Ana Sayfa > İqtisadiyyat > İqtisadçı-ekspertə YAP üzvlüyü vəsiqəsi təqdim olundu

İqtisadçı-ekspertə YAP üzvlüyü vəsiqəsi təqdim olundu


24-09-2021, 15:56. Yazar: admin
İqtisadçı-ekspertə YAP üzvlüyü vəsiqəsi təqdim olundu
Dünən Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında partiyanın VII Qurultayında YAP-a birləşən Milli Qurtuluş Partiyasının sabiq sədri Vüqar Oruca üzvlük vəsiqəsi təqdim olunub. Bununla bağlı keçirilən tədbirdə partiyanın rəhbər şəxsləri iştirak edib.

YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, bu il martın 5-də keçirilən YAP-ın VII Qurultayında mühüm qərarlar qəbul olunub. Bu qərarlar sırasında altı siyasi partiyanın YAP-a qoşulması da böyük əhəmiyyət daşıyır.

Vətən müharibəsinin başlanmasından bir ilə yaxın vaxt ötdüyünü deyən YAP Sədrinin müavini qeyd edib ki, 44 gün davam edən bu müharibədə qələbəmizi şərtləndirən əsas amilərdən biri xalq-iqtidar birliyi və vətəndaş həmrəyliyidir: “Müharibə başlayan gün ölkədə fəaliyyət göstərən siyasi partiyaların birgə bəyanat verərək Müzəffər Ali Baş Komandana və ordumuza dəstək nümayiş etdirməsi bunu bir daha təsdiqləyir. Eyni zamanda, altı siyasi partiyanın YAP-a qoşulması da Azərbaycanda milli həmrəyliyin növbəti nümunəsidir”.

YAP Mərkəzi Aparatının rəhbəri vurğulayıb ki, Yeni Azərbaycan Partiyasının qarşısında böyük vəzifələr dayanır: “Bu vəzifələrin yerinə yetirilməsi üçün partiya üzvləri monolit qüvvə kimi bütün imkanlarını səfərbər etməlidir”.

Tahir Budaqov YAP-ın sıralarına qoşulmuş altı siyasi partiyanın nümayəndələrinin də partiyamızın həyatında fəal iştirak edəcəyinə inandığını söyləyib.

Milli Qurtuluş Partiyasının sabiq sədri Vüqar Oruc göstərilən etimada görə Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevə təşəkkür edib və bundan sonra YAP üzvü kimi üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışacağına söz verib.

O, rəhbərlik etdiyi partiyanın YAP-a qoşulmaq qərarını hər iki partiyanın strateji məqsədlərinin eyni olması ilə əlaqələndirib: “Milli Qurtuluş Partiyası erməni işğalçılığına qarşı mübarizə, milli ideologiyasının təbliği, vətənpərvərlik ruhunun aşılanması, milli-mənəvi dəyərlərin qorunması istiqamətində fəaliyyət göstərib. Fəaliyyəti dövründə milli dövlətçilik ideyasını daim təbliğ edən partiyanın məramında da bu öz əksini tapıb. 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Zəfər qazandı, tarixi həsrətimizə son qoyuldu. İşğal altında olan torpaqlarımız azadlığa qovuşdu. Milli Qurtuluş Partiyasının sədri olaraq bu qələbədən sonra partiyamızın kollektiv şəkildə Yeni Azərbaycan Partiyasına qoşulması təklifini irəli sürdüm və partiya üzvləri yekdilliklə bu təklifimi dəstəklədilər”.

V.Oruc bildirib ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə çoxvektorlu islahatlar həyata keçirilir: “Bu instusional islahatları dəstəkləyir və bu istiqamətdə üzərimizə düşən vəzifələri yerinə yetirməyə, Azərbaycan dövlətçiliyinin inkişafı və qüdrətlənməsi istiqamətində əməli fəaliyyət göstərməyə hazırıq. Eyni zamanda son qurultaydan sonra partiyada aparılan islahatları da rebrendinq kimi qəbul edir və təqdir edirik”.

Onun sözlərinə görə, yeniyetmə yaşlarından ictimai-siyasi fəaliyyətlə məşğuldur: “Demək olar ki, həyatımızın əhəmiyyətli bir hissəsi bu mübarizədə keçib. Obyektiv səbəblərdən müəyyən müddət siyasi fəaliyyətimə ara versəm də, bundan sonra Yeni Azərbaycan Partiyası sıralarında aktiv siyasi fəaliyyət göstərmək niyyətindəyəm” – partiya üzvü qeyd edib.

Sonda YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov partiyanın üzvlük vəsiqəsini Vüqar Oruca təqdim edib.

Xatırladaq ki, əslən Cənubi Azərbaycandan olan Vüqar Oruc 1990-cı ildə Şimali Azərbaycan Milli Demokratik Gənclər Birliyinin, 1992-ci ildə Türk Millətçi Gənclər Təşkilatının, 1998-ci ildə isə Türk Millətçi Partiyasının qurucusu və sədri olub. Daha sonra Milli Qurtuluş Partiyasına birləşərək bu partiyanın sədri seçilib. 2005-ci ildə 70 saylı Masallı şəhər, 2010-cu ildə 31 saylı Suraxanı seçki dairələrindən deputatlığa namizəd olub. Demokratik Konqresin İdarə Heyətinin üzvü, Bizim Azərbaycan Blokunun əvvəlcə sədrlər şurasının üzvü, ardınca sədri postunu daşıyıb.

Hazırda sahibkarlıq fəaliyyəti ilə məşğul olan Vüqar Oruc “VECON CONSULTING” qiymətləndirmə şirkətinin təsisçisi və direktorudur. Rəhbəri olduğu şirkət ölkəmizin aparıcı maliyyə qurumları, dövlət təsisatları, istehsal müəssisələri, aparıcı şirkətləri ilə portnyordur. Azərbaycanın əksər bölgələrində nümayəndəliyi fəaliyyət göstərən şirkət Mərkəzi Bankın, Aqrar Kredit və İnkişaf Agentliyinin, eləcə də Azərbaycan Respublikası Kredit Zəmanəti və İpoteka Fondunun müvəkkil təşkilatıdır. “VECON CONSULTING” MMC Azərbaycan Milli Sahibkarlar Konfederasiyasının və Azərbayacan Qiymətləndiricilər Cəmiyyətinin kollektiv üzvüdür.

V.Oruc eyni zamanda Azərbaycanda Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədr müavini və AQC Ekspertiza Mərkəzinin rəhbəridir.

Geri dön