Ana Sayfa > Hadisə > Azərbaycanın keçmiş Milli Qəhrəmanı niyə öldürüldü: məhkəmə araşdırmaları başlayır

Azərbaycanın keçmiş Milli Qəhrəmanı niyə öldürüldü: məhkəmə araşdırmaları başlayır


16-12-2021, 11:36. Yazar: admin
Azərbaycanın keçmiş Milli Qəhrəmanı niyə öldürüldü: məhkəmə araşdırmaları başlayır

Birinci Qarabağ Müharibəsində xidmətlərinə görə “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüş Rasim Əkbərovun qətlə yetirilməsiylə bağlı məhkəmə araşdırmaları başlayır. Bu işə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılacaq.
Bizimyol.info xəbər verir ki, Rasim Əkbərovun ölümüylə bağlı cinayət işini araşdırmaq Elmin Rüstəmovun sədrliyilə, Dadaş İmanov və Faiq Mahmudovdan ibarət hakimlər kollegiyasına həvalə olunub. Bu cinayət işi üzrə məhkəmənin ilk iclası dekabrın 28-də keçiriləcək.

Rasim Əkbərovun ölümünə görə Xaliq Məmmədov həbs olunub. Məhkəmə qarşısına çıxarılacaq Məmmədova qarşı Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyətilə qəsdən adam öldürmə) maddəsilə ittiham irəli sürülüb. Bu maddədə 14 ildən 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Hadisə bu ilin sentyabrında Goranboy şəhərində baş verib. Xaliq Məmmədov Rasim Əkbərova bıçaqla bir neçə zərbə endirib. Gəncədəki xəstəxanalardan birinə yerləşdirilən Rasim Əkbərovun həyatını xilas etmək mümkün olmayıb.

Bizimyol.info-nun əldə etdiyi məlumata görə, təqsirləndirilən Xaliq Məmmədov hadisəni yaxını olan bir qadına görə törətdiyini deyib.

1957-ci ildə Goranboyda anadan olmuş Rasim Əkbərov 90-cı illərin əvvəlində elə bu rayondakı N saylı hərbi hissənin komandiri olub. O dövrdə Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə göstərdiyi xidmətlərə görə 23 iyun 1992-ci ildə “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülüb. 1 yanvar 1994-cü ildə isə “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.

O, 90-cı illərin sonunda dövlət çevrilişinə cəhd ittihamıyla həbs olunub. Məhkəmənin hökmüylə 15 il azadlıqdan məhrum edilən Rasim Əkbərovdan eyni zamanda, fəxri ad və ordeni də alınıb. Prezident 18 iyul 2001-ci ildə onun “Azərbaycanın Milli Qəhrəmanı” adı və “Azərbaycan Bayrağı” ordenindən məhrum edilməsi haqda fərman imzalayıb. O, 2008-ci ildə prezidentin əfv sərəncamıyla azadlığa buraxılıb.

Rasim Əkbərovun atası Ağa Əkbərov 1994-2000-ci illərdə Goranboy rayonunun icra başçısı olub. O, həmçinin Milli Məclisin sabiq deputatı, məşhur “91-lər”dən biri olmuş Bakı Dövlət Universitetinin Hüquq fakultəsinin keçmiş dekanı Səfiyar Musayevin kürəkənidir.
Geri dön