Ana Sayfa > Hadisə / Manşet > "Aqrolizinq"in İmişli filialında korrupsiya bumu
"Aqrolizinq"in İmişli filialında korrupsiya bumu21-04-2015, 11:26. Yazar: admin |
Hesablama Palatasının son hesabatı bəzi dövlət qurumlarının rəhbər şəxslərini təşvişə salıb. Palatanın hesabatında "Aqrolizinq" ASC-nin fəaliyyəti ilə bağlı ciddi faktlar yer alıb. Hesabatda göstərilir ki, keçən il ərzində dövlət büdcəsindən "Aqrolizinq" ASC-yə ayrılan və təkrar istifadə edilən vəsaitlərin istifadəsinə dair audit keçirilib. Bir çox hallarda normativ-hüquqi aktların və metodiki sənədlərin tələblərinə riayət edilmədiyi, ciddi hüquq pozuntularına, nöqsan və çatışmazlıqlara yol verildiyi müəyyən edilib. Proqnozlaşmanın tərtibi zamanı əvvəlki ilin faktiki və cari ilin gözlənilən xərcləri nəzərə alınmayıb, xərclər əsaslandırılmadan artırılıb, qurumun maliyyə-təsərrüfat fəaliyyəti zərərlə nəticələndiyi halda, işçilərin mükafatlandırılması üçün vəsait ödənilib. Satınalmalar zamanı iddiaçıların təklifinin əsaslılığı araşdırılmayıb, kadr və ixtisaslaşdırma barədə məlumat alınmayıb, malların orta bazar qiymətlərinə uyğun ehtimal olunan qiyməti müəyyənləşdirilməyib, bəzi hallarda tenderin şərtlər toplusunun tələbləri gözlənilməyib, bir çox hallarda müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan açıq tenderlə həyata keçirilməli satınalma ayrı-ayrı kotirovkalara, kotirovka sorğusuyla xərc edilməli vəsait ayrı-ayrı müqavilələrə bölünməklə birbaşa müqavilələr bağlanıb. ASC-nin filiallarının istifadəsində olan texnikalar üzrə ödənişlər aşağı səviyyədə olub, təchizat bazalarında və aqroservis filiallarının ərazisində istifadəsinə tələbat olmadığı halda, 2005-2013-cü illərdə alınan müxtəlif növ texnikalar filiallarda və bazalarda "saxlanc" adıyla istifadəsiz qalıb. Qeyd edək ki, ASC-nin sabiq sədri Əli Bayramov məhz bu kimi qanun pozuntuları üzündən tutduğu vəzifədən kənarlaşdırıldı. Görünən isə odur ki, onun yerinə təyin edilən Elşən Məmmədov hələ də bu sahədəki problemləri aradan qaldıra bilməyib. Əksinə, cəmiyyətin yerli filiallarında nöqsanlar durmadan artır. Heç kimə sirr deyil ki, dövlət səviyyəsində aqrar sahənin inkişaf etdirilməsi və fermerlərin güzəştli şərtlərlə texnika, gübrə əldə etməsi üçün müxtəlif tədbirlər həyata keçirilir. Bu məqsədlə prezident İlham Əliyev aprelin 16-da ""Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti tərəfindən lizinqə verilən və ya lizinq yolu ilə satılan suvarma sistemləri dəstinə və avadanlığına güzəşt tətbiq edilməsi haqqında" sərəncam imzalayıb. Baş verən uzunmüddətli quraqlıqların mənfi təsirinin aradan qaldırılması, su təminatının yaxşılaşdırılması, habelə bu sahəyə sahibkarların marağının artırılması və investisiya qoyuluşunun stimullaşdırılması məqsədi ilə "Aqrolizinq" tərəfindən fiziki və hüquqi şəxslərə lizinqə verilən və ya lizinq yolu ilə satılan suvarma sistemləri dəstinə və avadanlığına onların ilkin dəyərinin 40 faizi həcmində güzəşt müəyyən edilib. Lakin bütün tədbirlərə baxmayaraq, ASC-nin bəzi filiallarında korrupsiya əlamətləri açıq-aşkar şəkildə hiss olunmaqdadır. "Aqrolizinq"in İmişli rayon filialında da ciddi problemlər mövcuddur. Xatırladaq ki, filialın sabiq müdiri Razi Talıbzadə 2013-cü ilin oktyabr ayında həbs olunub. Belə ki, o ASC tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına güzəştli şərtlərlə satılması üçün təhvil verilmiş və filialın anbarında saxlanılan 835.5 min manat dəyərində 9569 ton müxtəlif növ mineral gübrə və pestisidləri 2009-2013-cü illərdə ayrı-ayrı şəxslərə satmaqla ona etibar edilmiş külli miqdarda özgə əmlakını qulluq mövqeyindən istifadə etməklə mənimsəməsində şübhələr üçün əsaslar olduğundan Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Ötən ilin sentyabr ayında isə filialın vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin istintaqı yekunlaşıb. İstintaq zamanı filialın müdiri Razi Talıbzadənin filialın mütəxəssis iqtisadçı-mühasibi İmamverdi Gözəlov və anbardarı İlqar Məmmədovla qabaqcadan əlbir olaraq filialın anbarında saxlanılan müxtəlif növ mineral gübrələrin bir hissəsinin faktiki olaraq müvafiq sənədlər olmadan kənd təsərrüfatı istehsalçılarına və ayrı-ayrı şəxslərə satmaq, bir hissəsinin isə şəxsi təsərrüfatında istifadə etmək məqsədilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə ümumilikdə 725 min manat məbləğində pulu ASC-nin hesabına mədaxil etməyərək qulluq mövqeyindən istifadə etməklə külli miqdarda özgə əmlakını mənimsəmə və israf etmə yolu ilə talamalarında şübhələr üçün əsaslar olduğundan onlara Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və israf etmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrində nəzərdə tutulan ittiham elan edilib. Etibarlı mənbələrdən əldə etdiyimiz məlumatlara görə, Razı Talıbzadədən sonra filiala müdir təyin edilən Vahid Muradov sələfinin nöqsanlarını təkrarlamaqla məşğuldur: "İmişli rayon Aqroservis filialında texnikaların, əsas vəsaitlərin, azqiymətli və tezköhnələn əşyaların, mal-material qiymətlilərinin hərəkətinin analitik uçotu aparılsa da, sintetik uçotu aparılmayıb. Onların dövriyyə cədvəlləri tərtib edilməyib, saxlanc adıyla uzun illər hərəkətsiz və istifadəsiz qalan texnikaların etibarlı qorunub saxlanması və səmərəli istifadəsi məqsədilə analitik uçot lazımi səviyyədə qurulmayıb. Filial müdiri texnikanı və gübrəni kasıb əhaliyə ikiqat artıq qiymətə, vəzifəli və imkanlı şəxslərə isə daha ucuz qiymətə verir. İmişlidə əkin-biçin vaxtı əhali kənd təsərrüfatı texnikasının çatışmazlığından əziyyət çəkir. Bu üzdən əksər hallarda kəndlilər ya əkinlərini vaxtından əvvəl əkə bilmirlər, ya da məhsullarını vaxtında toplaya bilmədiklərinə görə ziyanla üzləşirlər. Bunun əsas səbəblərindən biri isə "Aqrolizinq"in İmişli filialının balansında olan texnikaların ayrı-ayrı imkanlı şəxslərin təsərrüfatında işlədilməsidir. Qurumun balansına kifayət qədər texnikanın verilməsinə baxmayaraq, bir qayda olaraq taxıl biçini zamanı ciddi şəkildə kombayn və texnika çatışmazlığı meydana çıxır. Belə ki, müasir texnikalar taxıl biçini zamanı birinci növbədə direktora yaxın adamların, eləcə də digər vəzifəli şəxslərin əkin sahələrində çalışır. Nəticədə fermerlər problem yaşamalı olur". Aldığımız məlumata əsasən, qurumun rəhbərliyi taxılbiçən kombaynları sadə kənd sakinlərinin adlarına sənədləşdirərək onlardan alınan yüksək icarə haqqını 50% faiz azaldır: "Bundan sonra isə həmin texnikalar ya rayonda məmurların təsərrüfatlarında işlədilir, ya da qonşu rayonlara göndərilir. Şum traktoru, səpin texnikası, kultivator, kimyəvi mübarizə aqreqatı, yığım kombaynlarını nəyinsə müqabilində fermerlərə təklif edilir. Qurumun balansında olan kənd təsərrüfatı texnikaları çox ağır şərtlərlə fermerlərə verilir. Əkinçilər dövlətin yaratdığı güzəştli lizinqdən bəhrələnə bilmir. Bunun nəticəsində rayonda hər il kənd təsərrüfatı üzrə məhsuldarlıq aşağı düşür". Vahid Muradov bilməlidir ki, o tezliklə bu cür əməllərindən əl çəkməsə, filialın keçmiş müdiri Razi Talıbzadənin aqibətini yaşaya, yəni həbs oluna bilər. Yəqin ki, əlaqədar dövlət qurumlarının nümayəndələri, o cümlədən kənd təsərrüfatı naziri Heydər Əsədov və ASC sədri Elşən Məmmədov İmişli filialında hökm sürən problemləri araşdıracaq və lazımi ölçü götürəcəklər. Geri dön |