Ana Sayfa > Manşet / Xəbər > Azərbaycan səfirliyi fəaliyyətini bərpa etdi: "İrəvan Tehranın təsirindən xilas olmağa çalışacaq"
Azərbaycan səfirliyi fəaliyyətini bərpa etdi: "İrəvan Tehranın təsirindən xilas olmağa çalışacaq"16-07-2024, 16:51. Yazar: admin |
Bakı ilə Tehran arasında aparılan danışıqlar nəticəsində Azərbaycanın bu ölkədəki səfirliyinin fəaliyyəti yenidən bərpa edilib. Qeyd edilib ki, səfirliyin işinin bərpası qarşılıqlı hörmətə və mehriban qonşuluğa əsaslanan Azərbaycan-İran əlaqələrinin gələcək inkişafına, iki ölkə arasında əldə edilən razılaşmaların və həlli zəruri olan məsələlərin icra olunması işinə töhfə verəcək. Xatırladaq ki, Azərbaycanın İrandakı səfirliyinin fəaliyyəti 2023-cü il yanvarın 27-də diplomatik idarəyə terror hücumundan iki gün sonra, səfirliyin əməkdaşları Tehrandan təxliyə edilərək tam dayandırılmışdı. Bəs səfirliyin yenidən fəaliyyətə başlaması Azərbaycan-İran münasibətlərinin bundan sonrakı mərhələsinə necə təsir edəcək? Oxu.Az-ın mövzu ilə bağlı suallarını Cənubi azərbaycanlı hüquq müdafiəçisi, siyasi şərhçi Çingiz Göytürk cavablandırıb: - Son bir ildə İranın qonşu ölkələrlə münasibətlərini yenidən tənzimləmək istiqamətindəki cəhdləri üstünlükdən daha çox, zərurətdir. Konkret olaraq, Tehranın Bakıya qarşı sərgilədiyi münasibət Azərbaycanın regionda yaratdığı yeni reallıq fonunda əks effekt verdi və bundan zərərli çıxan İranın özü oldu. İran başa düşdü ki, Azərbaycana qarşı münasibətdə daha diqqətli və ehtiyatlı davranmaq məcburiyyətindədir. Azərbaycanın İrandakı səfirliyinin açılması istiqamətində İranın son bir ildə etdiyi israrların kökündə yatan səbəb də elə budur. İran Azərbaycanla münasibətlərdə mahiyyətcə olmasa da, formaca yeni bir mərhələyə başlamaq istəyir. - İranın verdiyi təhlükəsizlik zəmanəti nə qədər effektivdir? - İran dünyada beynəlxalq hüquq normalarını ən kobud şəkildə pozan ölkələrdən biridir. Bunun belə davam etməyəcəyinə dair hər hansı zəmanət isə mövcud deyil. Sadəcə, İran bu gün bir çox daxili və xarici problemlərlə qarşı-qarşıyadır və həm dünya ilə, həm də qonşu Azərbaycanla gərgin münasibətləri artıq davam etdirmək gücündə olmadığını başa düşür. Ona görə də münasibətlərin normal məcrada davam etməsində maraqlı olacaq. Azərbaycan isə inkişaf yolunda elə qətiyyətli addımlar atır ki, bunu İran kimi, maneələr yaranandan sonra götür-qoy etmir, mövqeyini əvvəlcədən müəyyənləşdirir. Ancaq İrana tam etibar edib-etməmək məsələsini də hər zaman diqqətdə saxlamaq lazımdır. Şübhəsiz ki, İranın bir müddət əvvəl Azərbaycana qarşı sərgilədiyi aqressiv münasibəti bəsit səbəblərlə əsaslandıra bilmərik. - Aydındır ki, Ermənistanın davranışları və regionda yaranan yeni reallıq Tehran rejimini Bakı ilə razılaşmağa məcbur edir. Amma onu da unutmaq olmaz ki, İranın Ermənistana dair "qırmızı xətt" mövqeyi dəyişməyib. - Tehran günbəgün inkişaf edən Bakını, regionda yüksəlişdə olan türklük amilini təbii olaraq özünün milli təhlükəsizlik faktoru olaraq görür. Ona görə də İranın Azərbaycana qarşı münasibətinin mahiyyətində hər hansı bir dəyişiklik olacağını, konkret olaraq Azərbaycana qarşı Ermənistan kartını oynamaqdan imtina edəcəyini düşünmək ancaq yaxşı niyyətimizdən qaynaqlana bilər, İranın mövqeyini dəyişəcəyindən yox. Çünki İran, sadəcə, özünü toparlamaq və yenidən köhnə siyasətinə qayıtmaq üçün zaman qazanmaq niyyətindədir. Buna görə də münasibətlərin mahiyyətində deyil, formasında müəyyən dəyişikliklərə gedəcəyi labüddür. - İranın sözügedən addımını həm də Ermənistana bir mesaj kimi qiymətləndirə bilərik? - Mən İranın bu davranışını hər hansı ölkəyə bir mesaj göndərmək deyil, düşdüyü vəziyyətdən çıxmaq cəhdi kimi dəyərləndirirəm. Yəni İranın Azərbaycanla münasibətlərini normallaşdırmaq cəhdi özünün normal qonşuluq münasibətindən qaynaqlanan istəyi deyil, məcburiyyətdir. Eyni zamanda, onu da istisna etmirəm ki, bu gün Livanda, İraqda, Yəməndə, Suriyada, hətta Fələstində olduğu kimi, Ermənistanda da İranın manevr imkanları getdikcə azalacaq və İrəvan özü də bunda maraqlı olacaq. - Əgər belə olsa, Ermənistandan yeni və daha fərqli hiyləgər addımlar müşahidə edə bilərik? - Ermənistanda mövcud hakimiyyətin zəifliyi onun bu və ya digər addımlar atacağı ilə bağlı konkret fikirlər deməyə imkan vermir. Ancaq Nikol Paşinyan hökumətinin də perspektivdə İranla münasibətlərini mövcud səviyyədə davam etdirməsində maraqlı olacağını düşünmürəm. Çünki Tehran Ermənistanın Azərbaycan və türk dünyası ilə arzu etdiyi münasibətlərinə birbaşa müdaxilə və təzyiq edir, bununla da Ermənistanın inkişaf planını iflasa uğradır. Buna görə də İrəvan yavaş-yavaş Tehranın təsirindən xilas olmağa cəhd edəcək, amma bununla yanaşı, hakimiyyətdəki İran "aşiqləri" Ermənistan rəhbərliyini ciddi müqavimətə məruz qoyacaq. Geri dön |