Ana Sayfa > Gündəm / Manşet > Rabitə Nazirliyində nələr baş verir?

Rabitə Nazirliyində nələr baş verir?


30-10-2015, 10:32. Yazar: admin
Rabitə Nazirliyində nələr baş verir?
İki həftə öncə başlamış MTN-lə bağlı qalmaqal səngimək bilmir. Eldar Mahmudovun nazir postundan uzaqlaşdırılması, ardından isə 15-ə yaxın yüksək çinli zabitin həbs olunması işin təkcə sahibkarlıqla bağlı olduğu düşüncəsinin üzərindən çoxdan xətt çəkib. Məsələnin mahiyyətində isə daha ciddi faktorların dayandığı artıq sirr deyil.

JAM.AZ xəbər verir ki, MTN-lə bağlı qalmaqalın Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə (RYTN) qədər uzanması heç də səbəbsiz deyil. Qeyd edək ki, bu qurumun bir neçə önəmli fiqurunun həbs olunması işin mahiyyətini qismən açmağa imkan verir. Çünki həbs olunanların əksəriyyəti bilavasitə telefon rabitəsi ilə məşğul olub. Həmçinin onların dinləmə işində yaxından iştirak etmək imkanları olub.

Məsələn, BTRİB-in sabiq rəisi Beytulla Hüseynovun həbs olunması heç də qaranlıq olmayan məsələdir. Onun Bakı şəhərindəki bütün telefon xidmətlərinə nəzarət etdiyi də gizli iş sayılmır. Eldar Mahmudovun qohumu olması səbəbindən bu qədər yüksək posta çıxması da məqsədli olub və böyük ehtmalla Hüseynovun saxlanılmasının əsas səbəbi dinləmələrdə iştirak etməsidir.

JAM.AZ xəbər verir ki, proses təkcə BTRİB-lə yekunlaşmayıb. Son üç gündə RYTN-də onlarla işdən çıxarma və bir neçə həbs olayı yaşanıb. Belə ki, iki gün əvvəl nazirliyin Aparat rəhbəri Vidadi Zeynalov işdən çıxarılıb, ardından da həbs olunub. Onun hədəf seçilməsinin bir neçə səbəbi var. Birincisi, Zeynalov nazirliyin önəmli fiqurlarından biri idi. İkincisi, onun yerli TKQ-larla ciddi əlaqələri vardı. Hətta əksər qovşaq rəisini məhz onun təqdimatı əsasında işə götürürdülər. Nəhayət, Vidadi Zeynalovun qardaşı MTN-də yüksək postlardan birini tuturdu.

Bir digər həbs olunan şəxs isə RYTN-in Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzinin (BƏHM) direktoru Cəlil Cəfərovdur. Bu şəxsin niyə həbs edildiyi barədə müxtəlif versiyalar var. Həmin versiyalardan biri onun beynəlxalq danışıqları gizlicə dinlətdirdiyindən ibarətdir. Bir digər versiyaya görə isə Vidadi Zeynalovun yaxın adamı və qohumu olması səbəbindən saxlanılıb. Amma məsələnin təkcə qohumluqla əlaqəli olacağı da inandırıcı deyil. Böyük ehtimalla Cəlil Cəfərov da MTN-lə sıx bağlı olan biri olub və bir sıra təlimatlar yerinə yetirdiyinə görə, belə vaəziyyətlə üzləşib.

Bundan sonra nə baş verəcək? Proseslərin gedişatından belə başa düşülür ki, ortada ciddi dinləmə məsələsi var və bu böyük qalmaqala səbəb olub. JAM.AZ-ın araşdırmalarına görə, Eldar Mahmudov tərəfindən təşkil olunmuş prosesin iştirakçılarının sayı çoxdur. Bu sırada Rabitə Nazirliyinin daha çox imkanlarından yararlanılıb. Bu zaman nazirlikdəki adamlarının imkanlarından istifadə edərək, ölkənin bütün Telekommunikasiya Qovşaqlarını əhatə edə biliblər. Ki, istənilən vaxt istənilən şəxsi dinləmək mümkün olsun.

Gələn bəzi xəbərlərə görə, bu proses yaxın günlərdə Sumqayıt, Gəncə, Şirvan və Lənkəran kimi iri şəhərlərin TKQ-larını da əhatə edəcək. JAM.AZ-a verilən məlumatlarda vurğulanır ki, artıq Sumqayıt TKQ-da bununla bağlı məsələnin üstü açılıb. Qovşağın işçilərinin verdiyi məlumata görə, TKQ-nin rəisi Akif Əsgərovun Sumqayıtdakı yerli məmur və sahibkarları dinləməsinə dair xeyli sayda dəlil-sübutlar var. Və onun bu işlərə qoşulmasını isə bu yaxınlarda həbs olunan Vidadi Zeynalov təmin edib.

Mənbə iddia edir ki, Akif Əsgərov həminin Eldar Mahmudovun yaxın qohumlarından birini öz yanına gətirib. Və bununla təminat əldə etməyə çalışır. İddia olunur ki, şöbələrdən birinə rəhbərlik edən sabiq nazirin qohumunun əliylə bir sıra dinləmələr həyata keçirilib.

Bütün məlumatları üst-üstə topladıqda durumun daha vahiməli olduğunu düşünmək elə də çətin deyil. Məsələn, Eldar Mahmudovun yaxın qohumu, Mərkəzi Xüsusi Rabitə İdarəsinə rəhbərlik edən Mahmud Mahmudov artıq işdən çıxarılıb. Hərbiləşdirilmiş Mühafizə İdarəsinin rəis müavini Vəli Mahmudovun hələ də görəv başında olması, vəzifə barteri sayəsində oğlunu MTN-də işə düzəldən «Azərpoçt»un direktoru Qəmbər Bəybalayevin adları indiyə qədər işlə bağlı çox hallanıb. Amma prosesin bununla yekunlaşmayacağı da dəqiqdir və həbslərin, işdən çıxarılmaların olacağı birmənalıdır.

Böyük ehtimalla Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ətrafında baş qaldırmış skandal bir müddət sonra mərkəzdən əyalətlərə transfer olunacaq. Çünki dinləmə ilə bağlı yaradılmış şəbəkənin təkcə Bakıda olacağı inandırıcı deyil və Eldar Mahmudovla komandası bütün ölkəni bu şəkildə nəzarətləri altında saxlamağa çalışıblar. Bu eyni zamanda, onların gəlir yerləri olub. Məsələn, sahibkarları, böyük biznes adamlarını dinləyib, haqqında məlumatlar toplayıblar.

Məsələ ilə bağlı araşdırmamız davam edir. Yazıda adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

Geri dön