Ana Sayfa > Hadisə / Manşet > Səhiyyə sistemində saxtakarlıq ünvanlarından növbətisi...
Səhiyyə sistemində saxtakarlıq ünvanlarından növbətisi...26-11-2015, 10:24. Yazar: admin |
Bu gün ölkənin səhiyyə sistemində mövcud olan problemlər bizim də hər zaman diqqət mərkəzində saxladığımız mövzulardandır. Bununla belə etiraf edək ki, Zabrat qəsəbəsində yerləşən 21 saylı şəhər poliklinikasının fəaliyyətinə dair “Bizim Dövr”ün redaksiyasına daxil olan şikayətlərin çoxluğu bizim özümüzü də təəccübləndirir. Həm də maraqlıdır ki, bu şikayətlər sözügedən tibb müəssisəsindən bir müddət əvvəl daxil olmuş konkret bir şikayət ərizəsi əsasında dərc etdiyimiz tənqidi materialdan sonra, sanki zəncirvari reaksiya formasında ardıcıl olaraq redaksiyamıza daxil olmağa başladılar. Belə ki, bu mövzuda dərc etdiyimiz ilk məqalədən dərhal sonra aldığımız digər bir açıqlamada deyilirdi ki, 21 saylı poliklinikada şəkərli diabet xəstələrinin müayinəsi üzrə fəaliyyət göstərən tibb bacısı Nəzakət xanım xəstələrdən 5 manatdan başlayaraq müayinə haqqı tələb edir. Etiraz edən xəstələrə isə, bu xanım müayinə üçün lazım olan tibbi ləvazimatları guya ki, personalın öz şəxsi vəsaitləri hesabına aldıqlarını bəyan edir. Başqa bir şikayətçinin verdiyi açıqlamada isə bildirilirdi ki, bu yaxınlarda həmin vətəndaş analiz vermək üçün qeydiyyatda olduğu 21 saylı poliklinikaya müraciət etmişdir. Lakin analizin nəticəsini götürməyə gələrkən, pul vermədiyi üçün laborant nəticəni ona verməmiş və demişdir ki, xəstənin yaxın ərazidə yaşadığını vurğulayaraq, ondan evə qayıdıb pul gətirməsini tələb etmişdir. Daha sonra aldığımız başqa bir məlumatda bu tibb müəssisəsinin bəzi həkimləri tərəfindən xəstələrin müayinəsi zamanı yol verilən səhlənkarlıqdan və məsuliyyətsizlikdən də bəhs olunurdu. Bu xüsusda adı çəkilən həkimlərdən biri həkim-kardioloq Nərgiz xanımdır. Mənbə bildirir ki, xəstələrin müayinəyə hazır vəziyyətdə, bu həkimin digər həmkarları ilə kənar mövzulara dair söhbətlərinin bitməsini uzun-uzadı gözləmə halları, artıq kardioloji kabinet üçün adi hala çevrilib. 21 saylı poliklinikaya üz tutan xəstələrin əsəblərinin pozulmasına səbəb olan digər bir məsələ də həkim qəbulu zamanı növbəlilik prinsiplərinin tez-tez pozulması ilə bağlıdır. Mənbə bildirir ki, bu yaxınlarda həkim-pediatr Firəngiz xanımın qəbuluna düşmək istəyən iki xəstə arasında məhz növbəliliyin pozulması səbəbindən əsil qalmaqal yaşanıb. Belə ki, açıqlamaya görə, növbə gözləmək istəməyən xəstə tibb bacılarından birinə müraciət edərək, “hörmət” müqabilində onu həkimin yanına növbəsiz keçirməsini xahiş edib. Lakin bu zaman növbə gözləyən digər bir xəstə buna qətiyyətlə etirazını bildirib və növbəsiz içəri heç kəsi buraxmayacağını bəyan edib. Bu zəmində yaranan mübahisə az qala əlbəyaxa dava ilə nəticələnib. Bunun ardınca bizimdovr.az-a təqdim olunmuş növbəti məlumatlarda isə, 21 saylı poliklinikada adları xəstələrdən pul tələb etmək xüsusunda hallandırılan tibb işçilərinin siyahısı bir qədər də genişlənib. Belə ki, mənbənin iddiasına görə, 21 saylı poliklinikanın həkim-ginekoloqu Tükəzban xanımın müayinəsindən keçməzdən əvvəl, onunla eyni kabinetdə oturan tibb bacısı pasientə “həkimə hörmət etmək yadınızdan çıxmasın” kimi xatırlatma verir. Həkim-pediatr Aynur xanımın tibb bacısı isə, daha konkret olaraq hər xəstədən əvvəlcədən 10 manat tələb edir. Həmçinin redaksiyamıza 21 saylı poliklinikanın stomatoloji kabinetində müəyyənləşdirilmiş qiymətlər barədə məlumat daxil olub. Mənbə bildirir ki, bu kabinetin stomatoloqları Ünvan həkim və Vəfa xanım bir dişin çəkilməyinə görə 10 manat, müalicə üçün isə 20 manat pul alırlar. Bununla belə məlumatlar yenə də daxil olmaqda davam edir. Artıq dünən aldığımız son (son olacaqmı?) açıqlamada qəsəbə sakinlərindən biri xəbər verir ki, 21 saylı poliklinikada hətta ərazi üzrə qeydiyyatda olmayan vətəndaşlar da müəyyən məbləğ ödəməklə özlərinə qeydiyyat vərəqəsi açdıra və tələb olunan arayışlar ala bilirlər. Həm də bunun üçün heç müayinələrdən də keçmək lazım gəlmir. Belə ki, mənbənin iddiasına görə baş həkimin müavini Məzahir həkimdən cəmi 10 manat müqabilində sağlamlıq haqqında arayış almaq mümkündür... Qarşı tərəfin də münasibətini öyrənə bilərik. Geri dön |