Ana Sayfa > Manşet > Avropa Oyunlarını keçirməyə dəyərdimi?

Avropa Oyunlarını keçirməyə dəyərdimi?


30-06-2015, 15:53. Yazar: admin
Avropa Oyunlarını keçirməyə dəyərdimi?
I Avropa Oyunlarının keçirilməsindən hələ xeyli əvvəl Azərbaycanda çoxları bu sualı verirdi: hələ tam şəkildə ayaq üstə dayanmayan bir ölkədə belə bir bahalı layihənin həyata keçirilməsi kimə lazımdır?

Bu mülahizələr siyasi ehtiraslarla qızışdırılan cəmiyyətdə səslənirdi. Dünya təkcə hələ Moskva və Los-Ancelesdən, daha sonra isə Pekin və Soçidən sonra yox, hələ Hitler dövrü Münhenindən sonra anlamışdı ki, idman sırf bədən tərbiyəsi olmaq anlamından çıxaraq böyük siyasətə çevrilməsə də hər halda sosial-siyasi məna kəsb edib.

İlham Əliyev öz ölkəsinin gücünü-qüdrətini nümayiş etdirmək üçün mümkün olan hər şeyi etdi. Siyasi taleyi ona daha bir tarixi şans verdi: Azərbaycan cəmi bir neçə ayın ərzində nəhəng qurğular tikib-qura, ən müasir infrastruktur yarada bildi və I Avropa Oyunlarını qəbul etməyə və ləyaqətlə keçirmək gücünə və imkanına malik olan bir ölkəyə çevrildi.

Təsir əks-təsir doğurur. Lakin Nyutonun 3-cü qanununu hələ heç kim inkar və rədd etməyib.

Beynəlxalq siyasətin təfərrüatlarından xəbərdar olan hətta diletantlar da başa düşürdü ki, birləşmiş Qərb koalisiyası Əliyev hökumətini və Azərbaycanı gözdən salmaq üçün əlinə düşən növbəti şansdan istifadə edir. Avrosonqu - həmin o birləşmiş Qərb koalisiyasının artıq unudulmuş qara piarı xatırlayırsınızmı?

Şübhəsiz ki, hakimiyyət də ölkənin üzərinə yeni total hücuma hazırlaşmışdı. Lakin Əliyev hökuməti “Eurovision” mahnı yarışması dövründəkindən fərqli olaraq birləşmiş koalisiyanı bu dəfə milli platformadan, belə deyək, vətəndaş müqaviməti platsdarmından tamamilə məhrum etmişdi. “Eurovision” hadisələrinin əsas fiqurlarından olan Emin Hüseynov İsveçrə səfirliyində gizlənirdi. Leyla Yunus isə Bakı təcridxanasındakı narasında uzanmışdı.

Qərb bu dəfə tamamilə başqa taktikaya əl atmaq qərarına gəldi - döyüşə qərbli jurnalistlərin və vətəndaş cəmiyyəti fəallarının özləri girdi. Onlar Soros, Amerikanın hökumət agentliyi və Qərbin digər oliqarxiya sindikatları tərəfindən səxavətlə dəstəklənir və ruhlandırılırdı.

Budəfəki hay-küy “Eurovision”la müqayisədə daha güclü oldu. Əlbəttə, dünya idmanını siyasiləşdirmək və bundan Azərbaycana yeni hücum və təzyiq imkanı kimi yararlanmaq cəhdləri o qədər güclü və aşkar idi ki, hətta aparıcı Qərb KİV-ləri də tərəfsiz və ənənəvi jurnalistikadan ötrü misilsiz sayılacaq addım atdılar. Onlar nəhəng idman hadisəsini bir kənara qoyub bütün diqqətlərini həmin tədbiri keçirən ölkəni və onun hökumətini siyasi baxımdan tənqid etməyə cəmlədilər.

Dünya idmanı tarixində hələ belə şey olmamışdı! Aparıcı Qərb telekanallarının efir məkanında nəinki yarışların özü və təbii ki, bağlanış mərasimi haqda, Avropa Oyunlarının hətta açılış mərasimindən qısa süjetə də yer tapılmadı. Elə təəssürat yaranırdı ki, Qərb KİV-ləri Avropa olimpiadasını yox, hansısa sovet spartakiadasını işıqlandırır.

Tamamilə yeni sayılan bu vəziyyətdən sonra Azərbaycanda bu sual xüsusilə tez-tez səslənir: rəqiblərin ölkəyə qarşı genişmiqyaslı təbliğat-təşviqat kampaniyaya başlayacağını nəzəri baxımdan bilə-bilə ümumiyyətlə bu oyunları keçirməyə, bütün qitə qarşısında məsuliyyəti öz üzərinə götürməyə, stadionlar tikməyə, yüz milyonları xərcləməyə dəyərdimi? Bütün bunlardan sadəcə olaraq imtina etmək, bununla da Qərbi hücum üçün bəhanələrdən məhrum etmək daha yaxşı olmazdımı?

Antiazərbaycan cəbhə ilə Avropa Oyunlarının özü arasında səbəb-nəticə əlaqəsi görənlər kökündən yanılır. Formal məntiqin bütün absurdluğu ondadır ki, guya əgər Azərbaycan Avropa Oyunlarını keçirmək ideyasından imtina etsəydi, bu hücumlardan da yayınmaq olarmış...

Şübhəsiz ki, Avropa Oyunları bir növ idman tapançasından açılan boş (gülləsiz) atəş idi. Həmin atəş informasiya “təmizlənməsi” üçün siqnal rolunu oynadı. Lakin hücumların sonrakı mərhələsi “soyuq müharibə”nin bu məntiqi izahının əsassızlığını göstərir. Avropa Oyunlarının burada heç bir rolu yoxdur. Tənqidlər, hücumlar davam edəcək. ABŞ Konqresində, sonra Avropa Parlamentində. Daha sonra isə parlament seçkiləri gəlir. Bu da Azərbaycan ətrafındakı vəziyyəti gərginləşdirmək üçün daha bir bəhanə olacaq. Bəzi Qərb mənbələri aparıcı Azərbaycan məmurlarına sanksiyalar tətbiq etmək yolu ilə “nöqtə zərbələri” hazırlamağın vacibliyinə inandırmağa başlayıblar.

Yəni Azərbaycan Avropa Oyunlarını keçirsəydi də, keçirməsəydi də Qərblə münasibətlərin xarakteri dəyişməyəcəkdi (biz hələ heç bu münasibətlərin yaxşılaşmasından da danışmırıq). Qərbin başladığı informasiya savaşının kökləri tamamilə ayrı yerlərə gedib çıxır.

Bəs Qərb İlham Əliyevə nəyi bağışlaya bilmir? Məhz onu bağışlaya bilmir ki, Əliyev büdcə vəsaitlərini Qərbin enerji maraqları baxımından strateji əhəmiyyət kəsb edən “Nabucco” meqa-layihəsinin həyata keçirilməsinə yox, milli infrastrukturun yaradılmasına, yaxud idman qurğularının tikintisinə xərcləyir. Əgər İlham Əliyev 8 milyard dolları “Nabucco” layihəsinə xərcləsəydi (necə ki, Bakı-Tiflis-Ceyhan Azərbaycan büdcəsi hesabına tikilib), onda o, postsovet zülmətindəki ən parlaq şəfəqə çevriləcəkdi.

Lakin İlham Əliyev milyardları azərbaycanlıların rifahına və öz ölkəsinin inkişafına xərcləyir. Buna görə də amerikalı və alman jurnalistlərin nəzərində dərhal əsas anti-qəhrəmana çevrilir.

Yaxud da götürək Vaşinqtonun böyük Qafqaz layihəsindəki Qarabağ məsələsini. Ermənistanla kommunikasiyanın açılması, siyasi güzəştlər və ciddi əhəmiyyətə malik kompromislər Obamaya çox lazım idi və o, Əliyevdən bunları almaq üçün əbəs səylər göstərirdi. Kobud desək, Əliyevdən 1917-ci ildə Brest-Litovskda Lenindən tələb etdiklərini tələb edirdilər. Yəni tam şəkildə təslim olmağı!

Sizi əmin edirəm ki, Əliyev Amerikanın yeni Qafqaz layihəsinin yolunu açan bu ağır şərtləri qəbul etsəydi, Nobel sülh mükafatını ona böyük təntənə təqdim edəcəkdilər. Amma qorbaçovsayağı mükafat Əliyevdən ötrü xəyanətə bərabərdir. Belə Nobel mükafatı tarixi lənətdir.

Bəs Azərbaycan prezidenti nə edir? Dünya oliqarxiyasını əmr və diktə dilindəki danışıq üslubunu qətiyyətlə rədd edir, öz milli fəaliyyət platformasını yaradır. Əliyev azərbaycanlı vergiödəyicilərinin pullarını Avropa İttifaqının “Nabucco” adlı utopik energetika ariyasına xərcləməkdən imtina edir. Qarabağ məsələsində mətin dayanıb sarsılmaz barışmazlıq göstərir. Qərbin, şimalın, hətta cənubun təsir dairəsindəki bütün yaramaz təsisatları ölkədən sıxışdırıb çıxarır. Bütün hakimiyyəti və öz xalqına, ölkəsinə görə bütün məsuliyyəti öz üzərinə götürür. Nəticədə Qərb onu düşmən elan edir, əlinə düşən hər bir imkandan ona hücum etmək üçün, gözdən salmaq üçün yararlanır...

Nədir, yoxsa İlham Əliyev belə bir şəraitdə Avropa Oyunlarını keçirməkdən imtina etməli idimi? Əksinə, o, öz ölkəsinin gücünü və imkanlarını göstərməli, sübut etməli idi və bunu da etməkdə davam edir.

İnanılmaz təntənəli gün, dekorasiyaların seçilməsində və bayramın təşkilindəki incə zövq (burada birinci ledinin dəqiqliyin rolu dərhal nəzərə çarpır), idman atəşfəşanlığı, azərbaycanlı idmançıların gözlənilməz qələbələri... Bütün bunlara görə bu əzəmətli tarixi tədbiri keçirməyə məgər dəyməzdimi?

Gəlin açıq danışaq, Avropa miqyasında heç bir ölkə bu idman yarışını bu cür yüksək səviyyədə qəbul edib keçirməyə qadir deyildi. Və söhbət təkcə neft dollarlarından da getmir. Söhbət təşkilatçılıq məharətindən, virtuoz zövqdən, istedad və bacarıqdan gedir...

Bəs Qərb azərbaycanlılara təkcə idman qələbələri sevinci yox, həm də öz ölkəsinə görə milli qürur hissi bəxş etmiş bu tədbirə qarşı nəyi qoyurdu?

İlham Əliyevin hər bir azərbaycanlı idmançının qələbəsinə necə sevindiyinə diqqət edin. Prezident səhnəyə çıxırdı, mükafatları təqdim edirdi, sevinirdi, bu məqamlarda onun simasında yalnız sevinc və fəxarət hisslərini görmək olardı...

İlham Əliyev bununla presedent yaratdı. Avropa Oyunları təkcə onun bayramı və onun qələbəsi deyildi. Prezident bunun bizim ümumi qələbəmiz olduğunu hər kəsə anlatmağa çalışırdı. Bu, ümummilli bayram xoru idi. Narazılıq, təəssüf, qısqanclıq və qisas səsləri bu xorda itib-batdı, eşidilməz oldu. Və bu romantik milli bayramın miqyası Azərbaycanı aşağılamaq və Avropa Oyunlarını gözdən salmaq kimi cılız cəhdlərlə heç müqayisəyə də gəlmir. Bunlar heç cür müqayisə oluna bilməz. Yeri gəlmişkən, bu oyunların keçirilməsini bizə Avropanın özü həvalə etmişdi...

Geri dön