Ana Sayfa > İqtisadiyyat > SOCAR: Azərbaycana bu il Aİ-92 benzininin idxalı gözlənilmir
SOCAR: Azərbaycana bu il Aİ-92 benzininin idxalı gözlənilmir1-09-2020, 12:00. Yazar: admin |
"Pandemiya səbəbindən bu ilin mart-aprel aylarından başlayaraq, Azərbaycanda Aİ-92 yanacağının istehlak səviyyəsi əhəmiyyətli dərəcədə azaldı ki, bu, həm yanacaq ehtiyatını toplamağa, həm də onun bir qismini ixrac etməyə imkan yaratdı". Bunu "APA-Economics"ə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib. Onun sözlərinə görə, proqnozlaşdırılan istehlaka əsaslanaraq, yaranan ehtiyat, Heydər Əliyev adına Neft Emalı Zavodunun (NEZ) planlı təmirə dayandırılmasına baxmayaraq, daxili tələbatı ödəmək üçün yetərli olmalıdır ki, bu da, çox güman ki, cari ildə sözügedən növ yanacağın idxal edilməsinə ehtiyac yaranmayacağını deməyə əsas verir. "Hazırda hər il olduğu kimi, NEZ-də profilaktik təmir işləri keçirilir. SOCAR "Azərikimya" İstehsalat Birliyi və NEZ vahid qiymət zənciri ilə əlaqəlidir. "Azərikimya" xammalı birbaşa Neft Emalı Zavodundan alır. Zavodda planlı təmir işləri zamanı "Azərikimya"ya xammal tədarükündə fasilələr yaranır. Bu səbəbdən hər iki müəssisədə planlı təmir eyni vaxtda aparılır", - deyə İ. Əhmədov qeyd edib. SOCAR-ın rəsmisi onu da bildirib ki, "Azərikimya" İB-də 5 avqust tarixindən başlanılan planlı təmir işləri təxminən iki ay davam edəcək. Müəssisənin fəaliyyəti müvəqqəti dayandırıb. İB-də qurğuların təmiri, zavodun modernləşdirilməsi işləri, o cümlədən pandemiya səbəbindən vaxtında aparıla bilməyən işlərin bir qismini həyata keçirilir. "Heydər Əliyev adına NEZ-də planlı təmir işlərinə avqustun 27-dən başlanılıb. Bu müddət ərzində dayandırılmış bloklarda zavodun modernləşdirilməsi layihəsi çərçivəsində də müəyyən işlər görüləcək. Neftayırma zavodunun müvəqqəti dayanması 1,5 ay davam edə bilər. NEZ-də planlı təmirin "Azərikimya"dakı təmirdən gec başlaması səbəbindən hər iki zavodun eyni vaxtda işə salınması planlaşdırılır", - deyə İ. Əhmədov əlavə edib. Geri dön |