Ana Sayfa > Hadisə / Manşet > Beytulla Hüseynovun daha bir adamı hədəfdə

Beytulla Hüseynovun daha bir adamı hədəfdə


4-11-2015, 09:53. Yazar: admin
Beytulla Hüseynovun daha bir adamı hədəfdə
Bu gün Azərbaycanın sürətlə inkişaf edən iqtisadiyyatı bir çox müasir texnoloji sahələrin də dinamik inkişafı üçün zəmin yaradır. Ölkəmizdə bu inkişafın xüsusi dinamikası ilə seçilən sahələrdən biri də rabitə və informasiya texnologiyalarıdır. Etiraf etmək lazımdır ki, son illər respublikanın rayon və şəhərlərində vətəndaşlara keyfiyyətli xidmət göstərmək üçün Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) tərəfindən bir sıra əsaslı islahatlar həyata keçirilib. Bununla belə nazirliyin tabeliyində olan bəzi struktur bölmə rəhbərlərinin səriştəsizliyi, yol verilən özbaşınalıqlar və korrupsiya halları bu sahədə hələ də təcili həllini gözləyən ciddi problemlərin mövcudluğunu diqqət mərkəzinə çəkir. Bu baxımdan, son günlər cərəyan edən hadisələr də nazirliyin tabeliyində fəaliyyət göstərən bir çox qurum və stuktur bölmələrində ciddi fəsadlara səbəb ola biləcək vəziyyətin yaranmasından xəbər verir. Belə ki, bu günlərdə RYTN aparat rəhbəri Vidadi Zeynalovun və Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) rəisi Beytulla Hüseynovun tutduqları vəzivələrdən azad olunaraq, barələrində 3 ay müddətinə həbs qəti imkan tədbiri seçilməsi bu sahədə son vaxtlar yol verilən korrupsiya hallarının artmasının məntiqi nəticəsi oldu. Yayımlanan məlumata görə, Beytulla Hüseynovun barəsində Cinayət Məcəlləsinin mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, öz xidməti vəzifəsini yerinə yetirməməsi, dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulması və digər ittihamları nəzərdə tutan bir neçə maddəsi ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət işi açılmışdır. Digər tərəfdən isə, redaksiyamıza daxil olan məlumatlarda bildirilir ki, nazirliyin tabeliyində fəaliyyət göstərən bir çox qurumlarda qanunsuzluq və özbaşınalıqlar hələ də davam edir. O cümlədən təqdim olunan açıqlamalarda Nizami rayon Telekommunikasiya Qovşağının (TKQ) fəaliyyətində müşahidə edilən ciddi nöqsanlardan bəhs olunur. Bildirilir ki, bu müəssisədə vətəndaşlardan müxtəlif yollarla pul qoparılır. Cari dövriyyə borcu adı altında yığılan bu pullar isə bir neçə il bundan əvvəl yığılıb qalmış borclar kimi təqdim olunur. Daxil olan məlumatlarda qovşağın fəaliyyəti üçün son dərəcə xarakterik olan belə bir hal təsvir edilir. Bir il bundan öncə vətəndaş evini satıb və telefon danışıqları üzrə cari dövriyyə borcunu da ödəmədən qeydiyyatdan çıxıb. Həmin evi alan digər vətəndaş isə yeni telefon xətti çəkdirirərək abunəçi statusu alıb. Qovşağın əməkdaşları isə köhnə sakinin borclu olduğu həmin pulları da evi müqavilə ilə yenicə almış vətəndaşdan alırlar. Əks təqdirdə isə onun telefon xətti kəsilir. Baxmayaraq ki, vətəndaşın köhnə nömrəyə və abunəyə, eyni zamanda danışıq qiymətinə aidiyyatı yoxdur. Qısası, şöbə pul almaq məqsədilə vətəndaşa yeni nömrəni verir və bir neçə aydan sonra köhnə borcları tələb edir. Bununla belə vətəndaşlara sayğısızlıq o həddədir ki, Nizami rayon Telekommunikasiya Qovşağının rəisi Fətulla Seyidov heç kəslə görüşmək istəmir və vətəndaşları qəbul etməkdən belə, imtina edir.

Maraqlıdır ki, bir neçə gün bundan əvvəl ölkə mətbuatında Fətulla Seyidovun həbsi ilə bağlı təsdiqlənməmiş məlumat bda yayılmışdı. Məlumdur ki, Nizami rayon Telekommunikasiya Qovşağının rəisi Beytulla Hüseynova xüsusi yaxınlığı ilə seçilən kadrlardandır. Əldə etdiyimiz məlumata görə, onların yoldaşlıq münasibətlərinin əsası hələ Naxçıvanda işlədikləri dövrdə qoyulub. Fətulla Seyidovun həbsi ilə bağlı məlumat təsdiqlənməsə də, müxtəlif mənbələr tərəfindən verilən açıqlamalarda Beytulla Hüseynovla yaxın münasibətləri olan TKQ rəislərinin fəaliyyətlərinin də ciddi şəkildə təftiş olunacağı bildirilir.

Təbii ki, bütün bu iddialara dair Fətulla Seyidovun mövqeyini də öyrənmək bizim üçün olduqca maraqlı olardı.

Geri dön