Ana Sayfa > Hadisə > Milli Məclisə basqın edən dəstənin daha 2 üzvü tutuldu
Milli Məclisə basqın edən dəstənin daha 2 üzvü tutuldu21-07-2020, 13:30. Yazar: admin |
Azərbaycan ordusuna dəstək aksiyasından sonra Milli Məclisə basqın etməkdə ittiham olunan mütəşəkkil dəstənin daha iki üzvü həbs edilib. Demokrat.az-ın əldə etdiyi məlumata görə, Həsənov İsmayıl Vaqif oğlu və Quliyev Vüsal Güdüz oğlu hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həbs olunub. Hər iki şəxsin barəsində Cinayət Məcəlləsinin 186.2.1-ci (zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla əmlakı qəsdən məhv etmə və ya zədələmə), 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham elan edilib. Nəsimi rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə baş tutan iclasda İsmayıl Həsənovun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Bundan başqa, sözügedən məhkəmədə hakim Babək Pənahovun sədrliyi ilə baş tutan iclasda isə Vüsal Quliyevlə bağlı təqdimata baxılıb. Məhkəmə onun barəsində də 3 ay müddətinə həbs qətimkan tədbiri seçib. Hər iki şəxsin barəsində istintaq Baş Prokuroruğun İstintaq İdarəsində aparılır. Qeyd edək ki, məlum olduğu kimi iyulun 14-dən 15-nə keçən gecə Bakı şəhərində Azərbaycan Ordusuna dəstək məqsədilə yürüş keçirilib. Dinc və vətənpərvər ruhda keçən bu aksiya zamanı bir qrup şəxs ictimai qaydanın kobud surətdə pozulmasına səbəb olan hərəkətlərə yol verərək, Milli Məclisin inzibati binasının qapı-pəncərələrini sındıraraq içəriyə daxil olublar, aksiyanın təhlükəsizliyini təmin edən polis əməkdaşlarına müqavimət göstərməklə zor tətbiq ediblər. Nəticədə bir neçə polis əməkdaşına müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib, xidməti avtomobillərlə yanaşı, mülki nəqliyyat vasitələrinə də ciddi ziyan vurulub. Polis əməkdaşları tərəfindən dəfələrlə edilən xəbərdarlıqlara məhəl qoyulmadığından, eləcə də vəziyyətin daha da gərginləşməsinin qarşısının alınması üçün görülən operativ tədbirlərlə ictimai asayiş bərpa edilib. Bu iş üzrə 10-dan çox şəxs həbs olunub. Geri dön |