Ana Sayfa > Hadisə > Prokuror "Yeni Klinika”nın sabiq əməkdaşına yenidən cəza istəyib - SƏBƏB

Prokuror "Yeni Klinika”nın sabiq əməkdaşına yenidən cəza istəyib - SƏBƏB


8-12-2021, 16:23. Yazar: admin
Prokuror "Yeni Klinika”nın sabiq əməkdaşına yenidən cəza istəyib - SƏBƏB
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Yeni Klinika” Publik Hüquqi Şəxsin sabiq direktoru Pərviz Abbasov və digərlərinin - Qalib Nəcəfov, Vüsalə Əliyeva, Əvəz Hüseynov və Samir Mirzəyev cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

“Report”un xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı təqsirləndirilən Vüsalə Əliyevanın hamilə olması barədə vəkili tərəfindən verilən ərizəni nəzərə alaraq hümanizm prinsiplərini əsas tutaraq ona şərti cəza verilməsini xahiş edib.

Daha sonra təqsirləndirilən P.Abbasov son sözlə çıxış edib. O, özünü təqsirli bilməyib və məhkəmədən ədalətlə hökm çıxarılmasını istəyib.

Digər təqsirləndirlilən S.Mirzəyev, Ə.Hüseynov və Q.Nəcəfov da son sözlə çıxış ediblər. Onlar barələrində ədalətli qərarın çıxarılmasını xahiş ediblər.

Cinayət işi üzrə təqsirləndirilən V.Əliyeva səhhəti ilə bağlı olaraq, son sözə hazır olmadığını bildirib.

Növbəti proses dekabrın 15-nə təyin olunub.

Xatırladaq ki, ötən prosesdə dövlət ittihamçısı baş həkim P.Abbasovun 10 il, digər həbsdə olan təqsirləndirilən şəxslərin hər birinin 9 il, barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilmiş V.Əliyevanın isə həbs edilərək 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, aparılan istintaq-əməliyyat tədbirləri ilə Pərviz Abbasovun həmin vəzifədə işləyərkən Qalib Nəcəfov, Vüsalə Əliyeva, Əvəz Hüseynov və Samir Mirzəyevin köməkliyi ilə COVID-19 xəstəliyindən əziyyət çəkən ayrı-ayrı şəxslərin stasionar qaydada müalicə olunmalarının təmin olunması məqsədilə rəhbərlik etdiyi tibb müəssisəsinə yerləşdirilməsi müqabilində onların yaxınlarından hər bir xəstə üçün 3000-4500 manat məbləğində pul vəsaiti alaraq aralarında bölüb şəxsi ehtiyaclarına sərf etmələrinə əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında Pərviz Abbasov və digərlərinə müvafiq olaraq Cinayət Məcəlləsinin 311.3.2 (rüşvət alma təkrar törədildikdə) və 32.5, 311.3.2-ci (təkrar rüşvət almaya köməklik etmə) maddələri ilə yekun ittiham elan edilib.
Geri dön