Ana Sayfa > Gündəm / Manşet > Nərimanov DYP şöbəsindən müəmmalı “evakuator” əməliyyatları

Nərimanov DYP şöbəsindən müəmmalı “evakuator” əməliyyatları


8-08-2015, 11:22. Yazar: admin
Nərimanov DYP şöbəsindən müəmmalı “evakuator” əməliyyatları
Son vaxtlar Nərimanov Rayon Polis İdarəsi Dövlət Yol Polisi şöbəsinin fəaliyyətində müşahidə edilən çoxsaylı neqativ hallara dair məlumatlara ölkə mətbuatında dərc olunana materiallarda tez-tez rast gəlmək olur. O cümlədən bir müddət əvvəl qəzetimizdə dərc olunan yazılarda, biz də dəfələrlə bu mövzuya toxunaraq, aldığımız şikayət məktubları əsasında bəzi məqamları ictimai müzakirəyə çıxarmışdıq.Aldığımız məlumatlarda isə, vətəndaşlar DYP-nin Nərimanov rayon şöbəsinin əməkdaşları tərəfindən törədilən özbaşnalıqlardan, yol verilən rüşvətxorluq və digər korrupsiya hallarından bəhs edirlər. Biz ötən materiallarda da qeyd etmişdik ki, bu gün Azərbaycanda korrupsiyanın ən çox tüğyan etdiyi dövlət təsisatlarının siyahısında da birinciliyi ölkənin təhsil sisteminə aid olan müəssisə və qurumlar və DYP strukturları bölüşürlər. Bu durum isə ilk növbədə DYP-nin yerlərdə struktur bölmələrinə rəhbərlik edən şəxslərin yarıtmaz fəaliyyəti nəticəsində formalaşır. Bu xüsusda məlumatlarda vurğulanır ki, şöbənin rəisi Tofiq Quliyevin öz fəaliyyətində yol verdiyi qanun pozuntuları da idarənin ümumi iş prinsiplərinə ciddi təsirini göstərmişdir. Sürücülərin qanunsuz cərimələnməsi, avtomobillərin əsassız olaraq təqibi, sürücülərin şərlənərək cərimələnməsi, cərimələrin yığılmasında ikili mühasibatlığın aparılması və digər bu kimi çoxsaylı korrupsiya halları bu gün Nərimanov DYP şöbəsinin fəaliyyətinin əsas səciyyəvi cəhətlərinə çevrilmişdir.Nərimanov DYP şöbəsində sürücülərin pozduqları yol hərəkəti qaydalarına görə tətbiq olunan cərimələrin bir neçə dəfə şişirdildiyini qeyd edən mənbənin sözlərinə görə, Tofiq Quliyev adıçəkilən şöbənin rəisi təyin olunduğu vaxtdan bu və buna bənzər digər hallar xüsusilə intensivləşib: “Nərimanov rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları sürücülərə yazılmış cərimələrin gec ödənilməsi səbəbindən istənilən rəqəmi təqdim edirlər. Məsələn, bir müddət öncə sürücülərdən birinin avtomobili Nərimanov DYPŞ-nin işçiləri tərəfindən saxlanılıb və sonra da cərimə meydançasına aparılıb. Həmin sürücü cərimə meydançasından maşınını çıxarmaq istəyərkən, ondan 1000 manat pul tələb olunub. Səbəb kimi 3 ay bundan əvvəl yol hərəkəti qaydalarını pozduğunu və bunun müqabilində 300 manat cərimə olunduğunu deyiblər. Rəqəmin 1000 manata çatmasını isə gecikmə və üzərinə əlavə cərimənin gəlməsi ilə izah ediblər. Bu pulun yalnız 100 manatı avtomobilin cərimə meydançasına gətirilmə xərci olduğu vurğulanıb. Halbuki, qanunvericilikdə cərimənin qısa müddətdə bir neçə dəfə artması halı yoxdur. Düzdür, cərimə vaxtında ödənilmədiyi təqdirdə, üzərinə əlavə peniyalar gəlir. Lakin həmin peniyaların miqdarı o qədər böyük deyil ki, 3 ay içində 300 manatlıq cərimə 1000 manata qədər yüksəlsin...”Yeri gəlmişkən bunu da qeyd edək ki, yeni aldığımız növbəti məlumatların birində də Nərimanov DYP şöbəsinin “cərimə meydançası” əməliyyatlarına dair bəzi maraqlı açıqlamalar təqdim olunur. Bildirilir ki, bu gün rayon ərazisində fəaliyyət göstərən bəzi müəssisə və təşkilatların, o cümlədən “Ata Bank”ın, “VTB Bank”ın, “Azərqazbank”ın, “Rabitə Bank”ın filiallarının, həmçinin “Confetti Lounge” restoranının və 5 saylı notarial kontorun qarşısında gün boyu xüsusi ayrılmış adamlar növbə çəkirlər. Onların vəzifəsi, bu müəssisələrə gələn müştərilərə nəzarət etməkdir. Daha dəqiq desək, bu müşahidəçiləri müştərilərin avtomobilləri maraqlandırır. Əgər müştəri öz maşınını bu müəssisələrdən birinin qarşısında saxlayıb, hətta bir neçə dəqiqəlik olsa belə, həmin müəssisəyə daxil olursa, bu zaman həmin şəxsin geri döndükdə artıq öz avtomobilini saxladığı yerdə tapmayacağı ehtimalı çox yüksəkdir. Belə ki, “müşahidəçilər” növbəti “qurbanı” təyin edən kimi, dərhal lazımi nömrəyə telefonla zəng vururlar. Bundan sonra həmin müəssisənin qarşısına DYP əməkdaşının müşayiətilə evakuator yaxınlaşır və bir neçə dəqiqədən sonra, artıq müştərinin maşının maksimal sürətlə cərimə meydançasına doğru hərəkət edir. Əlbəttə ki, öz yürüşü ilə deyil, evakuatorun “belində”. Avtomobilin sahibinə isə bu evakuasiya ən azı 50 manata başa gəlir. Məlumatı təqdim edən mənbə hətta bildirir ki, bu kimi əməliyyatlar səbəbindən artıq bir neçə dəfə avtomobil sahibləri ilə müəssilərin əməkdaşları arasında müəyyən anlaşılmazlıqlar da baş verib...

Qarşı tərəfin də münasibətini öyrənməyə hazırıq.

Geri dön