Ana Sayfa > Hadisə > Zeynəb Xanlarovanın bacısı oğluna hökm oxunacaq - TƏFƏRRÜAT
Zeynəb Xanlarovanın bacısı oğluna hökm oxunacaq - TƏFƏRRÜAT1-04-2022, 11:04. Yazar: admin |
Bu gün, aprelin 1-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə xalq artisti Zeynəb Xanlarovanın bacısı oğlu Daşqın Nəsirov və digərlərinin cinayət işi üzrə hökm oxunacaq. Daşqın Nəsirovun adı Bakının Xəzər rayonu, Türkan qəsəbəsində 79 yaşlı Əzizəxanım Atayeva və 91 yaşlı Xumara Şabanova sağ olduğu halda, onların ölməsi barədə saxta sənədlər hazırlayıb, hər birinin 25 sot torpaq sahələrini satan mütəşəkkil dəstənin cinayət işində əsas fiqurant kimi keçir. 1 ilə yaxındır davam edən məhkəmə prosesində prokuror çıxış edərək, təqsirləndirilən şəxslərə cəza istəyib. Təqsirləndirilən şəxslərin arasında Daşqın Nəsirovdan savayı Xəzər Rayon İcra Hakimiyyəti başçısının Türkan qəsəbəsi üzrə keçmiş nümayəndəsi Rahil Babayev, Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin sabiq rəisi Zəfər Abdulov və onun müavini Eldar Mirzəyev və Türkan və Zirə qəsəbələrində daşınmaz əmlak alqı-satqısıyla məşğul olmuş Çingiz Səfərov da var. Adları çəkilən şəxslərdən ikisi - Rahil Babayev və Çingiz Səfərov həbsdədir. Xalq artisti Zeynəb Xanlarovanın bacısı oğlu olan Daşqın Nəsirov da həbsdə idi. Lakin o, təxminən 4 ay həbsdə saxlandıqdan sonra səhhətindəki problemlər əsas gətirilərək, buraxıldı. Hazırda onun barəsində polis nəzarətinə vermə qətimkan tədbiri seçilib. Yalnız Rahil Babayev və Çingiz Səfərov 2020-ci ilin dekabrından həbsdədir. Prokuror Çingiz Səfərovun 5 il 6 ay, Rahil Babayevin isə 4 il azadlıqdan məhrum edilməsini istəyib. Hazırda azadlıqda olan 3 nəfərin də həbsini təklif edən dövlət ittihamçısı Daşqın Nəsirovun 6 il, 1 saylı Bakı Ərazi İdarəsinin sabiq rəisi və onun müavininin hər birinə isə 4 il 6 ay həbs cəzası kəsilməsini istəyib. Prokuror onu da bildirib ki, Daşqın Nəsirov zərərçəkmişlərə dəymiş ziyanın ödənilməsi məqsədilə depozit hesaba 190 min manata yaxın pul keçirib. Zərərçəkmişlərdən Əzizəxanım Atayeva və mərhum Xumara Şabanovanın (o, məhkəmə prosesi davam edən dövrdə vəfat edib) nümayəndəsi Cavad Cavadov bildirib ki, onlara dəymiş ziyan ödənilərsə, təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbləri olmayacaq. Əzizəxanım Atayeva isə deyib ki, onun 4 övladı var. Kiçik oğlunun savadsızlığından istifadə edib, ona bilmədiyi bir sənədə imza atdırıblar. Sənədləşməni də elə aparıblar ki, sanki onun 4 yox, 1 övladı var, özü də 2006-cı ildə vəfat edib. Digər zərərçəkmiş, mərhum Xumara Şabanova bildirmişdi ki, ələ keçirilmiş 25 sot torpaq sahəsi ona qayınatasından miras qalmışdı: “O torpağı qayınatam mənim oğluma bağışlamışdı. Mən 36 yaşım olanda həyat yoldaşımı itirmişəm. O uşaqları tək böyütmüşəm. Qayınatamın mülküdür. 92 yaşım var. Getdim ki, oğlumun adına keçirdim. Oğlum çıxıb dedi ki, ay ana, bağımızı bizdən xəbərsiz satıblar, sənin də adına ölüm kağızı çıxarıblar. Mən adıma ölüm kağızı düzəldən adamı görmək istəyirəm. Ona iki kəlmə deyiləsi sözüm var...” Daşqın Nəsirov 91 yaşlı Xumara Şabanova və 81 yaşlı Əzizəxanım Atayevanın torpaqlarını məşhur iş adamı, “Bridge Group of Companies” şirkətlər qrupunun, “Bridge Plaza” biznes mərkəzinin (Azservice) və “Global Interiors Group” şirkətinin təsisçisi Yaqub Hüseynova satıb. İş üzrə istintaq zamanı cinayətin qrup şəklində törədilməsi, Əzizəxanım Atayeva və Xumara Şabanovadan savayı 10-a yaxın Türkan sakininə qarşı analoji cinayət törədilməsinə dəlalət edən faktlar ortaya çıxıb. Hazırda həmin epizodlar üzrə Baş Prokurorluğun Ağır Cinayətlərin İstintaq İdarəsində istintaq davam edir. “Yeni Müsavat” Geri dön |