Ana Sayfa > Hadisə / Manşet > Pullu vəzifəlilərin hansı şokedici hobbiləri ortaya çıxdı?
Pullu vəzifəlilərin hansı şokedici hobbiləri ortaya çıxdı?6-07-2015, 10:53. Yazar: admin |
Azərbaycanda məmurların özünəməxsus həyat tərzi haqqında çox yazılır və danışılır. Müəyyən vəzifəli şəxslər qanunsuz yollarla inanılmaz sərvət sahibinə çevrilir və bu zaman sadə vətəndaş üçün əlçatmaz görünən pulları sağa-sola xərcləyirlər. Müxtəlif zamanlarda mətbuatda yayılan məlumatlar və kənar müşahidələr belə deməyə əsas verir ki, sadə vətəndaşlar ən primitiv həyat şərtlərini yerinə yetirməkdə çətinlik çəkərkən, müəyyən məmurlar öz əyləncələri, bir-birindən qeyri-adi əyləncələri, hobbiləri üçün inanılmaz məbləğdə pullar xərcləyirlər. Bu yazıda biz məhz belə bir əyləncədən - bəzi iri məmurların müəyyən yarışlara hədsiz marağından danışacağıq. Belə yarışlardan biri müəyyən vəzifəli şəxslərin saxladıqları bahalı itləri boğuşdurmaqdır. Bu barədə mətbuatda yer alan məlumatlara inansaq, bəzən 5 min manata və baha qiymətə itlər alan, onları saxlamaq üçün bir çox hallarda günə 300-400 və daha çox pul xərcləyən bəzi məmurlar həmin itlərini boğuşdurmaq üçün yarışlar təşkil etməkdən də çəkinmirlər. Bu cür gizli döyüşlərdə bəzən hətta bahalı maşınlar, gözqamaşdırıcı mülklər və böyük məbləğdə pul "stavka" edilir. Məmurların daha bir sevimli əyləncəsi at yarışları keçirməkdir. Belə ki, Bakıdakı Cıdır Meydanında bəzi məmurlara məxsus atlar da saxlanılır. Belə məmurlar arasında SOCAR prezidenti Rövnəq Abdullayevin, "Azərenerji" prezidenti Etibar Pirverdiyevin, bəzi deputatların və digər məmurların adları çəkilir. Məmur atları arasında yarışların təşkil olunması isə təzə xəbər deyil. Məsələn, xeyli əvvəl Binə qəsəbəsində yerləşən atçılıq klubunda məmur atları arasında yarışın təşkil edildiyi barədə KİV-də yazılmış, hətta həmin yarışdan yazılı reportaj da KİV-də yer almışdı. Məlum olmuşdu ki, belə yarışlara məmurların ailə üzvləri də böyük maraq göstərir və tamaşa etməyə gəlirlər. Yarışlarda isə kifayət qədər iri məbləğdə "stavka"lar edilir. Uduşların həcmi bəzən bir orta statistik Azərbaycan ailəsinin on illik büdcəsini də vurub keçir. Məmurların daha bir sevimli əyləncəsi avtomobil yarışlarıdır. Daha doğrusu, belə yarışlara onların övladları ciddi maraq göstərirlər. Bu cür yarışlardan biri haqqında bir neçə ay əvvəl internetə düşən videogörüntülər hər şeyi çılpaqlığı ilə göz önünə sərir. Kadrlardan belə başa düşülür ki, "07" ilə "avtoş"luq edənlərin dövrü artıq başa çatır, indi avtoxuliqanlar üçün dəbdə olan maşınlar "Niva" və "Lada-Priora"dır.Düzdür, Rusiya istehsalı olan avtomobilin üzərində alman nömrələri, ərazinin Bakının küçələrinə həddindən artıq oxşarlığı müəyyən şübhələr yaradırdı, amma məsələ burasındadır ki, bu nömrələr saxta nömrələrdir, "avtoş"ların dili ilə desək, "lipa" nömrələrdir. Üstəlik, həmin nömrələrin Bakıda hazırlanması xəbəri də var. Avtomobilin nömrələrini və üzlərini gizlədən bu gənclər isə heç də sadə insanlar deyillər. Onlar məmur və biznesmen balalarıdır. Məlumata görə, onlar gecələr Bakıda bu cür əyləncələr təşkil edib avtoralliyə çıxırlar. Yeri gəlmişkən, ötən il "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədr müavini Mübariz Mədətovun "vurulması" ilə nəticələnən dəhşətli qəzanın - oğlu Xalid Mədətovun "Mercedes Galendewagen AMG63" markalı avtomobillə Zığ-aeroport yolunda iki nəfərin ölümü, üçünün yaralanması ilə nəticələnən hadisənin də məhz avtoyarış nəticəsində meydana gəldiyi məlumdur. Xatırladaq ki, həmin vaxt KİV-in yazdığına görə, məmur oğlu qəza baş verən gün daha bir neçə nəfər özü kimi zəngin balaları ilə hərəyə 10 min manatdan atışaraq avtomobil yarışı təşkil ediblər. "Xalid Mədətov və dostları (cəmi 8 nəfər) şəhərin mərkəzindəki elit restoranların birində yaxşıca yeyib-içdikdən sonra kimin daha bərk maşın sürməsi məsələsi üstündə bəhsə giriblər. Mübahisə zamanı belə ideya ortaya atılıb ki, kimin daha bərk sürdüyünü və kimin maşınının daha sürətli olduğunu sübut etmək üçün ortaya pul qoyub yarış təşkil etmək lazımdır. Yarışın şərtlərinə görə, hər bir iştirakçı 10 min manat pul qoyaraq "mükafat fondu" yaradıblar. Zığ şossesi (beton yol kimi tanınır) ilə şütüyərək Heydər Əliyev adına Bakı Beynəlxalq Aeroportuna birinci çatan "qonşik" 80 min manatlıq (100 min dollar) uduşa da sahib olmalı idi... Hamısı bərk sərxoş olan yarış iştirakçıları gecə saat 1 radələrində "Azneft" meydanından yola çıxaraq Zığ şossesi ilə vəhşi sürətlə hərəkətə başlayıblar. X.Mədətovun "Galendewagen"i digər iştirakçıların maşınlarından bir azca geri qalıb. Oğul Mədətov yarışı udmaq üçün sürəti daha da artırıb və avtomobilin sürəti saatda 240 kilometrə çatıb. Ancaq "Galendewagen" idarəetməni itirib və dəhşətli qəza baş verib" - mətbuat belə yazmışdı. Məmurların və onların övladlarının daha bir sevimli yarışı qumardır. Ölkədə kazinoların fəaliyyəti rəsmən qadağan edilsə də, gizli qumarxanaların mövcudluğu kimsəyə sirr deyil. İddialara görə, belə qumarxanalarda bəzi məmurları və onların övladlarını görmək mümkündür. Onlar kifayət qədər iri məbləğlərlə qumar yarışına girirlər. Bundan başqa, bəzi iri məmurlar sırf kazino həvəsi ilə xaricə üz tutur, burada gözdən iraq şəraitdə, daha təhlükəsiz şəkildə qumar ehtiraslarını öldürürlər. Mətbuatda müxtəlif vaxtlarda kazinoda milyonlarla manatdan tutmuş fantastik dəyəri olan villasını uduzan məmurlar barədə iddialar yer alıb. Bir sözlə, Azərbaycan vətəndaşlarının əhəmiyyətli hissəsi yoxsulluq içində yaşadığı halda bəzi məmurların haqqında danışılan, yaxud bizə hələ məlum olmayan bahalı və ekzotik əyləncələri təəssüf doğurur. Vəzifəsi xalqa xidmət olan müəyyən vəzifəli şəxslər belə hərəkətlərdən əl çəkməlidirlər, əks halda, bunun onlar üçün yaxşı nəticələnməyəcəyi son illərin təcrübəsindən məlumdur. Geri dön |