Ana Sayfa > Hadisə / Manşet > İcra başçısı qardaşının güdazına gedir

İcra başçısı qardaşının güdazına gedir


5-01-2016, 09:08. Yazar: admin
İcra başçısı qardaşının güdazına gedir
Qaradağ rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılovun qardaşı Bağır Mikayılova cinayət işi açıla bilər. JAM.AZ xəbər verir ki, bu barədə Demokratiya.info-ya etibarlı mənbələrdən məlumat daxil olub.

Məlumatda deyilir ki, Mikayılovun adının cinayət işinə qarışmasına səbəb törətdiyi hadisə ilə bağlıdır. Bildirilir ki, Süleyman Mikayılovun qardaşı bir müddət əvvəl müxtəlif şəxslərə Qaradağ rayonu ərazisində torpaq sahələri satmaq və ya şəxslərə tikinti üçün icazələrin alınması məsələsində yardım edəcəyini təklif edib. Onun icra başçısının qardaşı olmasını bilənlər tərəddüdsüz təkliflərini qəbul edib, işlərin müqabilində pullar ödəyiblər. Bəzi bilgilərə görə, belə adamların toplam sayı 50 nəfərdən çoxdur.

Məlumatda qeyd edilir ki, Bağır Mikayılovun həmin şəxslərə 500 min manatdan artıq borcu yaranıb. Həmin şəxslər isə pullarını geri ala bilmədiklərindən şikayətçi düşüblər.

Məlumatlarda o da vurğulanır ki, şikayətçilər hətta bir qədər əvvəl Qaradağ rayon İcra Hakimiyyətində də olublar. Onlar Süleyman Mikayılovla görüşərək, ona qardaşı ilə bağlı şikayət etmək istəyiblər. Lakin qəbul otağında qalmaqal yaşanıb. Belə ki, icra başçısı qardaşı ilə bağlı şikayətə gələnləri binadan qovlatdırıb. Bu da camaatın narazılığına və qəzəbinə səbəb olub. Onlar da bir müddət İcra Hakimiyyətinin binası qarşısında dayanaraq, etirazlarını uca səslə bildirməyə başlayıblar. Əraziyə polis çağırıldıqdan sonra ortalığı yatışdırmaq mümkün olub.

Son məlumatlara görə, Bağır Mikayılovla bağlı artıq Baş Prokurorluq araşdırmalara başlayıb. İddia edilir ki, edilən şikayətləri araşdıran prokurorluq işçiləri iddiaların əsaslı olduğu qənaətinə gəliblər. Bu isə Süleyman Mikayılovun qardaşı haqqında cinayət işinin başladılması üçün əsas yaradıb. Lakin mənbə cinayət işinin qaldırılıb, qaldırılmadığı barədə hələlik heç bir məlumata malik olmadığını da vurğulayıb.

Nəzərinizə çatdıraq ki, əgər Bağır Mikayılova cinayət işi açılarsa, bu Süleyman Mikayılova da toxucaq məsələ olacaq. Çünki əksər işlərdə onun adı hallandırılıb və etibarından sui-istifadə edilib. Hətta şikayətçilərdə belə bir qənaət var ki, Bağır Mikayılov bunları elə qardaşının əliylə edib. Əks təqdirdə, o, təkbaşına belə bir addım ata bilməzdi.

Həmçinin o da deyilir ki, əgər cinayət işi qaldırılarsa, o zaman Süleyman Mikayılovun da işdə qalıb, qalmaması məsələsi müzakirə edilə bilər. Çünki dövlət başçısının bununla bağlı konkret təlimatı var və bəyan edib ki, əgər hər hansı bir məmurun övladı, yaxını belə işlərə bulaşarsa, onlara güzəşt olunmayacaq.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Geri dön