Ana Sayfa > Hadisə > Hadisə yerindən qaçan sürücü tutulub - RƏSMİ

Hadisə yerindən qaçan sürücü tutulub - RƏSMİ


31-05-2020, 10:49. Yazar: admin
Hadisə yerindən qaçan sürücü tutulub - RƏSMİ

Prokurorluq və polis əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Tovuz rayonu ərazisində qeyri-aşkar şəraitdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən qaçan sürücü tutulub.

Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərindən APA-ya verilən birgə məlumatda qeyd olunur ki, mayın 22-də saat 22 radələrində Bakı-Qazax avtomobil yolunun Tovuz rayonu, Əyyublu kəndi ərazisində naməlum sürücünün idarə etdiyi avtomobillə yolu keçən piyada – 1982-ci il təvəllüdlü Tağıyev Məşədi İsmayıl oğlunu vuraraq sonuncunun ölümünə səbəb olması və hadisə yerindən qaçması faktına görə Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan yol nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə hadisə yerinə baxış keçirilib, zəruri ekspertizalar təyin olunub və digər təxirəsalınmaz istintaq hərəkətləri aparılıb.

Həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində yol nəqliyyat hadisəsinin “VAZ-21063” markalı 10-FT-972 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü – Şəmkir şəhər sakini 1986-cı il təvəllüdlü İsmayılov Arzu Xanoğlan oğlu tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

A.İsmayılov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Geri dön