Ana Sayfa > Hadisə > Vəkil Zeynəb Xanlarovanın bacısı oğluna bəraət istədi - TƏFƏRRÜAT
Vəkil Zeynəb Xanlarovanın bacısı oğluna bəraət istədi - TƏFƏRRÜAT11-03-2022, 17:43. Yazar: admin |
Bakı Ağır Cinayətlər Məhkəməsində Xalq artisti Zeynəb Xanlarovanın bacısı oğlu Daşqın Nəsirov və digər təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam edib. Hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs Daşqın Nəsirovun vəkili bildirib ki, müvəkkilinin cinayətdə günahı yoxdur: "Daşqın Nəsirovun bu işdə heç bir günahı yoxdur. Onun rolu yalnız alqı-satqı eləmək olub. O haradan bilsin ki, bu işdə cinayət var. Əksinə, o ziyan çəkib. Torpağın dəyərini on qat artıq ödəməli olub - 195 min manat. Cüzi sübut yoxdur, kimdənsə sənəd, torpaq istəməsi barədə. Guya, Çingiz vasitəsilə Rahili təhrik edib, absurddur. Heç biri məhkəmədə demədi ki, Daşqın onlardan nəsə istəyib, onları hədələyib. Məhkəməyə də aşkar bəllidir ki, heç bir günahı yoxdur. Xahiş edirəm Daşqın barədə bəraət hökmü çıxarasınız". Martın 18-də təqsirləndirilən şəxslər son söz deyəcəklər. Xatırladaq ki, ötən prosesdə prokuror təqsirləndirilən Çingiz Səfərovun 5 il 6 ay, sabiq icra nümayəndəsi Rahil Babayevin 4 il azadlıqdan məhrum edilməsini istəyib. Dövlət ittihamçısı qeyd edib ki, polisin nəzarəti altında verilmiş Daşqın Nəsirov 6 il , ev dustaqlığında olan Eldar Mirzəyev və Zəfər Abdulov isə 4 il 6 ay azadlıqdan məhrum edilməli məhkəmə zalında həbs edilməlidirlər. Qeyd edək ki, Türkan qəsəbə sakinləri Xumara Şabanova və Əzizxanım Atayevaya məxsus torpaq sahələrinin saxta sənədlər hazırlanmaqla qanunsuz satılması faktı ilə bağlı prokurorluq orqanları tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə Baş Prokurorluğun İstintaq idarəsində cinayət işi başlanıb. Aparılmış istintaqla fərdi qaydada torpaq alqı-satqısı ilə məşğul olan Çingiz Səfərov, Qərib Nadirov və Daşqın Nəsirovun təhriki ilə Xəzər RİH-nin başçısının Türkan qəsəbəsi üzrə sabiq nümayəndəsi Rahil Babayev və bələdiyyənin sabiq sədri Mehman Ağayevin, eləcə də ləğv edilmiş Əmlak Məsələləri Dövlət Komitəsinin DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin sabiq rəisi Zəfər Abdulovun, sabiq rəis müavini Eldar Mirzəyevlə qabaqcadan əlbir olub öz qulluq səlahiyyətlərindən sui-istifadə edib paytaxtın Xəzər rayonu, Türkan qəsəbəsində dəniz sahilində yerləşən ümumilikdə 1.12 ha ölçüdə, 190 min manat dəyərində torpaq sahəsinin ayrı-ayrı şəxslərin qanunsuz mülkiyyətinə vermələrinə əsaslı şübhələr müəyyən edilib. İstintaq zamanı Ç.Səfərov, Qərib Nadirov və D.Nəsirov Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq - külli miqdarda), 320.2 (rəsmi sənədləri saxtalaşdırma, qanunsuz hazırlama və ya istifadə etmə) və başqa maddələri ilə, Rahil Babayev, M.Ağayev, Z.Abdulov və E.Mirzəyev isə Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və başqa maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb ediliblər. Təqsirləndirilən R.Babayev və Ç.Səfərov barəsində məhkəmənin qərarı ilə həbs, D.Nəsirov barəsində həbsə alternativ olan ev dustaqlığı, Z.Abdulov və E.Mirzəyev barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, M.Ağayev və Qərib Nadirov isə istintaq orqanının çağırışlarına gəlməkdən qəsdən boyun qaçırdıqlarına görə barələrində axtarış elan edilib. 29.04.2021-ci il tarixdə cinayət işi üzrə istintaq yekunlaşdırılaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Qeyd edilməlidir ki, axtarışa elan edilmiş M.Ağayev və Q.Nadirov barəsində cinayət işi ayrıca icraata ayrılaraq hazırda Baş Prokurorluğun İstintaq idarəsində istintaqı davam etdirilir. Xatırladaq ki, Daşqın Nəsirov Xalq artisti, Milli Məclisin sabiq deputatı Zeynəb Xanlarovanın bacısı oğludur. //trend// Geri dön |