Ana Sayfa > Hadisə / Manşet > Daha iki məmur övladlarının güdazına gedə bilər

Daha iki məmur övladlarının güdazına gedə bilər


25-04-2015, 11:26. Yazar: admin
Daha iki məmur övladlarının güdazına gedə bilər
Ölkəmizdə elə məmurlar var ki, onların övladları, yaxın qohumları özlərindən daha çox tanınır. Az qala hər gün mediada vəzifəli şəxslərin, deputatların övladları haqqında geniş yazılara yer verilir. Amma bu, həmin məmur balalarının hansısa müsbət işləri ilə yox, daha çox onların törətdiyi özbaşınalıqlarla bağlı olur.

Hətta ölkə prezidenti 2013-cü ilin fevral ayında keçirdiyi məlum müşavirədə vəzifəli şəxslərin övladlarının qudurğanlıq etməsinə diqqət çəkib: "Vəzifəli şəxslərin övladları qudurğanlıq edirlər, insanları təhqir edirlər, özlərini apara bilmirlər. Cəmiyyətdə kim onlara bu statusu verib? Necə deyərlər, onların güvəndiyi adamları vəzifəyə mən təyin etmişəm, lazım bildikdə mən də çıxaracam. Əgər bir də bilsəm kiminsə ailə üzvü haradasa xuliqanlıq edib, nadanlıq edib, özünü apara bilmir, o adam həbs olunacaq, atası işdən qovulacaq". Qeyd edək ki, prezidentin bu xəbərdarlığından sonra mətbuatda lüks həyat yaşayan və bunu ictimailəşdirən bəzi məmur balaları barədə yazılar dərc olundu. Sərt tənqidlərə baxmayaraq, yüksək rütbəli şəxslərin yaxın qohumları və uşaqları yekəxana hərəkətlərindən əl çəkmirlər. Prezident İlham Əliyevin oğlu, ADA tələbəsi Heydər Əliyevin bir müddət əvvəl sosial şəbəkələrdə yayılan fotolarının da nümunə olduğunu xatırlatmaq yerinə düşər. Bir tələbənin əhatəsinin kimliyi, hansı fəaliyyətlə məşğul olmasını məgər həmin fotolardan nümunə götürmək olmazmı? Əgər bu ölkənin prezidentinin oğlu bu cür sadə həyat tərzi yaşayırsa, məmur-biznesmen oliqarxlar hansı mənəvi haqla özlərinin, övladlarının malik olduqları var-dövləti, cah-cəlalı ictimailəşdirməkdən utanıb-çəkinmirlər? Prezidentin oğlu sadə həyat yaşadığı halda, hansısa üçüncü, dördüncü dərəcəli məmurların övladları və yaxın qohumları cah-cəlallarını nümayiş etdirirlər. Üstəlik, cəmiyyətdə özlərini apara bilmirlər. Bizdə olan məlumatlara görə, İmişli Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Vilyam Hacıyevin oğlu Məhəmməd Hacıyev də əyləncəni sevən şəxslərdəndir. Hətta o qədər sevir ki, gününün çox hissəsini bahalı məkanlarda keçirir. Məlumat üçün bildirək ki, gənc Məhəmməd Hacıyev hazırda Nərimanov rayon prokurorluğunda işləyir. Buna qədər isə Qaradağ rayon prokurorluğunun müstəntiqi olub. Maraqlıdır ki, adıçəkilən şəxs qısa müddət öncə prokurorluq orqanlarına işə qəbul edilib və az vaxt ərzində karyerasında irəliləyiş edib. Görəsən nəyin, yaxud kimin hesabına? Söz yox ki, onun bu sistemə düzəlməsində, eyni zamanda qabağa çəkilməsində atasının əlaqələrinin rolu az deyil. Amma gəlin görək bir müddət əvvələ kimi işsiz olan oğul Hacıyev necə yaşayıb və hansı maşınlarda gəzib. Əldə etdiyimiz məlumatlara əsasən, icra başçısının oğlunun sərəncamında 10-PP-369 və 90 AA 369 dövlət nömrə nişanlı maşınlar var. Həmin avtomobillərdən birinin markası "Bentley", digərininki isə "Land Rover"dir: "Gənc müstəntiqin yaşadığı evin şəraiti superdir. Belə ki, o Teymur Əliyev küçəsində ümumi dəyərinin 25 milyon manatdan yuxarı olduğu bildirilən villada yaşayır. Təbii ki, atasının puluna arxayındır. Buna görə də ürəyi istədiyi əyləncə növləri ilə məşğul olur. Deyilənə görə bir neçə ay əvvəl Bakının ən məşhur restoranlarından biri olan "Şirvanşah" restoranında ofisiantları döyüb. Buna səbəb məmur oğlunun ofisiantlardan spirtli içki istəməsi olub. O ofisianta ağır söz dediyi üçün mübahisə düşüb. Məhəmməd Hacıyev və iki dostu restoranın işçisini möhkəm döyüblər. Bundan başqa, icra başçısının oğlu bəzi yüksək rütbəli şəxslərin övladları ilə rəqabətə girib. Belə ki, o jurnal nəşrinə start verib. "İmishli Land" adlanan jurnalın rəhbəri və maliyyəçisinin icra hakiminin oğlu olduğu iddia edilir. Jurnalda İmişli ilə bağlı məlumatlar yer alıb. Onun jurnal nəşr etdirməsi qeyri-adi bir hadisə deyil və bunu hər kəs edə bilər. Ortada bir qanunsuzluq da yoxdur. Sadəcə, maraqlı olan odur ki, nəfis tərtibatda və xeyli baha başa gələn jurnal üçün bu qədər pul icra başçısının oğlunda haradandır? Onun işə düzəlməsinin heç bir ili tamam olmayıb". Yaşadığı həyatı sosial şəbəkələrdə ictimailəşdirənlərdən biri də Ağstafa Rayon İcra Hakimiyyəti başçısının müavini Aydın Hacıyevin oğlu Naid Hacıyevdir. Xatırladaq ki, bir müddət öncə xaricdə təhsil alan məmur oğlunun sosial şəbəkələrdə fotoları yayılıb. Həmin görüntülərdə onun əyləncə mərkəzlərində dostları və rus qızları ilə birgə olduğu bəlli olub. Fotoları sosial şəbəkələrdə müzakirəyə çıxaran gənclər icra başçısının müavininin oğlu olduğu deyilən Naid Hacıyevə müxtəlif suallar da ünvanlayıblar. Ancaq bir neçə dəqiqədən sonra onun paylaşdığı bəzi şəkillər özü tərəfindən silinib. "O rus qızlarına yaxşı münasibət göstərməklə ağzında qəlyan və ya şampanla şəkil çəkib paylaşmaqda nə məqsəd güdür? Yoxsa atasının pulları ilə bizdən üstün olduğunu göstərmək istəyir", deyə Ağstafa gəncləri məsələyə sərt münasibət bildiriblər. Aydın Hacıyev isə oğlu ilə bağlı yayılan məsələyə açıqlama verməkdən imtina edib. Bəlkə də utandığından danışmayıb. Amma fakt faktlığında qalır. Ki, bəzi vəzifəli şəxslərin uşaqları hələ də özlərini yığışdırmayıblar. Onların özlərini cəmiyyətdə apara bilməməsi isə, sonda atalarının vəzifəsinə təsir edə bilər. Biz bəzi məmur övladlarına daha sadə olmağı, heç kimə yuxarıdan aşağı baxmamağı məsləhət görürük. Sizin başqalarından heç bir fərqiniz yoxdur, pulunuz çox olsa da belə...

Geri dön