Ana Sayfa > Manşet > 28 May Respublika günüdür
28 May Respublika günüdür28-05-2015, 10:03. Yazar: admin |
|
Azərbaycan Xalq Cümhuriyyəti gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərsə də, sonrakı nəsillərin yaddaşında xalqımızın tarixinin ən parlaq səhifələrindən biri kimi əbədi yer tutub. Bu gün müstəqil Azərbaycan dövlətçiliyinin təməl prinsiplərini təşkil edən Azərbaycan Xalq Cümhuriyyətinin ideoloji sistemi ölkəmizi daha da gücləndirir və müasir Azərbaycanı daha uğurlu gələcəyə aparır. 1918-ci il mayın 28-də şərqdə qurulan ilk demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyəti 23 aylıq ömrü ərzində bir çox sahələrdə həyata keçirdiyi islahatlarla Azərbaycan tarixində mühüm bir mərhələnin əsasını qoydu. O, demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə, hərbi quruculuq sahələrində atdığı əhəmiyyətli addımlarla qısa müddətdə xalqımızın tarixində silinməz iz buraxdı, milli dövlətçilik ənənələrinin bərpası işində böyük rol oynadı. XX əsrin əvvəlində Azərbaycan dövlətinin xarici siyasət prinsipləri formalaşdı və bu prinsiplər dostluq və əməkdaşlığa söyləndi. Bunlar Azərbaycan milli şurasının qəbul etdiyi İstiqlaliyyət Bəyannaməsində də əksini tapdı. Azərbaycan Xalq Cümhuriyyəti millət, məzhəb, sinif və cins fərqi görmədiyini və bütün vətəndaşların siyasi hüquqlarını təmin etdiyini bütün dünyaya bəyan etdi. Ən əsası isə Xalq Cümhuriyyəti mövcud olduğu dövrdə xalqımızda azadlıq, müstəqillik fikirlərini daha da gücləndirdi və onu gələcəyə miras qoydu. O miras ki, düz 70 illik əsarətdən sonra yenidən doğdu. XX əsrin 90-cı illərində Azərbaycanda da daxil olmaqla bütün ittifaq respublikalarında başlanan və Sovetlər Birliyinin dağılması ilə nəticələnən milli azadlıq hərəkatı ilə Azərbaycan ikinci dəfə öz müstəqilliyinə qovuşdu. Heydər Əliyev: “Azərbaycan Xalq Cümhuriyyətinin yaranması bizim vaxtilə itirilmiş dövlətçiliyimizi bərpa etdi. Eyni zamanda, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması xalqımızın tarixində ilk dəfə demokratik prinsiplər əsasında müstəqil Azərbaycan dövlətinin, hökumətinin yaranmasının əsasını qoydu. Bunlara görə .... Azərbaycan Xalq Cümhuriyyətinin qısa bir zamanda gördüyü işlər yüksək qiymətləndirilir. Ümidvaram ki, bu dövr Azərbaycanın tarixində parlaq səhifələr kimi daim yaşayacaq və gələcək nəsillər də ilk Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə yüksək qiymət verəcəklər”. Müstəqilliyimizin ilk illəri çətin ictimai-siyasi proseslər məngənəsində təhlükəli hal aldı. Xarici siyasətdə yaşanan uğursuzluqlar, ölkədə hökm sürən xaos mühiti müstəqilliyin yenidən itirilməsi təhlükəsini də gündəmə gətirdi. Amma 1993-cü ilin iyununda ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə yenidən hakimiyyətə gəlməsi bütün təhlükələri aradan qaldırdı. Heydər Əliyevin malik olduğu güclü iradə, uzaqgörən siyasət və digər mühüm keyfiyyətlər Azərbaycan dövlətçiliyini məhv olmaq təhlükəsindən xilas etdi və beləliklə, ölkədə dövlətçiliyin yeni inkişaf mərhələsi başladı. Bu mərhələ beynəlxalq miqyasda balanslaşdırılmış xarici siyasətin yürüdülməsi, milli sərvətləri xalqın mənafelərinə yönəltmək kimi ali prinsipləri ehtiva etdi. Ulu öndərin müəllifi olduğu yeni neft strategiyası “Əsrin müqaviləsi”nin imzalanması, müstəqilliyimizin ən mühüm simvollarından olan Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilməsi ilə tarixə qovuşdu. Bu uğurlu siyasəti Prezident İlham Əliyevin hakimiyyəti dövründə həyata keçirdiyi zəngin fəaliyyət konsepsiyası daha da gücləndirdi. Azərbaycanın beynəlxalq nüfuzunun möhkəmləndirilməsi, beynəlxalq təşkilatlarda səmərəli fəaliyyət, dünya ölkələri ilə ikitərəfli və çoxtərəfli platformada əməkdaşlıq əlaqələrinin qurulması bu sırada əhəmiyyətli yer tutdu. Prezident İlham Əliyev milli mənafelərlə bağlı problemlərin həllində həssas və fəal yanaşma nümayiş etdirdi. Azərbaycan dünyanın maraq dairəsinə əbədi daxil oldu və geosiyasi platformada ölkəmiz güc və nüfuz sahibinə çevrildi. Bu mənada İlham Əliyev faktoru Azərbaycanın xarici siyasət maraqlarının reallaşmasında xüsusi mövqeyi ilə seçildi. Bu amil özünü ən çox ölkəmizin ən böyük problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı aparılan danışıqlar prosesində Prezident İlham Əliyevin nümayiş etdirdiyi prinsipiallıqda görsəndi. Azərbaycanı təslimçiliyə sürükləmək istəyənlərə aydın oldu ki, Azərbaycan Dağlıq Qarabağın qoparılması ilə heç vaxt barışmayacaq. Bunu şərtləndirən amillər isə kifayət qədər ciddi məqamlara dayanıb. Çünki artıq neçə illərdir Azərbaycanda müşahidə olunan iqtisadi inkişaf ölkəmizi dünyada lider dövlətə çevirib, müstəqilliyimizi daha da möhkəmləndirib. Heydər Əliyev: “Müstəqillik bizim üçün ən böyük sərvətdir, ən böyük dəyərdir. Ancaq müstəqilliyi əldə etmək onu qoruyub saxlamaqdan, möhkəmləndirməkdən daha asandır. Bu gün Azərbaycan sözün əsl mənasında müstəqil ölkədir, biz həm daxildə, həm də xaricdə müstəqil siyasət aparırıq. ...Bizim siyasətimiz Azərbaycan xalqının maraqlarına xidmət göstərir. Azərbaycan xalqının maraqlarının qorunması, Azərbaycan dövlətinin möhkəmləndirilməsi, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi mənim üçün və bilirəm ki, hər bir Azərbaycan vətəndaşı üçün ən başlıca vəzifədir, ən başlıca məqsəddir”. Dövlət başçısı növbəti illərdə Azərbaycanı idarə etməyin strategiyasını bəyan etməklə yanaşı, xalqımızda siyasi və sosial-iqtisadi uğurlar seriyasının davamlı olacağına təminat verib. Paytaxtla yanaşı, regionlarda baş verən iqtisadi inkişaf, şəhər həyatının və insanların sosial durumunun yaxşılaşdırılması ilə bağlı görülən işlər bunu bir daha sübut edir. Bu gün Azərbaycan yerləşdiyi bölgədə əsas inkişaf məkanı olmaqla nəhəng infrastruktur layihələrini icra edir, heç bir regional layihə Azərbaycanın iştirakı olmadan reallaşmır, ölkəmiz Avropanın enerji təhlükəsizliyində son dərəcə vacib faktora çevrilib. Beləliklə, Azərbaycanda bütün istiqamətlərdə böyük inkişafın müşahidə olunması, ölkəmizin bölgədə və dünyada mövqelərini gücləndirməsi ilə müşayiət olunur. Müstəqilliyimizin və ideoloji dayaqlarımızın daha da möhkəmləndirilməsinin, vətəndaş həmrəyliyinin bərqərar olmasının təməlində isə Azərbaycan dövlətinin milli maraqlarının qorunması, tarixə irsə bağlılıq, Azərbaycan Xalq Cümhuriyyətinin müasir və müstəqil Azərbaycana miras qoyduğu dəyərlərə sahib çıxmaq, onlara hər zaman hörmətlə yanaşmaq kimi müqəddəs prinsip dayanır. İlham Əliyev: “Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində dövlət bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli dövlət bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda qaldırılacaq. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaq. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq. Eşq olsun, Azərbaycan bayrağına! Yaşasın, Azərbaycan!” Geri dön |