Ana Sayfa > Gündəm / Manşet > Cəlilabadda qaz vurub qazan dolduranlar kimlərdir?

Cəlilabadda qaz vurub qazan dolduranlar kimlərdir?


8-10-2015, 09:11. Yazar: admin
Cəlilabadda qaz vurub qazan dolduranlar kimlərdir?
Bu günlərdə redaksiyamıza yeni daxil olmuş şikayət məktubunda iddia olunur ki, Cəlilabad rayonu Qaz İstismar İdarəsinin rəhbərliyi tərəfindən törədilən əməlləri sözün əsil mənasında soyğunçuluqla müqayisə etmək olar. Rayonun Göytəpə qəsəbəsində, O.Eynullayev küçəsi ev 110 ünvanında yaşayan vətəndaş Məlikov Məlik Bəylər oğlu bildirir ki, bu gün Cəlilabadın bir çox ev və obyektlərində təbii qaz istehlakçıları üçün sayğaclar quraşdırılsa da, həmin ünvanlara müvafiq kodlar verilməyib. Bu isə əlbəttə ki, ilk növbədə əhalidən yığılan vəsaitlərin müəyyən hissəsinin mənimsənilməsinə yol açır.

Vertikal.az xəbər verir ki, kodlaşdırma olmadığından, əhali sərf etdiyi mavi yanacağın pulunu sayğacın göstəricisinə əsasən ya qapı-qapı gəzən əməkdaşlara, ya da bilavasitə Qİİ-nin xəzinəsinə nəğd formada ödəməli olurlar. Digər tərəfdən isə, əhaliyə heç bir sübut-dəlil təqdim edilmədən köhnə tarixlərə, xüsusən də 2009-2011-ci illəri əhatə edən dövrə aid olunan borclar yazılır. Məlik Məlikov da öz ərizəsində göstərir ki, bir müddət əvvəl Qİİ-nin əməkdaşları onun işlətdiyi çayxanaya gələrək, obyektin 270 manat borcu olduğunu bildirmişlər. Qeyd edək ki, vətəndaşın işlətdiyi çayxana Göytəpə qəsəbəsində yerləşən Qonaq evinin nəzdində fəaliyyət göstərir. Açıqlamaya görə, bu gün Cəlilabadın əksər ünvanları belə “gecikmiş borc”ların ödənilməsi üçün vəsait axtarışındadır. Göytəpə qəsəbəsinin sakinləri isə, onlardan yığılan vəsaitlərin yaxınlıqda yerləşən kərpic zavodunun işlətdiyi təbii qazın pulunun ödənişinə məsrəf edildiyini düşünürlər. Qəsəbədə söz-söhbət gəzir ki, Cəlilabad Qİİ-nin rəisi Günəşli müəllimlə zavodun rəhbərliyi arasında əldə olunmuş razılığa görə, müəssisə sərf etdiyi qazın yarı pulunu nəğd formada ödəyir. Bunun müqabilində isə, sakinlərdən borc bəhanəsilə yığılan əlavə vəsaitlər hesabına kərpic zavoduna verilən qazın dəyəri hissə-hissə dövlətə ödənir. Eyni zamanda da təqdim olunan digər açıqlamalarda Cəlilabad Qİİ-nin rəisi rayon əhalisinin təbii qaz yanacağı ilə təmin edilməsi üçün ayrılmış vəsait və materialların davamlı surətdə mənimsənilməsində ittiham olunur. Həm də vurğulanır ki, bu xüsusda ortaya qoyulan iddialar heç də əsassız deyildir. Məlumatlarda bildirilir ki, Günəşli müəllim mütəmadi olaraq rayon ərazisində kilometrlərlə ölçülən məsafələrdə qaz borularının yenilənməsi, həmçinin guya ki, görülmüş cari təmir işləri və sairə haqda saxta sənədlər hazırlayaraq yuxarı instansiyalara təqdim edir və bu vasitəylə külli-miqdarda dövlət vəsaitlərini “silərək” mənimsəyir. Həmçinin iddia olunur ki, rayonun bir sıra kəndlərinə çəkilməsi nəzərdə tutulmuş qaz boruları da rəis tərəfindən satılmışdır. Daha sonra məlumatlarda bildirir ki, idarə rəisi tərəfindən işçilər əliəyriliyə, korrupsiya hallarının icrasına təhrik olunur, bu kimi göstərişlərə əməl etməyənlər isə işdən qovulmaqla cəzalandırılırlar. Eyni zamanda da məlumatlarda Günəşli müəllimin heç də passiv rüşvətxor məmur olmadığı, qazanc əldə etməyin yeni üsullarının daima axtarışında olduğu iddia edilir. Məsələn, daxil olan məlumatlarda vurğulanır ki, idarənin əməkdaşları tərəfindən müxtəlif ərazilərə qaz kəmərinin çəkilməsi və sayğacların quraşdırılması bəhanəsilə tələb olunan vəsaiti ödəyən sakinlər, əvəzində uzun müddət narahatlıq və problemlərdən başqa heç nə əldə edə bilmirlər. Halbuki, sakinlərdən yığılan vəsait hesabına bütün rayonun qaz problemi çoxdan həll oluna bilərdi. Məlumatlarda bildirilir ki, onlarla abonent illərdir ki, idarənin işçilərindən borc haqqında sənəd ala bilmirlər. Qaz İstismar İdarəsinin işçiləri isə günün istənilən vaxtında qapını döyüb vətəndaşları bu bəhanə ilə narahat edirlər. Ümid edirik ki, bu deyilənləri nəzərə alaraq, səlahiyyətli orqanlar lazımi araşdırmaları aparacaq və bütün məsələlərə tam aydınlıq gətirəcəklər.

Qarşı tərəfin də məsələyə münasibətini öyrənməyə hazırıq.

Geri dön