Ana Sayfa > Hadisə / Manşet > Şamaxı 1 saylı internat evində aclıqdır

Şamaxı 1 saylı internat evində aclıqdır


3-06-2016, 09:45. Yazar: admin
Şamaxı 1 saylı internat evində aclıqdır
Redaksiyamıza Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Şamaxı 1 saylı İxtisaslaşdırılmış ruhi-əsəb əlilləri üçün internat evində baş verən bir çox qanun pozuntularına dair şikayət məktubları daxil olmaqdadır. Məlumat üçün bildirək ki, bu internat evi xüsusi qayğıya ehtiyac duyan ruhi-əsəb əlillərinin dövlət himayəsində yaşadığı bir müəssisədir. Burada əlillər daimi olaraq yaşayış şəraiti, həmçinin qida, geyim və tibbi xidmətlə təmin olunurlar. Daha doğrusu, olunmalıdırlar...

Amma bu gün bizimdovr.az-a təqdim olunan açıqlamalarda, dövlət təminatında olan bu müəssisəyə ayrılan vəsaitlərin də, ərzağın da internat evinin direktoru Hümbət müəllim tərəfindən mənimsənildiyi iddia olunur. Məlumatlarda bildirilir ki, müəssisədə xəstələrə həftələrlə, aylarla kərə yağı, ət yeməkləri, meyvə və digər bu kimi qidalar verilmir. Aşpazlar da etiraf edirlər ki, anbardar onlara nə verirsə, onu da bişirmək məcburiyyətindədirlər. Əldə etdiyimiz məlumata görə, dövlət tərəfindən həmin internat evindəki xəstələr üçün hər ay təkcə ərzağa 12 min manata yaxın vəsait ayrılır. Lakin məsələ bundadır ki, bu pul təyinatı üzrə xərclənmir. Maraqlıdır ki, son 3-4 ildə yol verdikləri özbaşınalıqlar və mənimsəmələr səbəbilə müəssisənin müdiriyyəti artıq üçüncü dəfə dəyişilsə də, hər yeni gələn müdir eynən özündən əvvəlkinin hərəkətlərini təkrar edir. Mənbələrin iddialarına görə, bir müddət əvvəl internat evindən mətbuata yol tapmış məlumatlarda göstərilən mənimsəmələr, indi də olduğu kimi təkrarlanır: “Müəssisədə bu gün də menyu heç kimə məlum deyil. Ət, kərə yağı, meyvə, süd xəstələrə qətiyyən verilmir. Çörəklər də həmişə bayat və keyfiyyətsizdir. Fərq bircə bundadır ki, indi xəstələrin ərzaq və pullarını Hümbət müəllim mənimsəyir...”
Qeyd edək ki, ölkə mətbuatında Şamaxı 1 saylı İxtisaslaşdırılmış ruhi-əsəb əlilləri üçün internat evində baş verənlər barədə mütəmadi olaraq materiallar dərc edilir. Lakin hansısa sirli qüvvə direktor Hümbət müəllimi hər dəfə sudan quru çıxarır. Baxmayaraq ki, dərc edilən materiallarda söhbət ciddi faktlardan gedir, heç bir qurum göstərilən faktları araşdırmağa belə cəhd eləmir.
Hümbət müəllim isə, rəhbərlik etdiyi müəssisədə baş verənlərə münasibət öyrəndikdə həmişə eyni cavabı verir. “Yazdıqlarınız yalandır, bizdə hər şey qaydasındadır...” Təbii ki, Hümbət müəllim üçün yaranmış vəziyyət məqbul hesab oluna bilər. Ən azından məhz bu vəziyyət onun getdikcə varlanmasını təmin edir. Halbuki, bizimdovr.az-a daxil olan məlumatlara görə, müəssisənin sakinləri müdiriyyətin yol verdiyi əməllərə qarşı heç bir şikayət də edə bilmirlər. Hümbət müəllim də fürsətdən sui-istifadə edərək internat evini talayır. Onun bu yarıtmaz fəaliyyəti ucbatından nə dövlət vəsaiti, nə də ayrılan yardımlar xəstələrə çatdırılmır. Bir çox hallarda isə, müəssisənin sakinləri yarıac vəziyyətdə əziyyətli həyat sürməli olurlar. Digər tərəfdən də, aldığımız məlumatlarda Şamaxı 1 saylı İxtisaslaşdırılmış ruhi-əsəb əlilləri üçün internat evində xəstələrə tibbi xidmət səviyyəsinin də son dərəcə aşağı olduğu vurğulanır. Bildirilir ki, bu müəssisədə xəstəliyi şiddətlənən sakinlər Hümbət müəllimin göstərişi ilə xüsusi otaqlara yerləşdirilirlər. Burada onlar tam baxımsızlıq şəraitində daha bir müddət yaşayaraq faktiki olaraq ölümə məhkum edilirlər. Onlar otaqda yıxılıb qalanda, köməklərinə gələn belə olmur...

Qarşı tərəfin də mövqeyini əks etdirə bilərik.

Geri dön