Ana Sayfa > Hadisə > İcra hakimiyyətinin vəzifəli şəxsləri ilə əlbir olan Məzahir Nəsibova hökm oxundu
İcra hakimiyyətinin vəzifəli şəxsləri ilə əlbir olan Məzahir Nəsibova hökm oxundu8-07-2021, 17:02. Yazar: admin |
“Azərbaycan Gözdən Əlillər Cəmiyyəti” ictimai birliyinin üzvləri üçün Nərimanov rayonunda inşa edilmiş mənzilləri qanunsuz olaraq satmaqda ittiham edilən şəxsin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda və vəzifə saxtakarlığında ittiham edilən Məzahir Nəsibovun cinayət işi üzrə məhkəmə araşdırması hakim Faiq Qəniyevin sədrliyi ilə baş tutub. Sonuncu məhkəmə iclasında elan edilən hökmə əsasən M.Nəsibov 6 il müddətinə azadlıqdan məhrum edilib. Ötən proseslərdə məlum olub ki, İcra Hakimiyyəti tərəfindən zərərçəkmişlərə kompensasiya ilə bağlı söz verilib, danışıqlar gedir. Bəzi vətəndaşlar razı salınıb. İş üzrə zərərçəkmiş Sərhəd İbayev məhkəmədə dindirilən zaman bildirib ki, mənzil almaq üçün 40 min manatı Məzahir Nəsibova verib. "Özünü icra hakimiyyətinin əməkdaşı kimi təqdim edirdi. Pulu da ona vermişəm. Elə danışırdı ki, sanki icra başçısının müavinidir. 40 min pul vermişdim. Mənə növbəyə götürülmə ilə bağlı sərəncam verilib. Buna görə də etibar etmişəm. Amma heç bir iş görülmədi"- deyə zərərçəkmiş bildirib. Suallar zamanı məlum olub ki, əksər zərərçəkənlər sərəncamı aldıqdan sonra pulu verib. Amma Sərhəd İbadov sərəncamı almazdan əvvəl pul verib. S.İbadov problemin həlli üçün icra hakimiyyətindən heç bir kömək görmədiyini deyib. Bildirək ki, bu iş üzrə araşdırmalar 4 ildən artıqdır davam edir. Bu cinayət əməlinə görə ayrı-ayrı şəxslər də məsuliyyətə cəlb edilib. Onlar vətəndaşlardan rüşvət alaraq Nərimanov Rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinə veriblər və beləliklə vətəndaşları aldadıblar. Qeyd edək ki, Məzahir Nəsibov Ukraynada tutularaq Azərbaycan Respublikasına ekstradisiya olunub. Məzahir Nəsibovun “Azərbaycan Gözdən Əlillər Cəmiyyəti” İB və Nərimanov Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri ilə qabaqcadan əlbir olaraq birliyin üzvü olan gözdən əlillər üçün inşa edilən çoxmərtəbəli yaşayış binasındakı mənzillərin aztəminatlı ailələr üçün növbəlilik qaydasında paylanması nəzərdə tutulmasına baxmayaraq, binanın tikintisi başa çatdıqdan sonra özü və ya üçüncü şəxs üçün qanunsuz olaraq maddi və sair nemətlər əldə etmək məqsədilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edib 111 kənar şəxsə sataraq onlara 6,5 milyon manat məbləğində zərər vurmasına əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb. Məzahir Nəsibov istintaqdan gizləndiyinə görə barəsində axtarış elan edilmişdi. Ukrayna Respublikasının hüquq-mühafizə orqanları ilə qurulmuş əməkdaşlıq əlaqələri nəticəsində Məzahir Nəsibov Ukraynada tutularaq 11 may 2020-ci il tarixdə Azərbaycana ekstradisiya olunub. Geri dön |