Ana Sayfa > Gündəm / Manşet > Səlim Müslümovun Biləsuvardakı kadrından şikayət VAR
Səlim Müslümovun Biləsuvardakı kadrından şikayət VAR15-09-2015, 08:54. Yazar: admin |
Ölkənin müxtəlif şəhər və rayonlarında yerləşən Əhalinin Sosial Müdafiə Mərkəzlərinin fəaliyyətlərinin araşdırılması və obyektiv qiymətləndirilməsi məsələsi aktual mövzulardan biri kimi hər zaman mətbuatın diqqət mərkəzində qalmaqdadır. Təəssüflər olsun ki, bu gün əksər rayonlarda fəaliyyət göstərən ƏSMM-lərdə baş alıb gedən özbaşnalıqlar, bu mərkəzlərin rəhbərləri tərəfindən vətəndaşların hüquqlarının kobudcasına və kütləvi şəkildə pozulması halları hələ də dövlət islahatlarının tam gücü ilə həyata keçirilməsini əngəlləyən faktorlar kimi çıxış edirlər. Mütəmadi olaraq, redaksiyamıza daxil olan bir çox məlumatlarda ƏSMM-lərin bəzi rayonlardakı yarıtmaz fəaliyyətindən, yol verilən ciddi qanun pozuntularınadan konkret faktlar təqdim olunur. Xüsusən də bu mərkəzlərə rəhbərlik edən şəxslərin özbaşnalığı, aztəminatlı vətəndaşların problemlərinə biganəliyi yerlərdə əhalinin kəskin etrazlarına səbəb olur. Bu xüsusda Biləsuvar rayonundan daxil olan məlumatlarda da göstərilir ki, rayonu Əhalinin Sosial Müdafiə Mərkəzinin yarıtmaz fəaliyyəti, mərkəzin direktoru Xalid Rüstəmovun öz işində yol verdiyi ciddi qanun pozuntuları vətəndaşların kütləvi şəkildə hüquqlarının pozulmasına yol açır. Rayon sakinləri tərəfindən təqdim olunmuş materiallarda göstərilir ki, sosial yardım kartlarının ilk altı ay müddətində qanuni sahiblərindən saxlanılması üsulu bu gün də Xalid Rüstəmov tərəfindən geniş tətbiq edilir. Məhz bu yolla Biləsuvar ƏSMM-nin direktoru aztəminatlı vətəndaşların külli miqdarda pul vəsaitlərini mənimsəməkdə davam edir. Həmçinin aldığımız məlumatlarda Xalid Rüstəmovun davamlı olaraq yol verdiyi korrupsiya əməllərinin aktiv iştirakçısı kimi, onun müavini Ədalət Mürsəlovun da adı çəkilir. Artıq Biləsuvar rayon ƏSMM-də vəziyyət elə bir dözülməz duruma gəlib çıxmışdır ki, insanlar kütləvi şəkildə hüquq mühafizə orqanlarına, hətta birbaşa ölkə rəhbərliyinə ünvanlanan şikayət ərizələri imzalayırlar. Əlbəttə, ayrı-ayrı vətəndaşlar tərəfindən göndərilən şikayət ərizələrini bəzi hallarda şəxsi narazılıq və hətta qərəzlik kimi də qiymətləndirmək olar. Amma bu hal məhz kütləvi xarakter alırsa, artıq bu zaman məsələyə son dərəcə ciddi yanaşmaq lazımdır. Elə bu günlərdə Vertikal.az-a vətəndaş Rasim Abdullayev tərəfindən təqdim olunmuş və Baş Prokuror cənab Zakir Qaralova ünvanlanmış şikayət ərizəsi də nə az, nə çox, düz 31 nəfər tərəfindən imzalanmışdır. Söhbət əsnasında Rasim Abdullayev bildirdi ki, hələ bir müddət bundan əvvəl vətəndaşlar Xalid Rüstəmov və Ədalət Mürsəlov tərəfindən 200000 (iki yüz min) manat məbləğində dövlət vəsaitlərinin mənimsənilməsi barədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri cənab Səlim Müslümova bir neçə dəfə müraciət edərək məlumat veriblər. Lakin bu müraciətlərin heç bir nəticəsi olmayıb. Bu ilin mart ayının 30-da isə Rasim Abdullayev birbaşa cənab Zakir Qaralovun qəbulunda olub və Biləsuvar ƏSMM-nin fəaliyyətində yer almış ciddi korrupsiya hallarına dair məlumatları Baş Prokurora təqdim edib. Bundan sonra mərkəzdə müəyyən yoxlamalar aparılsa da, heç bir nəticə hasil olmayıb. Məhz bu səbəbdən də, vətəndaşlar yenidən cənab Zakir Qaralovun adına müraciət hazırlayıblar. Müraciətdə əsasən Xalid Rüstəmov və Ədalət Mürsəlov tərəfindən Biləsuvar ƏSMM-yə sosial yardım almaq üçün müraciət edən vətəndaşlara qarşı külli-miqdarda pul tələblərinin irəli sürülməsinə dair iddialar öz əksini tapmışdır. Bu xüsusda ərizədə deyilir: “Ərizədə adları qeyd olunan və digər məzlum, kasıb insanların sosial yardım alması üçün Xalid Rüstəmov və Ədalət Mürsəlov hər bir vətəndaşdan 400-800 manat arası rüşvət almışlar. Pulu olmayan insanların isə sosial yardımının 6-7 ayını zorla mənimsəyirlər, ya da əks təqdirdə vətəndaşa sosial yardım təyin etmirlər. Bu cinayətkarların öz vəzifələrindən sui-istifadə edərək xalqımıza, dövlətimizə vurduqları ziyan hələ də bu günədək davam edir. Varlı, zəngin adamlara sənəd saxtalaşdırmaqla, qanunsuz olaraq bir neçə adama sosial yardım təyin etmişlər. Nəticədə Xalid Rüstəmov və Ədalət Mürsəlov əldə etdikləri haram, çirkli pullarla özlərinə Bakı şəhərində 4 ədəd ev almışlar. Cənab prokuror, tam məsuliyyətlə deyə bilərəm ki, dediklərim bir faktdır, həqiqətdir. Bir müddət əvvəl, şəxsən mən özüm də yoxsul, imkansız qohumlarıma sosial yardım düzəltmək üçün sənədləri Xalıd və Ədalətə təqdim edərkən, mənə guya hörmət qoyub, məndən 5 nəfər qohumumun hər birinin sənədləri üçün 300 manat pul istədilər, həm də əvvəl aldıqları 400 manatdan əlavə. Bu kimi faktların həqiqət olmasını vətəndaşlar da öz imzalarıyla ərizədə təsdiq ediblər. Adları siyahıda göstərilənlər isə, hələ ziyan çəkən vətəndaşların bir qismidir. Əslində, belələri 200-300 nəfərdən çoxdur...”Xüsusi olaraq belə bir məqama diqqət çəkmək istərdik ki, 31 vətəndaşın imzaladığı ərizədə Xalid Rüstəmovun və Ədalət Mürsəlovun bir müddət əvvəl başa çatmış yoxlamanın gedişinə və nəticələrinə dair son dərəcə maraqlı şərh verdikləri bildirilir: “Mən Xalid Rüstəmova və Ədalət Mürsəlova dedim ki, törətdikləri cinayət barədə yuxarı orqanlara məlumat verəcəyəm. Onlar isə, cavabında mənə dedilər ki, Rasim Abdullayev, sənin bizə gücün çatmaz. Biz həm öz nazirliyimizə, həm də korrupsiya əməkdaşlarına 100000 (bir yüz min) manata yaxın pul vermişik. Get əlindən nə gəlir elə. Hara istəyirsən müraciət elə. Cənab prokuror, ona görə də biz sizə üçüncü dəfədir ki, kütləvi müraciət edirik. Nədən bizim şikayətimizə, müraciətimizə göz yumulur. Xalid Rüstəmov və Ədalət Mürsəlov kimi qatı cinayətkarların əməllərinin ört-basdır olunması, onların bu günədək cəzalandırılmaması bizi çox təəccübləndirir və məyus edir. Məgər çox hörmətli prezidentimizin yoxsul insanlara kömək məqsədi ilə ayırdığı sosial yardım Xalid və Ədalətin tələb etdikləri rüşvət əsasında insanlara təyin olunmalıdır? Belə çıxır ki, nə qədər Xalıd və Ədalət kimi cinaytkarlar vəzifədədir nə mənim qohumlarıma, nə də ərizədə göstərilən və digər yoxsul, biçarə insanlara sosial yardım verilməyəcək? Bəs biz haqqımızı kimdən tələb edək?”Son olaraq ərizədə belə bir məqam da vurğulanır ki, öz növbəsində Biləsuvar ƏSMM-nin rəhbərliyi də vəziyyəti “düzgün” qiymətləndirərək, Rasim Abdullayevi özləri üçün əsil təhdid kimi görürlər. Buna görə də bu məmurlarvətəndaşın sözün əsil mənasında neytrallaşdırılması üçün qabaqlayıcı təbirlərə də əl atırlar. Ərizədə bu barədə deyilir: “Ulu Öndər Heydər Əliyev belə demişdir: “Cinayətkarlığa qarşı mübarizə aparmaq hər bir vətəndaşın, hər bir məmurun əsil vəzifəsi, borcudur!”. Belə ki, Siz deyin, belə cinayətkarlara qarşı niyə mübarizə aparılmır? Necə olur ki, Xalid və Ədalət kimi cinaytkarlar məni nahaqdan böhtanlayır, şərləyir və rayon prokurorluğuna, polisə verirlər. Rayon məmurları da onların yalançı, haqqsız ərizəsinə dərhal əməl edib, məni 21.08.2015-ci il tarixdə polis şöbəsinə çağırıb məndən izahat aldılar ki, Xalid və Ədalət kimi cinayətkarlar pul gücünə, haqsız olaraq məni tutdursunlar. Cənab prokuror, Biləsuvar rayon ƏSMM-nin cinayətkar rəhbərlərinin fəaliyyətini obyektiv şəkildə və əgər mümkündürsə ictimaiyyət nümayəndələrinin iştirakıyla yoxlanılmasını, cinaytkarların layiqli şəkildə cəzalandırılmasını Sizdən xahiş edirik”. Materialda adı keçən bütün tərəflərin mövqeyini öyrənməyə hazırıq. Geri dön |