Ana Sayfa > Hadisə / Manşet > "Gədəbəy mafiyası"nın təhsildəki uzantısı...

"Gədəbəy mafiyası"nın təhsildəki uzantısı...


29-09-2015, 09:56. Yazar: admin
"Gədəbəy mafiyası"nın təhsildəki uzantısı...
Təxminən iki il öncə Ceyhun Bayramov təhsil naziri Mikayıl Cabbarovun müavini vəzifəsinə təyin olunub. Halbuki onun yaxından uzaqdan təhsilin idarə olunması ilə heç vaxt əlaqəsi və bağlılığı olmayıb. Belə ki, əslən Gədəbəy rayonundan olan, lakin Bakıda dünyaya göz açmış Ceyhun Bayramov 1996-2000-ci illərdə Vergilər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb, 2000-2002-ci illərdə "Salans Hertzfeld & Heilbronn (Baku) Limited" şirkətində hüquqşünas, 2002-2013-cü illərdə isə "OMNİ" hüquq şirkətinin direktoru olub. Gördüyünüz kimi, o, indiyədək təhsil sistemi ilə bağlı heç bir işdə çalışmayıb, lakin qardaşının - maliyyə nazirinin müavini Azər Bayramovun vasitəsi ilə təhsil nazirinin müavini postuna yiyələnməyi bacarıb.

Ceyhun Bayramovun Mikayıl Cabbarovun sinif yoldaşı və yaxın dostu olduğunu vurğulayan məlumatlı şəxsin sözlərinə görə, onlar "Çto? Qde? Koqda?" yarışmasında bir komandada mübarizə aparıblar: "Ümumiyyətlə, son zamanlar Ceyhun Bayramovun adı bir sıra xoşagəlməz məqamlarda hallandırılır. Məsələn, deyilənlərə görə, nazir müavini məhz qardaşı Azər Bayramovun dəstəyi ilə təhsil sistemi ilə bağlı keçirilən tender müsabiqələrinin əksəriyyətində söz sahibliyi qazana bilib. Bunun nəticəsində istədiyi təhsil müəssisəsi rəhbərini öz təsiri altına salmağı bacarır. Bu əsnada, o da qeyd olunmalıdır ki, Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov Ceyhun Bayramovun güvəndiyi, birgə "əməkdaşlıq" etdiyi şəxslərdən sayılır. Əgər müvafiq qurumlar bununla bağlı araşdırma aparsalar, o zaman məlum olacaq ki, Təhsil Nazirliyinin peşə sektorunu əhatə edən bütün işlərdə, həmçinin tender məsələlərindən Ceyhun Bayramovun adı keçir. Dövlət İqtisad Universitetinin rektoruna gəlincə, onların təhsil nazirinin müavininin təsiri altında olduğu deyilir. İndi qeyd edəcəyim məqam məhz bunu sübuta yetirir. Belə ki, Ceyhun Bayramovla Ədalət Muradov Dövlət İqtisad Universitetində ödənişli təhsildən əldə edilən vəsaitin, nə az, nə çox düz 25 milyon manatın digər istiqamətlərə yönəldilməsinə rəvac verib. Bununla bağlı kiçik bir araşdırma bəs edər ki, mövzu ilə bağlı bütün bilgilər ictimailəşdirilsin. Deyilənlərə görə, Ceyhun Bayramov bu məsələdə qardaşı Azər Bayramovun yardımlarına baş vurub. Məhz bundan sonra sözügedən vəsaitin təyinatı üzrə xərcləndiyi barədə sənədlər hazırlanıb".

Təhsil nazirinin müavininin qardaşı Azər Bayramovun Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri, "nurçu qalmaqalı"na görə tutduğu vəzifədən azad edilən Elşad İsgəndərovun qayını olduğunu deyən məlumatlı şəxs bildirir ki, Ceyhun Bayramov da Azərbaycandakı ilə əlaqəlidir: "Deyilənlərə görə, onun karyerasında bu faktor mühüm rol oynayıb. Ceyhun Bayramovun Təhsil Nazirliyində belə mühüm posta çəkilməsi səbəbsiz olmayıb. Belə ki, qardaşı onun müavin vəzifəsi alması üçün xeyli əziyyət çəkib və əlaqələrindən istifadə edib. Məqsəd isə Ceyhun Bayramovun təhsil məsələləri ilə deyil, məhz təhsilə ayrılan vəsaitlərə nəzarəti ələ keçirmək olub. Bu arada, qeyd edim ki, Ceyhun Bayramov artıq bir müddətdir ki, Təhsil Nazirliyinin müxtəlif şöbələrində öz adamlarını yerləşdirməyə başlayıb. Məsələn, nazirliyin tədris resursları şöbəsinin müdir müavini Əsgər Quliyev onun yaxın qohumudur. Onu da nəzərinizə çatdırım ki, Ceyhun Bayramov qardaşının dəstəyi ilə Təhsil Nazirliyinə aid az qala bütün tenderlərə nəzarəti həyata keçirir. Bu sahədəki tenderlərin sayı həddən artıq çoxdur. Təkcə onu qeyd etmək kifayətdir ki, ölkə miqyasında hər bir təhsil şöbəsi ildə minimum 1-2 milyon manatlıq tender elan edir və bu tenderlərin böyük əksəriyyəti sadəcə kağız üzərində olur. Yəni ayrılan dövlət vəsaitlərinin bir hissəsi başqa istiqamətlərə yönəldilir. Yalnız onu demək yetərlidir ki, ayrılan kağız üzərində həyata keçirilən tenderlərin bir qismi Azər və Ceyhun Bayramovların maraqlarına xidmət edir, yerdə qalan vəsaitlər isə təhsil şöbələrinin müdirlərinin ixtiyarına verilir. Təxminən, eyni vəziyyət bəzi ali məktəblərdə və orta ixtisas məktəblərində də özünü göstərməkdədir.

Misal kimi, Dövlət İqtisad Universitetini göstərmək olar. Belə ki, hər il bu ali təhsil ocaqlarına ayrılan vəsaitlərin bir qismi onun nəzarəti ilə "xərclənir". Əgər Hesablama Palatası və digər müvafiq qurumlar bu məsələnin üstünə düşsələr, yəni qeyd olunanları obyektiv şəkildə araşdırsalar, onda hələ bir çox qaranlıq məqamlara aydınlıq gətirilə bilər"

Bu arada, onu da bildirmək istərdik ki, sözügedən mövzu ilə bağlı son günlər Cəsarət müəllim də fəallaşmağa, dost qapısını döyməyə başlayıb. Düzdür, biz dost olsaq da, bu cür mühüm məsələlərə göz yuma bilmərik. Çünki təhsil ölkənin gələcəyidir. Normal təhsili olmayan məmləkət heç vaxt peşəkar kadr yetişdirə, həmçinin layiqli vətəndaş formalaşdıra bilməz. Bizə isə həm əsl vətənpərvər, həm də savadlı gənclər gərəkdir. Bunun üçün isə ölkənin təhsil sistemi saat mexanizmi kimi səhvsiz işləməlidir. Bizlər Vətən, millət, xalq, dövlət və dövlətçilik uğrunda döyüşəndə bu gün Təhsil Nazirliyinin mühüm postlarında əyləşmiş bəzi şəxsləri cəbhə bölgəsindən çox-çox uzaqda idilər. Xülasə, bu gün bizə Vətənini sevən savadlı kadrlar lazımdır. Ceyhun Bayramovun rəhbərliyi altında bu cür şəxslərin yetişdirilməsi isə heç də real görünmür…

Geri dön