Ana Sayfa > Hadisə / Manşet > İmişlidə şəhid ailəsinə biganə münasibət

İmişlidə şəhid ailəsinə biganə münasibət


19-06-2015, 11:44. Yazar: admin
İmişlidə şəhid ailəsinə biganə münasibət
Vətən onun uğrunda şəhid olan şəxsləri heç vaxt unutmur. Bu sözlər əbəs yerə deyilməyib. Məlum olduğu kimi, dövlət tərəfindən şəhid ailələri, müharibə əlilləri və veteranlarının mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Əlillər və şəhid ailələri üçün mənzil tikintisinə 1997-ci ildən başlanılsa da, bu proses 2003-cü ildən sonra daha geniş vüsət alıb. Bunun da başlıca səbəbi dövlətin maliyyə imkanlarının 2003-cü ildən sonra yaxşılaşmasıdır.

Belə ki, 1997-ci ildə dövlət büdcəsinin xərcləri 588 milyon manat olduğu halda 2004-cü ildə 1,5 milyard manata, 2013-cü ildə 19 milyard manata yüksəldi. Dövlət büdcəsinin imkanları artdığından əlil və şəhid ailələri üçün tikilən mənzillərin sayında da ciddi artım oldu. Əlil və şəhid ailələrinə mənzillərin verilməsi məsələsi hüquqi müstəvidə də öz həllini tapıb. "Əlilliyi olan şəxslərin hüquqları haqqında" və "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" qanunlarda bu sosial qrupun mənzil-məişət şəraitinin yaxşılaşdırılması nəzərdə tutulur. Hər iki qanunda bununla bağlı ayrıca maddə mövcuddur. "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Qanunda qeyd edilir ki, müvafiq icra hakimiyyəti orqanları əlilliyi olan şəxslərin (uşaqların) mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına hər növ köməklik göstərməlidir. Əlilliyi olan şəxsin mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs hesab edilməsinin əsasları, yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının mənzil qanunvericiliyi ilə müəyyən edilir. Son illər ərzində ölkəmizin ayrı-ayrı bölgələrində şəhid ailələri və əlillər üçün yüzlərlə bina tikilib istifadəyə verilib. Bir bu qədər binanın tikintisi isə davam etdirilir. Nə qədər ürəkağrıdıcı olsa da, bu qrupdan olan insanlara mənzillərin paylanması zamanı bəzi hallarda qeyri-şəffaflıq müşahidə olunur. Belə ki, yerli icra hakimiyyəti orqanlarının nümayəndələri mənzillərin qarşılığında yaxınlarını müharibədə itirmiş insanlardan nəysə umurlar. Xatırlayırsınızsa, İmişli rayon sakini Babaşova Adilə Novruz qızı bir müddət əvvəl şikayət ərizəsi ilə redaksiyamıza müraciət edərək Rayon İcra Hakimiyyətinin (RİH) hüquq şöbəsinin müdiri Rahim Zaidov və aqrar məsələlər üzrə şöbənin baş məsləhətçisi, zootexnik Cavad Musayevin qanunsuz əməllərindən narazılığını dilə gətirmişdi. Bir neçə yaxın qohumunu Vətənə qurban verən qadın bildirmişdi ki, RİH rəsmiləri onun oğlunun adını mənzil siyahısına salmaq istəmirlər: "1991-ci ildə elan olunmamış Qarabağ müharibəsi başlayanda həyat yoldaşımla qayınatam hər ikisi eyni gündə qəhrəmancasına şəhid oldular. Vətən sağ olsun. Onların ardınca 1992-93-cü illərdə iki qardaşım könüllü olaraq döyüşlərə atıldı. Onlardan biri şəhid oldu, digəri isə sağlamlığını itirdi. Hazırda 1-ci qrup Qarabağ əlilidir. Daha sonra yenə iki yaxın qohumum könüllü şəkildə müharibəyə yollandı. Onlar da Vətən yolunda canlarından keçdilər. İmişli Rayon Təhsil Şöbəsinin yerləşdiyi binada məskunlaşmışıq. Sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı aidiyyəti orqanlardan kömək istəmişdim. Buna cavab olaraq yaşayış yerimə baxış keçirildi və təmirlə əlaqədar işlərə başlandı. Ancaq yekunda görülən işlərin o dərəcədə keyfiyyətli olmadığı üzə çıxdı. Belə ki, mövcud olan mətbəxin dam örtüyü yaxşı təmir olunmadığından yağan yağışın hamısı içəri daxil olurdu və evin əşyaları tam yararsız hala düşmüşdü. O cümlədən həmin otağın divarları nəm çəkdi və bərbad hala qaldı. Vəziyyətlə bağlı İmişli Rayon İcra Hakimiyyətinin memarına müraciət edərək köməklik göstərmələrini istədim. Onlar da öz növbəsində gəlib evə baxdılar, söz verdilər ki, köməklik olunacaq. Aradan bir neçə ay keçməsinə baxmayaraq, hələ də heç bir kömək edilməyib. Balaca oğlum əlil olduğu üçün İmişli Rayon İcra Hakimiyyətində mənzil növbəsinə dayanmışdı. Lakin hüquq şöbəsinin müdiri Rahim Zaidov oğlumun adını həmin siyahıdan bilərəkdən çıxarıb və öz övladı Mənsur Zaidovun adını ora yazdırıb".

Yaranmış problemlə bağlı qəzetimizdə bir neçə yazının dərc olunmasına baxmayaraq, rayon rəhbərliyi hələ də Adilə Babaşovaya heç bir yardım göstərməyib. Dünən yenidən redaksiyamızla əlaqə saxlayan vətəndaş üzləşdiyi biganə münasibətdən təəssüf hissi keçirdiyini qeyd etdi: "Rayonda şəhid ailələri və əlillər üçün tikilən binada artıq son işlər görülür. Yəqin ki, yaxın vaxtlarda həmin mənzillər sahiblərinə paylanacaq. Məni narahat edən isə oğlumun adının mənzil növbəsinə dayanan insanların siyahısına salınmamasıdır. İcra hakimiyyətinin şöbə müdiri açıq-aşkar şəkildə məndən "şirinlik" umur. Böyük oğluma mənzil alarkən Rahim müəllimə hörmət etmişdim. İndi isə buna maddi gücüm çatmır. Ailə başçımı Qarabağ döyüşlərində itirmişəm. Heç yerdən qazancım yoxdur, ağır şəraitdə yaşayırıq. Yaxın qohumlarımın şəhidliyindən qətiyyən istifadə etmək niyyətində deyiləm. Sadəcə, bu cür soyuq münasibəti görüb dəhşətə gəlirəm və danışmaqda çətinlik çəkirəm. Mən tam əminliklə deyə bilərəm ki, ölkə başçısının belə işlərdən xəbəri yoxdur. Əgər o bilsə ki, İmişlidə Vətənə bir neçə şəhid vermiş ailənin mənzil şəraiti bərbad haldadır, dərhal tədbir görər. Biz ailəlikcə cənab prezidentimizin yürütdüyü siyasəti dəstəkləyirik. Onun fəaliyyətindən çox razıyıq. Azərbaycanımızın bu səviyyəyə çatmasında hörmətli prezidentimizin müstəsna xidmətləri var. Nəyə görə bəzi məmurlar ona baxıb nümunə götürmürlər? Bir daha bildirmək istəyirəm ki, mənzil şəraitimiz acınacaqlı vəziyyətdədir. Oğlumun biri kirayələrdə sürünür. Rahim Zaidov oğlumun adını mənzil siyahısından qəsdən çıxarıb. Əlindəki imkanlardan istifadə edərək öz oğluna mənzil almağa çalışır. Şəhid ailəsi olaraq bu duruma öz etirazımı bildirirəm. Şöbə müdirinin yox məhz bizim mənzilə ehtiyacımız var". Adilə xanım sonda qəzet vasitəsilə cənab prezidentə müraciət etdi: "Ölkə başçısından kömək istəyirəm. İnanıram ki, hər bir azərbaycanlının dərdini öz dərdi bilən prezident İlham Əliyev mənə köməklik göstərəcək və biz mənzillə təmin olunacağıq".

Şikayətlə bağlı İmişli RİH-in hüquq şöbəsinin müdirinin münasibətini öyrənməyə çalışsaq da, cəhdlərimiz uğursuzluqla nəticələndi. Buna rəğmən, qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Gündəlik Bakı

Geri dön