Ana Sayfa > İqtisadiyyat > Ləğv olunmuş 4 bankın əmanətçilərinə 543,6 milyon manat kompensasiya ödənilib

Ləğv olunmuş 4 bankın əmanətçilərinə 543,6 milyon manat kompensasiya ödənilib


16-10-2020, 10:55. Yazar: admin
Ləğv olunmuş 4 bankın əmanətçilərinə 543,6 milyon manat kompensasiya ödənilib

Oktyabrın 15-nə Əmanətlərin Sığortalanması Fondu (ADIF) tərəfindən bağlanmış "AG Bank", "Amrah Bank", "NBC Bank" və "Ata Bank" üzrə 23 min 198 əmanətçiyə 543,65 milyon manat kompensasiya ödənişi həyata keçirilib.

AZƏRTAC Əmanətlərin Sığortalanması Fonduna istinadla xəbər verir ki, bu il iyunun 16-dan oktyabrın 15-dək "Azərbaycan Beynəlxalq Bankı" tərəfindən ləğv prosesində olan "AG Bank" və "NBC Bank"ın əmanətçilərinə 194,93 milyon manatdan çox kompensasiya ödənilib. "AG Bank" üzrə 4268 əmanətçiyə 80,47 milyon manat, "NBC Bank" üzrə isə 4003 əmanətçiyə 114,45 milyon manatdan çox kompensasiya ödənilib. İyunun 1-dən oktyabrın 15-dək "Kapital Bank" tərəfindən "Amrah Bank" və "Ata Bank"ın əmanətçilərinə 348,71 milyon manatdan çox kompensasiya ödənişi həyata keçirilib. Hesabat dövründə "Amrah Bank" üzrə 5627 əmanətçiyə ödənilən kompensasiyanın məbləği 133,34 milyon manat, "Ata Bank" üzrə 9300 əmanətçiyə isə 215,37 milyon manat təşkil edib.

Fond tərəfindən son bağlanmış banklar üzrə əmanətçilərin kompensasiyalarının təmin edilməsi artıq yekunlaşmaq üzrədir. Tam ödənilmə prosesi qısa zaman içərisində qanunla müəyyən olunmuş qaydada yekunlaşdırılacaq. Mərkəzi Bank tərəfindən kapitallarını tam itirdiklərinə, kreditorları qarşısında öhdəliklərini yerinə yetirə bilmədiklərinə görə sığorta hadisəsi baş vermiş “Ata Bank” ASC, “Amrah Bank” ASC, “NBC Bank”ASC və “AG Bank”ASC-nin lisenziyaları ləğv edilib, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 28 aprel və 14 may tarixli qərarlarına əsasən sözügedən banklar müflis elan olunub və Əmanətlərin Sığortalanması Fondu ləğvedici təyin edilib. Müflis olunmuş banklar üzrə öhdəliklərin reyestri fonda təqdim olunub və ADIF tərəfindən qorunan əmanətlər üzrə kompensasiyaların ödənilməsi prosesinə qısa zaman ərzində başlanılıb. Fondun Himayəçilik Şurasının qərarına əsasən, qorunan əmanətlər üzrə kompensasiyaların verilməsi üçün agent bank qismində “Ata Bank” ASC və “Amrah Bank” ASC üzrə “Kapital Bank” ASC, “AG Bank” ASC və “NBC Bank” ASC üzrə isə “Azərbaycan Beynəlxalq Bankı” ASC seçilib. Əmanətlərin Sığortalanması Fondu iyunun 1-dən “Ata Bank” ASC və “Amrah Bank” ASC-də, iyunun 16-dan isə “AG Bank” ASC və “NBC Bank” ASC-də əmanətlər üzrə kompensasiyaların ödənilməsinə başlayıb.

Azərbaycan Mərkəzi Bankı və Əmanətlərin Sığortalanması Fondunun birgə fəaliyyəti əsasında fondun hazırlanan yeni strateji modelinin bu ilin sonunadək formalaşdırılması nəzərdə tutulub. Qeyd edək ki, yeni strateji modelin hazırlanması ölkə iqtisadiyyatına, bank sektoruna və əmanətçilərə öz yüksək töhfəsini verməsi gözlənilir. Bağlanmış banklarda problemlərlə üzləşmiş əmanətçilərin nəzərinə çatdırılır ki, sözügedən məsələ ilə əlaqədar vəsaitlərin qanunvericiliyə müvafiq qaydada və qısa müddətdə qaytarılmasının təmin edilməsi ilə bağlı Əmanətlərin Sığortalanması Fondu tərəfindən bütün lazımi tədbirlər görülür.
Geri dön