Ana Sayfa > Hadisə / Manşet > Gədəbəydə dərəbəylik
Gədəbəydə dərəbəylik27-10-2015, 11:31. Yazar: admin |
Gədəbəy rayonunda sahibkarların incidilməsi artıq çoxdan adi bir hala çevrilib. Bu rayonun İcra Hakimiyyətinə başçılıq edən Ramiz Yediyarov öz biznesini hər cür rəqabətdən sığortalamaq, eləcə də rayonun ayrı-ayrı vətəndaşların mülkiyyətində və ya istifadəsində olan müxtəlif ərazilərini zəbt etmək məqsədilə yol vermədiyi qanun pozuntuları, törətmədiyi özbaşınalıqlar qalmayıb. Ən müxtəlif mənbələrdən daxil olan məlumatlarda da birmənalı olaraq vurğulanır ki, bu gün Gədəbəydə ölkə qanunlarının işlək olmaması, Ramiz Yediyarovun və onun əlaltılarının hətta prezidentin fərmanlarına belə məhəl qoymayaraq, sahibkarlara qarşı qanunsuzluqlar etməsi, obyekt və müəssisələrin talan olunmaları, özəl və dövlət qurumlarından aylıq xərac toplanılması hər kəsə məlum olan bir həqiqətdir. Çox təəssüf doğurucu bir haldır ki, xüsusilə son vaxtlar Gədəbəy rayonundan olan iş adamlarının müxtəlif qurumlara, həmçinin bilavasitə ölkə rəhbərliyinə ünvaladıqları çoxsaylı müraciətlərə baxmayaraq, bu kimi problemlərin həllində məsul olan dövlət qurumları da nədənsə rayonda yaranmış vəziyyətə müdaxilə etməyə tələsmirlər. Məlum olduğu kimi, hələ 2002-ci il sentyabr ayının 28-də mərhum prezident, ümummilli lider Heydər Əliyev tərəfindən “Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqda” fərman imzalanmışdı. Həmin fərmanda sahibkarlıq subyektlərində əsassız yoxlamaların aparılması qadağan edilmiş, sahibkarlığın inkişafı yolunda olan əngəllərin aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsi nəzərdə tutulmuşdur. Həmçinin qeyd etmək lazımdır ki, bu günə qədər qüvvədə olan həmin fərmanın tələblərinin icrası da İqtisadiyyat və Sənaye Nazirliyinə (keçmiş İqtisadi İnkişaf Nazirliyi) tapşırılıb. Bəs görəsən hansı səbəblərdən bu gün Gədəbəyin iş adamları öz problemləri ilə bilavasitə ölkə rəhbərliyinə müraciət etmək məcburiyyətində qoyulurlar? Nəyə görə İqtisadiyyat və Sənaye Nazirliyinin əməkdaşları tərəfindən Gədəbəydə baş verənlər araşdırılmır və bu barədə ölkə rəhbərliyinə obyektiv məruzə olunmur? Bəlkə nazirlik rəsmiləri rayona gedəcəkləri halda Ramiz Yediyarovun onlarla da sahibkarlar kimi rəftar edəcəyindən ehtiyatlanırlar? Bəlkə də bu xüsusda onlara haqq qazandırmaq olar. Məlum olduğu kimi Gədəbəyin icra başçısı ondan şikayət edən insanlara qarşı ən sərt cəza tədbirlərini tətbiq etməkdən belə qətiyyən çəkinmir. Şikayətçi sahibkarların ailə üzvlərinin işdən çıxarılması, özlərinin əsassız olaraq həbs edilməsi hallarına Gədəbəydə çox rast gəlmək mümkündür və bu barədə biz ötən saylarımızda dərc etdiyimiz materiallarda çox sayda faktlar təqdim etmişik. Elə son materiallarımızdan birində qeyd olunduğu kimi, Ramiz Yediyarovun qeyri-qanuni əməllərindən müxtəlif vaxtlarda külli-miqdarda ziyan çəkmiş yerli iş adamlarından ibarət bir qrup vətəndaş oktyabr ayının 8-də Bakıya gələrək, Prezident Administrasiyasına müraciət etmişdilər. Bundan sonra, şikayətçi vətəndaşlar oktyabrın 12-də PA-nın Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdirinin müavini Tağı Tağıyev tərəfindən qəbul edilmişdilər. Oktyabrın 22-də isə, Gədəbəy rayonundan olan sahibkarlar yenidən Prezident Aparatının qarşısına toplaşmışdılar. Şikayətçi iş adamlarının paytaxta bu səfərlərindən qeyzlənən Ramiz Yediyarov isə, ayın 22-də rayonda geniş iclas keçirmiş və orada onun fəaliyyət üsullarına etiraz edən bütün digər iş adamlarını da bir-bir həbs etdirəcəyini bəyan etmişdi. Etirazlarını bildirən sahibkarlardan ikisi, Oqtay Qara oğlu və Rasim Həziyev isə, artıq hərəsi bir dəfə olmaqla, 15 sutkalıq həbs cəzasına məruz qoyulublar. Göründüyü kimi, Gədəbəy rayonunda Azərbaycan qanunları yerli icra orqanları tərəfindən həqiqətən də kobud şəkildə pozulmaqdadır. Vəziyyətə müdaxilə etməli olan digər dövlət qurumları isə, öz passiv mövqeyləri ilə bu qanunsuzluqların iştirakçısına çevrilmiş olurlar Geri dön |