Ana Sayfa > Hadisə / Manşet > Heydərov əlini icra başçısının “çiynindən götürdü” – Süleyman Mikayılov üçün “əcəl zəngi”

Heydərov əlini icra başçısının “çiynindən götürdü” – Süleyman Mikayılov üçün “əcəl zəngi”


14-03-2016, 09:20. Yazar: admin
Heydərov əlini icra başçısının “çiynindən götürdü” – Süleyman Mikayılov üçün “əcəl zəngi”
Bir müddət öncə Savash.org olaraq Qaradağ rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılov haqda məlumat yaymışdıq. Həmin məlumatda bildirilirdi ki, Qaradağa rəhbərlik etdiyi altı il ərzində adı bir sıra qalmaqallı olaylarda, eləcə də maliyyə maxinasiyalarında hallanan icra başçısının Naxçıvan Muxtar Respublikasında o qədər də böyük olmayan vəzifəyə təyinat alacağı planlaşdırılıb.

Savash.org-a daxil olan məlumatda o da yer alırdı ki, Süleyman Mikayılov özüylə bağlı planlaşdırılan bu vəzifə dəyişikliyinə ciddi cəhdlə mane olmağa çalışıb. Onun narazılığının səbəbi isə heç də xırda vəzifəyə təyinat alması yox, məhz Naxçıvana göndərilməsidir.

Mənbənin sözlərinə görə, bəlli olmayan hansısa səbəb üzündən Süleyman Mikayılov doğulub, boya-başa çatdığı Naxçıvan Muxtar Respublikasında işləməkdən bütün vasitələrlə boyun qaçırıb.

“Naxçıvanda Vasif Talıbovun rəhbərliyi altında işləməkdənsə vəzifəsiz qalmağı üstün tutaram” tipli açıqlamalara müəlliflik edən Süleyman Mikayılovun Vasif Talıbovla hansı probleminin olması haqda müxtəlif versiyalar səsləndirilir.

Ötən yazımızda məsələ ilə bağlı detallı təfərrüatları da diqqətə çatdıracağımızı söz vermişdik.

Savash. org-a daxil olan yeni məlumatlarda bildirilir ki, S.Mikayılovun “Naxçıvan xanı”na münasibəti əslinə özünə olan münasibətə qarşılıqdı. Belə ki, Vasif Talıbov dəfələrlə həm Mikayılovun iştirak etdiyi, həm də onun olmadığı məclislərdə Qaradağ icra başçısının bacarıqsız və eqoist biri olduğunu açıq şəkildə ifadə edib. Bu münasibət isə S.Mikayılovun Muxtar Respublikaya təyinat alacağı halda burda “katorqa həyatı” yaşayacağını düşünməyə əsas verir.

Mikayılovun Talıbov fobiyası ilə bağlı məqamlar bununla bitmir. Məsələ burasındadır ki, Qaradağ icra başçısı Naxçıvan xanına qarşı münasibətinin şəxsi məsələlərdən qaynaqlanmadığı haqda izahatlar səsləndirib. Onun Talıbovla ziddiyyətinin komanda prinsiplərinə söykənməsi və bunun kökündə Kəmaləddin Heydərov-Vasif Talıbov qarşıdurması ilə əsaslandırması isə əks effekt verib. Belə ki, hakim komandanın iki böyük fiquru arasındakı münasibətlərdə Mikayılov kimi kiçik çaplı bir məmurun manevr cəhdləri bütün tərəflərdə qıcıq yaradıb. Bu izahata daha çox qəzəblənən isə “Fövqəlnazir”in özü olub.

Savash.org xatırladır ki, bu K.Heydərovun Mikayılova qarşı ilk qəzəbi deyil. Bir müddət öncə Qaradağ icra başçısı digər bir məsələdə də öz komanda rəhbərinə qarşı ciddi siyasi səhvə yol vermişdi. Belə ki, ötən il keçirilən I Avropa Oyunları zamanı Süleyman Mikayılov bütün ətrafına sinəsini qabardaraq, «boks oyunlarını mən maliyyələşdirmişəm» deyir, üstəlik, maliyyələşdirdiyini iddia etdiyi həmin yarışların təşkilatçısının FHN şefi Kəmaləddin Heydərov olduğunu və bu işləri də məhz ona görə etdiyini dilə gətirirmiş.

O zaman da bu söz-söhbət “yuxarı”lara çatmış və I Avropa Oyunlarının təşkilatçısının ölkənin Birinci Xanımı Mehriban xanım Əliyeva və Prezident İlham Əliyev deyil, məhz Kəmaləddin Heydərov olduğunu vurğulamaqla FHN şefini önə çəkilməsi ciddi siyasi xəyanət kimi dəyərləndirilmişdi.

Bu və digər nüanslar isə Qaradağ RİH başçısının gələcək karyerasını ciddi sual altına salır. Onun rəhbərlik etdiyi Qaradağ rayonunda sahibkarlara qarşı həyata keçirilən təzyiq və pulqoparma siyasətinin ilginc təfərrüatları haqda isə növbəti yazımızda daha ətraflı bəhs edəcəyik.

Geri dön