Ana Sayfa > Hadisə / Manşet > Müzəffər Cəfərovun “şərləmə əməliyyatı” davam edir

Müzəffər Cəfərovun “şərləmə əməliyyatı” davam edir


3-03-2016, 13:06. Yazar: admin
Müzəffər Cəfərovun “şərləmə əməliyyatı” davam edir
Qəzetimizin 01.02.2016 tarixli sayında “Müzəffər Cəfərovun “103 əməliyyatı” davam edir” sərlövhəli məqalə dərc olunmuşdu. Həmin yazıda biz, qəzetimizdə Ağcabədi Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin fəaliyyətində müşahidə olunan bir sıra neqativ hallardan, həmçinin müəssisənin direktoru Müzəffər Cəfərovun öz işində yol verdiyi çeşidli qanun pozuntularından bəhs edən bir neçə tənqidi material dərc etdiyimizə görə, müəssisə rəhbərliyinin redaksiyamıza qarşı böhtan kampaniyası aparmağından bəhs etmişdik. Eyni zamanda da biz bu şərləmə kampaniyasının əsasında sadəcə yalan və uydurma ittihamların durduğunu tutarlı dəlillərlə isbat etmişdik. Biz göstərmişdik ki, şantaj xarakterli ilk belə yazı redaksiyamızın ünvanına hələ 2015-ci ilin mart ayında daxil olmuşdu. Məhz həmin ərəfədə qəzeimizin səhifələrində Laçın rayonunun Qarakeçdi kəndindən qaçqın düşmüş beş ailəni təmsil edən Qələndərova Pekar Misir qızı, Hümbətova Roza Həsən qızı, Misirov Misir Sərdar oğlu, Qələndərov Xaləddin Əşrəf oğlu və Qələndərova Telli Qulu qızı tərəfindən 2012-ci ildən bəri redaksiyamıza dəfələrlə təqdim olunmuş şikayət ərizələri əsasında hazırladığımız yazılar yer almışdı. O zaman da bütün bu problemlərin həllində qətiyyən maraqlı olmayan Müzəffər Cəfərov redaksiyamızın ünvanına guya ki, nə az, nə çox, düz 103 nəfərin “imzaladığı” etiraz məktubunun daxil olmasını təmin etmişdi. Həmin məktubda da həm Müzəffər Cəfərovun əməllərindən şikayətçi düşmüş vətəndaşlar, həm də biz iftiraçı, böhtançı, şantajçı və rüşvətxor kimi təqdim olunmuşduq.

Bu ilin yanvar ayının sonlarında isə, redaksiyamızın elektron ünvanına vətəndaş Muradov Vidadi Yaqub oğlu tərəfindən imzalanmış ərizə-müraciət daxil olmuşdu. Vidadi Muradov öz ərizəsində bildirirdi ki, o, bir müddət bundan əvvəl Ağcabədi Meşə Mühafizəsi və Bərpası Müəssisəsində meşə gözətçisi vəzifəsində işləyib. Lakin rəhbərliyin, daha dəqiq desək, şəxsən Müzəffər Cəfərovun yol verdiyi ciddi qanun pozuntularına qarşı çıxdığına görə, qeyri-qanuni olaraq işdən azad olunub. Bu məsələnin də təfərrüatları qəzetimizin 27.01.2016-cı il tarixli sayında dərc olunmuş “Ağcabədi meşə müəssisəsində maaş kartı maxinasiyası” sərlövhəli tənqidi yazıda əks olunub. Artıq yanvar ayının 29-da isə, elektron ünvanımıza Ağcabədi Meşə Mühafizəsi və Bərpası Müəssisəsindən növbəti məktub daxil oldu. Yenə də biz böhan və şər atmaqda itiham olunduq. Amma maraqlı cəhət heç də bundan ibarət idi ki, 29.01.2016-cı ildə aldığımız məktub da, eynilə 2015-ci ilin mart ayında aldığımız məktub kimi düz 103 nəfər tərəfindən imzalanmışdı. Hər iki məktubun mətnini yanaşı qoyduqda, dərhal məlum olur ki, aşağıda əks olunan imzalar əslində yalnız bircə dəfə, ötən il qoyulublar (soyadları və imzaların ardıcıllığı, soyadların yazıldığı xəttin eyniliyi, hətta vərəqədə əks olunmuş ləkə və kənar cizgilərin şəksiz eyniliyi bunu deməyə tam əsas verir). Yeganə fərq bunda idi ki, keçən il məktubda redaksiyamızın digər bir əməkdaşının Ağcabədi Meşə Mühafizəsi və Bərpası Müəssisəsinə gedərək, müəssisənin işçiləri İbrahimov Oktay Mudar oğlu, Xəlilov İnşallah Bəylər oğlu, Cəfərov Ədalət Ənvər oğlu və daha bir neçə nəfərdən 500 manat istədiyi bildirilmişdi. Son məktubda isə, artıq bu əməl birbaşa “Bizim Dövrün” baş redaktoruna şamil edilirdi. Qalan bütün məqamlar isə, dəyişməz olaraq qalmışdı.

İndi isə, belə məlum olur ki, Müzəffər Cəfərov bizim ona verdiyimiz məntiq dərsindən yararlanaraq, elə bizim özümüzə qarşı da böhtan kampaniyasını davam etdirmək niyyətindədindən əl çəkməyib. Belə ki, 29.02.2016-cı il tarixində redaksiyamızın ünvanına Ağcabədi Meşə Mühafizəsi və Bərpası Müəssisəsindən növbəti məktub daxil olub. Həm də bu məktub artıq birbaşa ölkə prezidentinə, surətləri isə bir çox dövlət orqanlarına ünvanlanmış ərizənin əksidir. Maraqlıdır ki, bu dəfə məktub artıq 103 nəfər deyil, 8 nəfər tərəfindən imzalanıb. Həm də indi bu şəxslər baş redaktorun Ağcabədi Meşə Mühafizəsi və Bərpası Müəssisəsinə gedərək, onlardan 500 manat pul istəməsi “faktının” artıq bu ilin yanvar ayının 11-də baş verdiyini iddia edirlər. Çox gözəl...
Təəssüflər olsun ki, Müzəffər Cəfərovun əlində alətə çevrilmiş bu insanların özlərini necə qəliz bir duruma düşürdüklərindən xəbərləri belə yoxdur. Amma biz onları özlərinə gətirmək üçün bütün imkanlardan istifadə edəcəyik. İlk növbədə biz prokurorluq və daxili işlər orqanlarına müraciət edərək xahiş edirik ki, qəzetimizin böhtana uğramış baş redaktorunun 11 yanvar 2016-cı il tarixində ümumiyyətlə Bakı şəhərindən çıxıb-çıxmadığı məsələsinə aydınlıq gətirsinlər. Ümid edirik ki, payaxtın bütün küçə və prospektlərində quraşdırılmış DYP və digər təhlükəsizlik kameralarının köməyi ilə bunu aydınlaşdırmaq heç də çətin olmaz. Baş redaktorun həmin gün Bakıda olduğu (və ya ən azından Ağcabədidə olmadığı) tam sübuta yetiriləndən sonra isə, biz tələb edəcəyik ki, ölkə prezidentinə təqdim etmək üçün qəsdən yalan ifadələri imzalamış bu şəxslər öz layiqli cəzalarını alsınlar. Bax, o zaman artıq Müzəffər Cəfərovun da, cinayətə təhrik etdiyi işçilərinə bəslədiyi əsil münasibəti özünü büruzə verəcək.

Geri dön