Ana Sayfa > Hadisə / Manşet > Əhməd Muxtarov icra hakimiyyətində rəsmi “qoçu dəstəsi” saxlayır?

Əhməd Muxtarov icra hakimiyyətində rəsmi “qoçu dəstəsi” saxlayır?


22-01-2016, 10:12. Yazar: admin
Əhməd Muxtarov icra hakimiyyətində rəsmi “qoçu dəstəsi” saxlayır?
Ötən gün Bizimxeber.az saytında Hacıqabul rayonunda olan bəlli problemlərlə bağlı məqalə dərc olunmuşdu. Qısa xatırlatma üçün bildirək ki, məqalədə icra başçısının köməkçisinin və sürücüsünün rayonda at oynatmasından bəhs edilir.
Bu gün səhər saatlarında Bizimxeber.az– a zəng edən Hacıqabul İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Tariyel İsgəndərov məqalədə gedən bəzi məqamlarla bağlı narazılığını bildirdi və fikrini gələcəkdə nəzərə almağımızı xahiş etdi. Biz də öz növbəmizdə onun mövqeyinin dərc olunmasına imkan yaradılacağını qeyd etdik.
Ondan dərhal sonra zəng edən icra hakimiyyətinin İnformasiya Təminatı və Təhlil Sektorunun müdiri Rəşad Abbasov isə bizə hədə-qorxu gəlməyə, məmura yaraşmayan tərzdə “alə, bala” tipli jarqonlarla danışmağa başladı. Biz dəfələrlə onun nəzərinə səbrli olmağı, rəsmi şəxsə yaraşan tərzdə danışmağı məsləhət görsək də Rəşad Abbasov bizi hədələməkdə davam elədi. Biz problemləri hüquqi müstəvidə həll etməyi ona dönə-dönə təklif etsək də, o “qoçu” qaydaları ilə danışırdı.
Biz bir daha Hacıqabulun icra başçısı Əhməd Muxatov və ətrafındakıların nəzərinə çatdırırıq ki, mətbuatla münasibət məsələsində barı ölkə başçısı hörmətli İlham Əliyev cənablarından nümunə götürün. Bunu bacarmırsınızsa gedin layiq olduğunuz işlə məşğul olun.
İcra başçısı rəsmi qurumda “qoçu dəstəsi” saxlayır, yoxsa onların insanlara qarşı olan hədələrinin adını nə qoyaq? Bir jurnalistə “Hacıqabula gəlin görün sizin başınıza nə oyun açırıq” deməklə Əhməd Muxatovun “qoçu”ları nə demək istəyir? Yəqin ki, onlar sadə hacıqabullularla da belə və bəlkə də daha pis davranırlar. Yəqin ki, bu səlahiyyəti onlara Əhməd Muxtarov verib.
Bizi öldürmək, asıb kəsməklə hədələyən İnformasiya Təminatı və Təhlil Sektorunun müdiri Rəşad Abbasovun kimliyi, onun təhsili və fəaliyyəti barədə araşdırmalarımız davam edəcək.

Geri dön