Ana Sayfa > Hadisə > Əlillərə tikilən evlərin pulunu mənimsəyən şirkət rəhbərinin məhkəməsi başlayır

Əlillərə tikilən evlərin pulunu mənimsəyən şirkət rəhbərinin məhkəməsi başlayır


10-02-2021, 09:15. Yazar: admin
Əlillərə tikilən evlərin pulunu mənimsəyən şirkət rəhbərinin məhkəməsi başlayır

Külli miqdarda mənimsəmədə təqsirləndirilən “Tua-TT” MMC-nin rəhbəri Tural Alışanlının cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Siyavuş Hacıyevin icraatına verilib.

İş üzrə zərərçəkən şəxs qismində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tanınıb.

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə “Tua-TT” MMC arasında 19 iyul 2016-cı il tarixdə bağlanmış müqaviləyə əsasən 480 min manat məbləğində tikinti işlərinin podratçı tərəfindən yerinə yetirilməməsi barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Qeyd edilən xüsusatlarla əlaqədar həmin vəzifəli şəxslər barəsində Cinayət Məcəlləsinin 179.3.2 (Mənimsəmə və ya israf etmə külli miqdarda törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

Aparılmış istintaqla müəyyən edilib ki, Alışanlı Tural Asif oğlu qardaşı Ülvi Alışanlının adından 24 avqust 2012-ci tarixdə “TUA TT” MMC yaradıb öz qulluq mövqeyindən istifadə edərək ona etibar olunmuş və öhdəsində olan özgə əmlakını - dövlət vəsaitini vahid qəsdlə talama məqsədi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Masallı rayonunda 2 ədəd 3 otaqlı, Lənkəran rayonunda 4 ədəd 3 otaqlı, Astara rayonunda 2 ədəd 3 otaqlı, Lerik rayonunda 4 ədəd 3 otaqlı və Yardımlı rayonunda 1 ədəd 3 otaqlı olmaqla, ümumilikdə 13 ədəd 3 otaqlı fərdi yaşayış evinin tikinti işlərinin satınalması ilə bağlı keçirilən tenderdə həmin MMC-nin adından iştirak edib nəzərdə tutulan işləri əlavə dəyər vergisi (ƏDV) daxil olmaqla 893 min manat pul vəsaiti hesabına yerinə yetirməklə bağlı təklif verdikdən sonra tender komissiyasının 24 iyun 2016-cı il tarixli protokoluna əsasən qalib elan edilib.

Aparılmış istintaqla həmçinin, T.Alışanlının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə “TUA TT” MMC arasında bağlanmış 19 iyul 2016-cu il tarixli satınalma müqaviləsi üzrə 16 ay müddətinə həmin işlərin yerinə yetirilməsi məqsədilə dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondunun vəsaiti hesabına ayrılaraq nazirlik vasitəsi ilə həmin cəmiyyətin hesabına köçürülən ümumilikdə 756 min manat (ƏDV ilə birlikdə 893 min manat) məbləğində pul vəsaitinin bir hissəsini müxtəlif rayonlarda fərdi yaşayış evlərinin tam və ya qismən tikilməsinə istifadə edib, qalan 190 min manat pul vəsaitini ayrı-ayrı şəxslərin bank hesablarına köçürüb şəxsi ehtiyaclarına xərcləməklə öz qulluq mövqeyindən istifadə edərək vahid qəsdlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə külli miqdarda ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.

Cinayət işi üzrə T.Alışanlı Cinayət Məcəlləsinin 179.3.2-ci (Mənimsəmə və ya israf etmə külli miqdarda törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Geri dön