Ana Sayfa > Hadisə > Müəllim tərəfindən öldürülən qadının əri DANIŞDI – “Qatil getməyimi gözləyirmiş...”

Müəllim tərəfindən öldürülən qadının əri DANIŞDI – “Qatil getməyimi gözləyirmiş...”


16-12-2021, 16:12. Yazar: admin
Müəllim tərəfindən öldürülən qadının əri DANIŞDI – “Qatil getməyimi gözləyirmiş...”

8 ay öncə - aprel ayında Yevlax rayonunun Aşağı Bucaq kəndində yanğında öldüyü ehtimal edilən Səidə İmran qızı Hüseynovanın qətlə yetirildiyi üzə çıxıb.

DİA.AZ xəbər verir ki, S.Hüseynovanın həyat yoldaşı Lətif Həsənov hadisənin detallarını Bizim.Media-ya danışıb.

Onun sözlərinə görə, Səidə ilə nikahı hər ikisinin ikinci evliliyi olub:

“Çox mehriban münasibətlərimiz vardı. Demək olar ki, vaxtımızın əsas hissəsi hadisənin baş verdiyi və ailəmizə məxsus quşçuluq təsərrüfatında keçirdi. Aprelin 14-ü axşam saat 21:00 radələrində hər ikimiz sexdə idik. Ondan bir gün öncə Səidə xanımın əvvəlki ailəsindən olan qız nəvəsinin toy məclisi keçirilmişdi. Həmin toydan çəkilmiş fotolara baxırdıq. Saat 9-un yarısından sonra mən ordan çıxıb başqa yerə getdim. Heç demə, qatil hadisəni törətməkdə şübhəli bilinən Hüseynov Elnur Rasim oğlu mənim sexdən çıxmağımı gözləyirmiş”.

Lətif Həsənov Elnurun mərhumun Göygöl rayonunun Çaykənd kəndində yaşayan bacısı qızının həyat yoldaşı olduğunu deyib.

“Kənd məktəbində fizika müəllimi işləyirdi. Ailəmizə elə gəliş-gedişi yox idi. Yaxşı adam imicinə malik şəxs deyildi. Sonradan məlum oldu ki, müxtəlif cinayətlərdə əli olub. Sexdəki ölüm hadisəsinin də tamah, oğurluq məqsədilə törədildiyi şübhə doğurmur. Görünür, Elnur bir gün öncə toyda pul yığıldığını və toyun təşkilində xüsusi iştirakı olan yoldaşımdan pul qoparmağa və ya oğurlamağa niyyətlənibmiş. Əvvəl bıçaqla öldürüb, sonra isə üzərinə yanacaq tökərək onu və sexi yandırıb ki, izi itirsin".

L. Həsənov ağır cinayətin üstünün açılmasında əməyi olan hüquq-mühafizə orqanı əməkdaşlarına təşəkkürünü bildirib:

"Onlar həqiqəti üzə çıxarıb qatili yaxalamaqla mənim də iztirablarıma son qoydular. Çünki baldızım israrla hər kəsə Səidəni mənim öldürdüyümü sübut etməyə çalışırdı. Deyirdim ki , evlənməmişəm ki, sonradan bacına qəsd edəm. Şükür ona və hər kəsə həqiqət, yəni günahsızlığım aydın oldu".
Geri dön