Ana Sayfa > İqtisadiyyat > Dünya Bankı: Qlobal iqtisadi artım kəskin azalacaq

Dünya Bankı: Qlobal iqtisadi artım kəskin azalacaq


11-01-2023, 11:19. Yazar: admin


Dünya Bankı (DB) davamlı yüksək inflyasiya səbəbindən 2023-cü il üçün qlobal iqtisadi artım proqnozunu kəskin şəkildə aşağı salıb.

Vertikal.az "APA-Economics"-ə istinadən xəbər verir ki, bu barədə Bankın qlobal iqtisadiyyata dair hesabatında qeyd olunub. Bildirilib ki, bu il qlobal ümumidaxili məhsul (ÜDM) 1.7% artacaq. Ötən ilin yayında açıqlanan hesabatda qlobal iqtisadi artım 3% proqnozlaşdırılmışdı.

Dünya Bankı hesab edir ki, qlobal iqtisadi artımın yavaşlaması onun resessiyaya yaxınlaşdığını göstərir. Adambaşına düşən illik qlobal gəlirin azalmasına yüksək inflyasiya, eləcə də bəzi ölkələrdə monetar sərtləşdirmə səbəb olub. İqtisadi inkişaf baxımından üç əsas dünya lideri – ABŞ, Avropa və Çin iqtisadi göstəricilərin kəskin azalması ilə üzləşib və bu, inkişaf etməkdə olan ölkələrin bazarında pisləşməyə səbəb olub.

Bu amilləri nəzərə alaraq Dünya Bankı qlobal iqtisadi artımın 2023-cü ildə 1.7%, 2024-cü ildə isə 2.7% azalacağını gözləyir. Bundan əlavə, bank inkişaf etmiş ölkələrin 95%-i və inkişaf etməkdə olan ölkələrin 70%-i üçün 2023-cü il üçün iqtisadi artım proqnozlarının azaldığını açıqlayıb.
Geri dön