Ana Sayfa > İqtisadiyyat > SOCAR: Azərbaycan Türkiyə qaz bazarının lideri olmaq məqsədini güdmür

SOCAR: Azərbaycan Türkiyə qaz bazarının lideri olmaq məqsədini güdmür


26-08-2020, 13:44. Yazar: admin
SOCAR: Azərbaycan Türkiyə qaz bazarının lideri olmaq məqsədini güdmür

Azərbaycan Türkiyə qaz bazarında "bir nömrə" olmaq məqsədini güdmür, tədarükdə ölkəyə liderliyi qaz istehsalı və nəql edilməsi üçün ortaq layihələr, habelə Ankaranın daxili tələbatın azalması fonunda digər ölkələrdən alışın azalması qazandırıb.

"APA-Economics"in məlumatına görə, bunu SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov RİA "Novosti"yə verdiyi müsahibəsində deyib.

Bu ilin birinci yarısının nəticələrinə görə, Azərbaycan Türkiyəyə ən çox qaz idxaı edən ölkə olub: tədarük ötən ilin eyni dövrü ilə müqayisədə 23,4% artaraq 5,44 mlrd. kubmetrə çatıb ki, bu da Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə tədarükün artması ilə əlaqədardır.

Ötən il Türkiyəyə qaz tədarükünün lideri sayılan Rusiyadan yanvar-iyun aylarında 4,68 mlrd. kubmetr (-41,5%) idxal olunub, İrandan tədarük isə 46% azalıb.

"Ümumiyyətlə, biz Türkiyə qaz bazarında "bir nömrəli" olmaq kimi qarşımıza vəzifə qoymamışıq. Azərbaycandan Türkiyəyə qaz tədarükü əvvəlcədən planlaşdırılan həcmdən çox deyil. Cənub Qaz Dəhlizinin işə düşməsindən sonra ikinci ən böyük tədarükçü dövlət olacağımızı güman edirdik. Lakin müəyyən bir məqamda Azərbaycan qazı Türkiyəyə tədarük baxımından birinci oldu və bu, ölkəmizdən qaz tədarükünün planlı şəkildə artması nəticəsində baş verməyib, sadəcə, Türkiyənin daxili qaza olan tələbatının azalması fonunda digər ölkələrdən qaz idxalını əhəmiyyətli dərəcədə azaltması səbəbindən olub", - deyə İ. Əhmədov qeyd edib.

O, Türkiyə şirkətlərinin təkcə idxalçı deyil, eyni zamanda, bir sıra layihələrdə Azərbaycanın tərəfdaşı olduğunu da xatırladıb. Belə ki, Türkiyənin TPAO şirkəti "Şahdəniz" yatağının işlənməsində iştirak edir ("Şahdəniz" üzrə TPAO-nun Hasilatın Pay Bölgüsü Sazişinə uyğun olaraq payı 9% təşkil edir), Türkiyənin "Botas" şirkəti isə TANAP qaz kəmərinin səhmdarıdır.

"Türkiyə tərəfi digər səhmdarlarla birlikdə bu layihələrə sərmayə yatırıb. Buna görə də Türkiyə Cənub Qaz Dəhlizi layihələrində səhmdarlardan biri olaraq qazın daşınması və satışından əldə etdiyi mənfəətdəki payını alacaq. Başqa sözlə, Azərbaycan qazını almaqla Türkiyə nəinki xərcləyir, həm də qazanc əldə edir", - deyə İ. Əhmədov əlavə edib.
Geri dön