Ana Sayfa > Manşet > Bakıda daha bir qumarxana - Polis himayə edir?
Bakıda daha bir qumarxana - Polis himayə edir?8-09-2015, 12:57. Yazar: admin |
|
3-cü mikrorayon, Hüseynbala Əliyev küçəsində (19 saylı tam orta məktəbin həyəti) yaşayan sakinlərdən nazir Ramil Usubova acizanə müraciət: “Cənab nazir! Biz sakinlər gün ərzində buradakı lotoxanaya və nərd, domino oynamağa gələnlərin əlindən evdən çölə çıxa, gecələr isə onların səs-küyündən və söyüşündən, qışqırığından evimizdə yata bilmirik, bizə kömək edin...” ...Artıq neçənci dəfədir ki, “Təzadlar”a Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsində yaşayan sakinlər tərəfindən şikayət məktubu daxil olur. Vətəndaşlar vaxtilə park olmuş bu ərazidə neçə müddətdir hökm sürən və sakinlərə dinclik verməyən dəhşətli bir qanunsuzluqdan... bəhs edən şikayətlərində qeyd edirdilər ki, burada hacı (dini titul) adlanan bir şəxsin açdığı lotoxanada və bu obyektin ətrafında baş verən acı mənzərədən Nəsimi rayon Polis İdarəsinə, RPİ-nin 19-cu polis bölməsinə, sahə müvəkkilinə, Vergilər Nazirliyinə... şikayət etsələr də heç bir nəticəsi olmayıb: “...Təsəvvür edin ki, səhərin gözü açılandan dəstə-dəstə gənclər yığışır həmin bu lotoxanaya və qalanlar da ailəvi istirahət mərkəzi olan, lakin artıq pivəxana və nərdxanaya, dominoxanaya çevrilmiş meydana. Qumar niyyəti ilə aparılan bu oyunların iştirakçılarının səs-küyü, bəzən isə dava-dalaşı, söyüşü ailə-uşağın ərazidən keçməsini mümkünsüz edib, nəinki kimsə bu guya istirahət mərkəzində əyləşib istirahət etsin. Polis əməkdaşları ilə əlbir olan bu işbazlar gecələr də dincliyimizi əlimizdən alıblar. Lotoxanada guya bir “NİVA” maşın oynanılır. Vid üçün lotoxananın qarşısına qoyublar, içəridə isə mikrofonla xallar qışqıraraq elan edilir, monitorda guya rəqəmlər peyda olur. Amma bu necə oyundur ki, bir ildir bu köhnə maşını udan yoxdur. Sadəlövh gənclər bu qanunsuz lotoxanaya cəlb edilir, bizim isə dincliyimiz əlimizdən alınıb. Xahiş edirik, tədbir görülsün...”. Vətəndaşlar daxili işlər naziri Ramil Usubovdan kömək istədi... ...Diqqətli oxucular yəqinki xatırlayır, neçə il əvvəl “3-cü mk. Dairəsi” kimi tanınan yolayrıcı dairəsinə müntəzəm olaraq “pis işlərlə məşğul olan” qadınlar yığışardı. Vətəndaşlar hamının gözü qarşısında baş verən bu biabırçılığa polis əməkdaşlarının şərait yaratdığını yazırdılar... Və həmin dövrdə redaksiyaya məlum şikayətdən sonra əməkdaşlarımız ərazidə reyd keçirdilər. Foto və video çəkilişlərdən aydın olurdu ki, bəli, həqiqətən də bu rüsvayçı işlərdə bəzi polis əməkdaşlarının əli var və hətta bir video kadrda məlum qadınlara himayədarlıq edən dəstə başçısı olan bir qadın PPX maşınına əyləşib polis əməkdaşları ilə sövdələşir, onlardan gülə-gülə ayrılır... “Təzadlar” növbəti sayında ərazidən reportaj verdi. DİN rəhbərliyinə minnətdarıq ki, dərhal yazıya reaksiya verildi və DİN-nin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin məsul işçiləri əməkdaşımızı reydə dəvət etdilər, ərazi məlum qadınlardan təmizləndi (Təəssüflər olsun ki, həmin dövrdə Bakı şəhər BPİ-nin mətbuat xidmətinin adını çəkmək istəmədiyimiz rəhbəri MŞ-a şikayət verdi ki, guya qəzet polisə böhtan atıb. Amma video kadrlar və fotolar bu iddianı tamamilə inkar edirdi). Bunları niyə xatırladıq: redaksiyamıza müraciət edən vətəndaşlar “Təzadlar”ın həmin reportajlı yazısını diqqətimizə çatdıraraq bizdən yenidən kömək istəyirdilər... Biz də ictimai maraqları nəzərə alaraq ötən həftənin cümə günü cənab nazir Ramil Usubova ünvanlı şikayətin izi ilə özümüz ərazidə olub baş verənləri gözlərimizlə görmək istədik... “Burada gənclər kütləvi surətdə döyüşə yox, qumarxana və lotoxanaya gedirlər...” Metronun “Əcəmi” stansiyasından çıxıb “Yeganə” şadlıq sarayı istiqamətində təxminən 300 metr qət etdikdən sonra sağa-”Mikrorayon bazarı” adlanan əraziyə dönürük... Dar küçədə hər tərəf, hətta yaşayış evlərinin həyətləri azgözlüklə zəbt edilib, insanların hərəkəti qəti surətdə məhdudlaşdırılıb, hər yer ticarət köşkü, pivə çətirləridir... Bu başqa ciddi bir yazının mövzusudur ki, burada ticarət köşkləri, çayxanalar təsəvvüredilməz dərəcədə evlərə, həyətlərə “girib”. Çətinliklə də olsa, 19 saylı tam orta məktəbin də yerləşdiyi (hətta məktəbin darvazasının ağzında kababxana tikilib) əraziyə çatırıq... Xalqın-əhalinin dincliyi, rahatlığı hesabına özünə pul qazanmaq mənbəyi tapmış qumarxana həvəskarlarının diqqətinə çatdırırıq ki, Ümummilli lider, böyük öndər Heydər Əliyev hələ sağlığında Azərbaycan Respublikası ərazisində bütün kazinoları, loto oyunlarını, qumar tipli əyləncələri bir sinif kimi ləğv etmişdi, göndərmişdi gedər-gəlməzə... Amma hamı bilir ki, ölülər o vaxt dirilə bilər ki, “şeyx Nəsrullah”lar ortaya çıxsın... Və burada vətəndaşlarla-qarşıdakı bina sakinləri ilə söhbətimizdən başa düşdük ki, sən demə, neçə il əvvəl burada da bir “şeyx Nəsrullah” peyda olub, ölmüş qumarxanaları diriltməyi qarşısına məqsəd qoyub... “Qəbiristanlığa gedən ölü xortdadığı kimi, bu ilin əvvəllərində də gizli sehirli çubuğun işarəsi ilə latoxanalar yağışdan sonra başlayan göbələk kimi artmağa başladı. Həmin vaxtdan günümüz qaradır”, -deyir ərazidə yaşayan ağsaqqal Mirhəsən dayı... Və sonda əlavə edir: “Bunlara kimsənin gücü çatmır, əgər arxalarındakı ortadan götürülməsə... Mən nazir Ramil Usubova inanıram, əgər o bilsə ki, onun bəzi işçiləri bu qumarbazların himayəçisidir, bir saatın içində bura təmizlənər, bu qumar oynayanların kimliyi də aşkarlanar...”. Ağsaqqalın nazirə inamına biz də inanırıq. Odur ki, ətrafı-qumarxana meydanını seyr edərək dəhşətə gəlməkdə idik. Təxminən saat 19 radələridir. Ətafdakı bina sakinlərinin ailəvi istirahət etməli olduğu meydanda ortaya yüzlərlə domino, nərd... masası qoyulub. Qarşı tərəfdə isə üstü bağlı lotoxana qarışqa yuvası kimi qaynayır... Ətrafda idmançı görkəmində adamlar gəzişir, umumi bazara nəzarət edirlər. Dəfələrlə cəhd etsək də ki, kadrları fotoaparatın yaddaşına köçürək, şübhələndikləri üçün bizə yaxınlaşırdılar... Birtəhər aldadıcı üsullarla bəzi kadrları lentə ala bildik... Sonra lotoxanaya tərəf getdik. Qapının ağzında Ərəbzəngi kimi iki-iki olmaqla idmançı cüssəli qara geyimli oğlanlar dayanıb, içəri girənləri diqqətlə izləyirlər. Biz də zala daxil olduq... Əsil qumarxanadır. Böyük monitorda guya oynanılan “NİVA” avtomobilinin uduşu keçirilir. Çoxsaylı masaların üzərində isə loto kartları var. “Diktor” rəqəmləri elan etdikcə, içəridə bir uğultu qopur ki, elə bil əsgər geyimli bu gənc qumarbazlar düşmən üzərinə şığıdılar və erməniləri əsir götürdülər... Şübhə yaratmamaq üçün masalarda yer olmaması bəhanəsi ilə qumarxanadan çıxdıq... Vətəndaşların rahatlığını pozan bu mənzərə niyə polisin gözündən uzaqdır? Açıq meydan ərazisi vətəndaşların istirahət məkanı kimi yaradılıb. Amma bir başbilən yoxdur ən azı özü özünə sual versin ki, yaxşı bura necə ailəvi istirahət mərkəzidir ki, burada nə bir qadın-uşağa, nə də ağsaqqal-ağbirçəyə... rast gəlinmir. Bəlkə də Nəsimi rayonunun təzə işdən çıxarılmış İcra başçısı bütün TV çıxışlarında ağızdolusu bu parkı vətəndaşların istirahəti üçün yaradılmış əməl kimi dəfələrlə gözə soxub. Amma indi bu mənzərəni görəndə onun yerinə utanıb yerə girmək istədik... *** “Burada-Bakı şəhəri Nəsimi rayonunun 3-cü mikrorayon ərazisində, H.Əliyev küçəsində hələ Sovet dövründən qalma Dövlət Poçtamtının binasının qabağında böyük yolka ağacları olan yaşıllıq zolağı var idi...”, yana-yana deyir Adil Nəsibov: - Mən on ildir bu binada yaşayıram... Həmin yolkaların əhatəsində oturacaqlar qoyulub istirahət guşəsi yaradılmışdı. Bir gecənin içində burda əvvəlcə meyvə-tərəvəz mağazası, ardınca iki mağaza inşa edildi. Bu sırf şəhərsalma ənənələrinə zidd idi. Bu sərəncama hansısa məmur öz mənfətini güdərək vermişdi. Ona ayıb olsun... Görürsünüz, indi bu küçədən məktəbə piyada belə keçmək olmur... O vaxt biz sakinlər etiraz etsək də, məhəl qoyan olmadı... Lotoxana, yoxsa lotuxana?! A.Nəsibov deyir: - Həmin o qeyri-qanuni tikililərin sahibləri insanların ən gur yerində, əhalinin sıx, gediş-gəlişli bir küçəsində latoxana da açdılar. Əvvəla onun heç bir dövlət qeydiyyatı ola bilməz, çünki qumar oyunlarına rəsmi şəkildə qadağa qoyulub. Əcəba, bəs bunu kim açdı? Dövlət qeydiyyatından keçməyibsə, deməli, vergi ödənişi də yoxdur. Deməli, bu latoxanalar, rəsmən qadağan edilmiş futbol proqnozu yığan qara bazarlar vergi ödəməkdən yayınırlar. Deməli, göbələk kimi artan bu nə bilim nə... xanalar heç bir dövlət rüsumunu ödəmədən şəxsi ciblərə işləyirlər. Hamının gözü qabağında, əhalinin çox sıx ərazisində özbaşınalıq baş alıb gedir. Hara gedir, niyə gedir, bilən yoxdur. Onu da qeyd edim ki, loto oyunları səhərə kimi oynanılır. Əvvəla axşam saat 24-dən sonra bütün oyunlar bağlanmalıdır. İkincisi, latoxana açılan gündən uduş məqsədilə onun qarşısına “Niva” markalı 09 BL 202 dövlət nömrə nişanlı avtomobil də qoyulub. Əvvəla, Bərdə rayonunda dövlət qeydiyyatında olan bu avtomobil burada qumara necə qoyulub, hansı qanunvericiliyə istinad edilib? Bunu araşdırın... Nömrə varsa, deməli, kiminsə adınadır. Araşdırsanız, bəlli olacaq ki, elə bu qumarxanadakılardan birinin avtomobilidir... Bu avtomobil tələ kimi qoyulub. Guya uduşdadır, neçə aydır ki, bu “Niva” udulmur, heç udulmayacaq da. Bu bir tələdir... Vergilər Nazirliyindən gəldilər və getdilər... Həmsöhbətimiz deyir ki, bu lotoxana açılan gündən üç dəfə Vergilər Nazirliyinin əməkdaşları reyd, keçirib, obyekti bir neçə saatlığa bağlayıblar. Onlar gedən kimi fəaliyyətlərini davam etdirdilər. Adam düşünür ki, bəlkə vergi əməkdaşlarının formasını geyinmiş bir neçə fırıldaqçıdır bunlar, gözdən pərdə asmaq üçün gəliblərmiş. Bu da acınacaqlı bir faktdır ki, kolxoz bazarının yolunun üstündə uşaqlar, qadınlar bu küçədən keçib gedə bilmirlər. Hər gün söyüş, qışqırıq, dava-dalaş sakinləri bezdirib. Bir neçə pul hərisi burdan qanunsuz pul qazanacaqsa, dövlət rüsumunu ödəmədən insanları narahat etməlidirmi? Məktəblə üzbəüzdə pivəxana??? “...Bu ərazidə kim nəyi bacarırsa, onu da edir. 19 saylı tam orta məktəbin binası ilə bitişik 24 saat fəaliyyət göstərən bir kafe-pivəxana var. Orda danışılanlar sinif otaqlarında da eşidilir. Tüstülənən kababın iyi məktəbə yayılır. Məktəbin həyətində Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin büstü düz kafeyə baxır. Bu haqsızlığı, Allahsızlığı o götürmür, bəs Təhsil Nazirliyi, Siz necə götürürsünüz?”, deyir əsəbi halda danışan, amma adının çəkilməsini istəməyən müəllimə... *** ...Sonda: biz gördüklərimizdən dəhşətə gəldik. Sayı 300-400 olan gənclər günorta saatlarından vətəndaşların ailəvi istirahət etməli parkını zəbt etmiş pullu nərd və domino masalarına əyləşir, ta gecə saatlarına kimi... Nərdin və dominonun səsindən üzbəüzdəki binaların sakinləri çətin ki, yuxuya gedə bilsin. Üstəlik də qanunsuz fəaliyyət göstərən lotoxana! Biz də vətəndaşların şikayətini cənab nazir Ramil Usubova ünvan edərək bu qənaətdəyik ki, ətrafda özümüzün də müşahidə etdiyimiz PPX maşınında dolaşan polis əməkdaşlarının, sahə müvəkkilinin dəstəyi olmasa, burada ictimai asayişin-sakitliyin pozulması, insanların dincliyinin əlindən alınması baş verməz... İnanırıq ki, bu yazıdan sonra ərazidə dövlət qurumlarının xətti ilə ciddi reyd keçiriləcək və vətəndaşları ciddi narahat edən problemə son qoyulacaq. Mövzuya mütləq qayıdacağıq. “Təzadlar”ın Araşdırma Qrupu (Fotolar redaksiyaya məxsusdur). P.S. Dünən məsələ ilə bağlı ərazi üzrə Nəsimi RPİ-nin rəisi Musa Musayevlə əlaqə saxlamağa çalışdıq. Lakin rəisin 440-15-26 saylı iş telefonu susmağından qalmadı... Qarşı tərəfin də əsaslandırılmış mövqeyini dərc etməyə, keçiriləcək reyddə iştirak etmək üçün əməkdaşımızın iştirakını təmin etməyə hazırıq... Geri dön |