layihələr təkliif edirlər. Bununla yanaşı, Ermənistanla sərhədlərdə son günlər yaşanan gərginlik dalana dirənmiş danışıqlar prosesini bərpa etməyi mühüm edir. Lakin bu dəfə əsas vasitəçi kimi Rusiyanın çıxış etməsi İrəvanı kompromissə vadar edə bilər. Kreml balanslı siyasət yeridən, lakin Qərbə inteqrasiyada daha maraqlı olan Azərbaycanı birmənalı şəkildə öz yanında görmək istəyir. Ehtimal etmək olar ki, Moskva Ukraynadakı məğlubiyyətinin acığını Cənubi Qafqazda daha ağır formada çıxmağa çalışacaq. Rusiya heç bir formada Azərbaycandan əl çəkmək istəmir. Odur ki, Qarabağ münaqişəsinin mövcudluğundan faydalanaraq, Bakıya təzyiqlərini artırır. Moskva Qarabağ münaqişəsinin tənzimlənməsinə yol vermək istəmir. Azərbaycanı ram etmək üçün bu problem Moskvaya lazımdır. Ukraynadakı məğlubiyyətdən sonra Kremlə Azərbaycanı ram etmək və zədələnmiş beynəlxalq imicini sağaltmaq son dərəcə vacibdir. Cənubi Qafqaz Rusiyanın son qalası rolunu oynayır. Rusiya siyasətçiləri anlayırlar ki, Cənubi Qafqaz üçün Qərblə inteqrasiya prioritet təşkil edir. Odur ki, Kreml sərhədlərdə atəşkəsin pozulmasına nail olmaqla öz mövcudluğunu qorumaq istəyir. Rusiyanın çöküşü zamana bağlı məsələdir. Odur ki, Bakı, Tiflis və İrəvan üçün Qərblə əməkdaşlıq qaçılmaz görünür. Lakin İrəvandan fərqli olaraq, Tiflis və Bakı Rusiyanın bütün şərtlərinə əməl etmir. Qərblə əməkdaşlıq üçün isə bir sıra demokratik islahatların həyata keçirilməsi vacibdir. Tiflis və Bakı buna əməl edir, İrəvan isə ölkəsində tam diktatura yaradıb. Ermənistan hakimiyyəti Qarabağ problemindən faydalanaraq, ictimai rəyi manipulyasiya etmək istəyir. Digər təəfdən, Moskva heç bir halda münaqişələrin tənzimlənməsində vasitəçi kimi çıxış edə bilməz. Krımı işğal etməklə Rusiya öz əlləri ilə sülhməramlı maskasını növbəti dəfə yırtdı. Ukraynadakı son işğalçılıq siyasətindən sonra Kremlin Qarabağ danışıqlarında vasitəçi kimi çıxış etməsi artıq imkansızdır. Məsələ heç də yalnız Krımın işğalı ilə yekunlaşmır. Məsələ ondadır ki, Qarabağ danışıqlarında vasitəçi kimi iştirak edən Moskva Ermənistanı silahlandırmaqla faktiki olaraq Azərbaycanı şantaj edir. Bununla Rusiya bəyan etmək istəyir ki, Qarabağ və Cənubi Qafqazda olan münaqişə zonalarında əsas oyunçu məhz Rusiyadır. Son günlər Rusiyanın Qarabağ münaqişəsində fəallaşmasının tərcüməsi bundan ibarətdir. Bununla da Moskva acıq şəkildə büruzə verdi ki, Rusiya münaqişənin həll olunmasında maraqlı deyil, bu münaqişə Azərbaycana və Ermənistana təzyiq vasitəsi kimi zəruridir. Beləliklə, Moskva özünün keçmiş müstəmləkələrini təsiri altında saxlayır. Azərbaycanda əksər təhlilçilər bu fikirdədir ki, artıq Rusiyanın vasitəçiliyi ilə keçirilən bütün danışıqlar müsbət nəticə verə bilməz. Erməniləri silahlandıran, onları atəşkəsi pozmağa vadar edən Rusiyanın açıq işğal təhdidlərindən sonra Moskva danışıqlar prosesində vasitəçi kimi deyil, münaqişə tərəfi kimi çıxış etməlidir. Əminliklə vurğulamaq olar ki, Rusiya öz təhdidlərini bundan sonra da davam etdirəcək. İstisna deyil ki, bütün Azərbaycana təzyiq üçündür. Rusiyanın vasitəçilik missiyaları rəsmi Bakını qərbyönümlü siyasi kursdan üz çevirməyə vadar etmək üçün düşünülə bilər. Moskva Qarabağ danışıqlarında əsas vasitəçiyə çevrilmək üçün öz vasitəçiliyi ilə keçirilən görüşlərə böyük ümid bəsləyir. Şübhə yoxdur ki, Qərb Rusiyanın Qarabağ danışıqlarında təşəbbüsü ələ keçirməsinə seyrçi qala bilməz. Ehtimal etmək olar ki, Kremlin planına razılaşmağın təhlükəli olduğu Azərbaycan hakimiyyətinin də nəzərinə çatdırılıb. Odur ki, Bakının Moskvanın təklif etdiyi modellə razılaşacağına ümid bəsləmək sadəlövhlük olardı. Artıq indidən ehtimal etmək olar ki, Rusiyanın yeni vasitəçilik təşəbbüsü də iflasa uğrayacaq və bununla da Rusiyanın vasitəçilik missiyasına növbəti dəfə zərbə endiriləcək. "Avropa.info"nun ekspert qrupu Geri dön |