Ana Sayfa > İqtisadiyyat > Azərbaycan qazını Bolqarıstana çatdıracaq kəmərdə test işlərinə başlanıb

Azərbaycan qazını Bolqarıstana çatdıracaq kəmərdə test işlərinə başlanıb


30-10-2021, 16:29. Yazar: admin
Azərbaycan qazını Bolqarıstana çatdıracaq kəmərdə test işlərinə başlanıb

Azərbaycan təbii qazını Bolqarıstana çatdıracaq 182 kilometrlik Yunanıstan-Bolqarıstan birləşdirici qaz kəmərinin (Interconnector Greece – Bulgaria - IGB) tikintisi çərçivəsində qaynaq işlərinin 96%-i artıq yerinə yetirilib.

“APA-Economics”in Bolqarıstan mətbuatına istinadən verdiyi məlumata görə, ICB boyunca boruların 140 kilometri qaynaq edilib.

Məlumata görə, kəmərin Yunanıstan ərazisində olan hissəsində su ilə test olunma işlərinə artıq başlanılıb və tezliklə Bolqarıstan ərazisində bu prosesin başlanması gözlənilir.

Qeyd olunub ki, oktyabr ayında Avropa Komissiyası kəmərin tikintisi çərçivəsində 16 503 254,24 avro məbləğində ikinci ödənişi rəsmi olaraq təsdiq edib və vəsait artıq ICGB (layihənin operatoru) şirkətinə daxil olub.

Xatırladaq ki, Yunanıstan-Bolqarıstan birləşdirici qaz kəmərinin (IGB – gələn ilin yay aylarında istifadəyə veriləcək) istifadəyə verilməsinin təxirə salınması səbəbindən Azərbaycan qazı Bolqarıstana müvəqqəti olaraq Yunanıstanın sərhəd nöqtəsində (Kula-Sidirokastro) mövcud birləşdirici xətlə nəql edilir.

Komotini (Yunanıstan) və Stara Zaqora (Bolqarıstan) arasında tikilən 182 km-lik IGB boru kəmərinin illik ötürmə gücü 3 mlrd. kubmetr olacaq, gələcəkdə bu göstərici 5 mlrd. kubmetrə çatdırıla bilər.

Qeyd edək ki, Bolqarıstanın "Bulgargaz" şirkəti "Şahdəniz-2" layihəsi çərçivəsində "Şahdəniz" konsorsiumu ilə ildə 1 mlrd. kubmetr qazın nəqli ilə bağlı müqavilə imzalayıb. Azərbaycan 2020-ci ilin dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsi ilə Avropaya qaz ixracına başlayıb. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanır.
Geri dön