Ana Sayfa > Gündəm / Manşet > Bəxtiyar Əliyevə qarşı şok ittihamlar; deputatı kim “vurdurur”?
Bəxtiyar Əliyevə qarşı şok ittihamlar; deputatı kim “vurdurur”?22-05-2015, 09:09. Yazar: admin |
Milli Məclisə Seçkilər yaxınlaşdıqca siyasi arenada da gərginlik artır və bu mərhələdə kimlərin qurban gedəcəyi ilə bağlı artıq bəzi konturlar görünməyə başlayır. Belə qurbanlardan birinin də, Milli Məclisdə fəaliyyəti o qədər də sezilməyən və haqqında mütəmadi olaraq mətbuatda ciddi kompromat materiallar dərc olunan Bəxtiyar Əliyev olacağı artıq gün kimi aydındır. Belə ki, bir müddət əvvəl Bəxtiyar Əliyevin indiyə qədər rəhbəri olduğu BDU-nun Psixologiya kafedrasının müdiri vəzifəsinə növbəti seçki keçirilməli olsa da, BDU rəhbərliyi seçkilərin nəticələrini ləğv edib və bununla da Bəxtiyar Əliyev faktik olaraq vəzifəsindən uzaqlaşdırılıb. Bu qərarın, faktik olaraq onun işdən çıxarılması demək olduğunu başa düşən Bəxtiyar Əliyev dərhal əks-hücuma keçərək Təhsil Nazirliyinə və digər yerlərə BDU rəhbərliyindən və kafedrasının işçilərindən (?!) şikayət Ərizələri yazmağa, deputat səlahiyyətlərini işə salaraq, hərtərəfli təzyiqlər kompaniyasına başlayır. Nəticədə BDU rəhbərliyi Bəxtiyar Əliyevi müvəqqəti olaraq kafedra müdirliyinə təyin edir. O vaxtdan bəri B.Əliyev əlinə düşən hər yüksək tribunalardan BDU rəhbərliyi və kafedrasının işçiləri əleyhinə təbliğat aparmaqda, müxtəlif instansiyalara şikayət ərizələri yazmaqdadır. Bu hadisədən bir müddət əvvəl də onun avtomobilinin AzNeft meydanında yol polisi tərəfindən saxlanıldığı, Bəxtiyar Əliyevin hədə-qorxularına baxmayaraq, avtomobilinin cərimə meydanına aparılaraq bir-neçə gün orada saxlanılması faktı da məlumdur. Hətta bu insidentdən bir neçə gün sonra prezident iqamətgahında keçirilən bir iclasda ölkə Prezidentinin də, “Bəzi deputatların özünü əlahiddə şəxsiyyət hesab edib, qanunlara və yol polislərinə tabe olmur, xalqa üstdən-aşağı baxırlar” deməklə, hadisədən xəbərdar olmasına və polisləri dəstəkləməsinə işarə vurmuşdu. Bütün bunların daha bir fəaliyyətsiz deputatımızn sonunun başlanğıcı demək olduğunu düşünmək olarmı? Biz bu faktı ətraflı araşdırmaq qərarına gəldik və BDU-nun “Sosial elmlər və Psixologiya” fakültəsinin müəllim heyəti və BDU rəhbərliyi ilə əlaqə saxladıq. Hamısı həqiqətən də Psixologiya kafedrası müdirinin səlahiyyət müddətinin başa çatmasını, yeni seçkilərin nəticələrinin BDU rəhbərliyi tərəfindən ləğv etməsini, lakin bir müddət sonra bəzi səbəblərdən irəli gələrək, həmin vəzifəyə müvəqqəti olaraq Bəxtiyar Əliyevin təyin olunmasını təsdiqlədilər. Kafedra və fakültə əməkdaşları ilə apardığımız söhbətlərdə məsələnin kökünün daha dərin olması və bəzən də siyasi tərəflərə gedib çıxdığı məlum oldu. Bu addımın səbəbləri yerində söylənilən çoxsaylı versiyaları aşağıdakı kimi ümumiləşdirə bildik: Versiya №1 BDU-nun “Sosial elmlər və Psixologiya” fakültəsinin əməkdaşları ilə apardığımız söhbətlərdən belə məlum oldu ki, burada neçə vaxtdır çox ciddi ikitirəlik yaşanır. Faktik olaraq fakültə əməkdaşları 2 cəbhəyə bölünüb. Bunlardan biri – başında Bəxtiyar Əliyevin durduğu konservativlər cəbhəsidir ki, buraya 85 yaşlı Əkbər Bayramov (yeri gəlmişkən o, vaxtilə parlamentdə Heydər Əliyevi təhqir etmiş Bayram Bayramovun qardaşıdır), Əkbər Bayramovun həmyaşıdı və əksər kitablarının həmmüəllifi olan Əbdül Əlizadənin oğlu, BDU-da “Sosial elmlər və Psixologiya” fakültəsinin dekanı Hikmət Əlizadə və b. daxildir (yeri gəlmişkən, Hikmət Əlizadə, vaxtilə mövcud olmuş və sonradan fəaliyyəti Elşad Abdullayevin Beynəlxalq Universiteti ilə bir məhkəmədə qanunsuz elan edilərək ləğv edilmiş “Sankt-Peterburq Xarici İqtisadi Əlaqələr, Hüquq və İqtisadiyyat İnstitunun Bakı filialı”nın rektoru olmuşdu – hansının ki, təsisçisi Bəxtiyar Əliyev idi). İkinci cəbhə isə – islahatçılar cəbhəsidir ki, buraya tanınmış psixoloqlardan Rövşən Cavadov, Mirələm Vəliyev, İmdad Bayramov, Azər Mustafayev və b. daxildir. Onlar belə qənaətdədirlər ki, Bəxtiyar Əliyev öz deputat, Elmi Şura sədri, müxtəlif dövlət komissiyalarına üzvü olmaq və digər onlarla dövləti səlahiyyətləri ilə Azərbaycan elmində islahatlara ciddi əngəl törədir, ambisiyalı xarakteri ilə ona rəqib ola biləcək hər kəsə əlindəki səlahiyyətlərlə təsir göstərərək elmdən uzaqlaşdırır, buna görə də rəqabəti boğaraq bu sahədə monopoliya yaradıb, bütün layihələri və vəzifələri öz əlinə alır. Söhbət etdiyimiz əməkdaşların bildirdiyinə görə daim Ulduzlar arasında Günəş kimi görünə bilmək üçün Bəxtiyar Əliyev məqsədli şəkildə o adamların “elmi” işini müdafiəəyə buraxır, hansıların ki, nə özü bu sahəyə aid adam deyil, nə də işi heç yerdə lazım olası deyil. Əksinə, istedadlı gəncləri beşiyindəcə boğmaq üçün Bəxtiyar Əliyev BDU-da imtahan komissiyasının üzvü, AAK-da Şura sədri, Milli Məclisdə Elm-Təhsil komissiyasının sədr müavini olmaq kimi səlahiyyətlərindən tam qüvvəsi ilə istifadə edir. Fakültə əməkdaşları neçə-neçə istedadlı psixoloqun (Rövşən Cavadov, Taliyə Musayeva, Fidan Fatıyeva, Sveta Verdiyeva və b.) Bəxtiyar Əliyev tərəfindən kafedradan, fakültədən uzaqlaşdırılması, dövlət səviyyəsində əhəmiyyət kəsb edəcək elmi işinin məhv edilməsini, onların bir çoxunun da bezərək bütövlükdə ölkədən baş götürüb getməsini, hazırda da kafedrasında çox zəhərli bir mühitin hökm sürdüyünü bildirdilər. Məsələ o qədər kəskin xarakter alıb ki, hətta BDU rəhbərliyi bu problem həll etmək üçün xüsusi komissiya da yaradıb və bu komissiya da, kafedra əməkdaşlarının iddiasının doğruluğu qənaətinə gəlib. Nəticədə, bu inhisarı bir nəfərin əlindən alaraq rəqabətə meydan yaratmaq, və ölkə prezidentinin tapşırığına uyğun olaraq, gənclərə yol açmaq, alternativ baxışlara meydan vermək məqsədilə BDU rəhbərliyində həmin qərarı verərək, B.Əliyevə alternativ yollar açmaq qənaətinə gəliblər. Lakin Bəxtiyar Əliyev belə asanlıqla öz monopoliyasını əldən vermək istəməyib və çox aqressivliklə əks-hücuma keçib; Versiya №2 Yuxarıda qeyd edildi ki, bir vaxtlar Bəxtiyar Əliyev, əlində olan imkanlardan istifadə edərək vaxtilə saxta sənədlər əsasında “Sankt-Peterburq Xarici İqtisadi Əlaqələr, Hüquq və İqtisadiyyat İnstitutu”nun Bakı filialı deyilən qanunsuz bir İnstitut açdırmış, oraya testdənkənar üsullarla tələbə qəbulunu həyata keçirərək, sonradan onları müxtəlif rəsmi dövlət universitetlərinə “perevod” etdirmişdi. Mətbuatın yazdığına görə, 7 illik fəaliyyəti müddətində bu yalançı “universitet”in 2 min (bəziləri hətta 7 min) “tələbə” qəbul edib başqa universitetlərə ötürdüyünü, sonra isə məzunlarının yalançı diplomunun statusunu daha da qaldırmaq üçün onların bir çoxunu, öz kurasiyasında olan Elmi Şuralar vasitəsilə elmi iş müdafiəsinə buraxdırıb, “alim” etdiyini yazırdılar. Mətbuatda onun bu əməlləri hərtərəfli işıqlandırıldıqdan sonra, dövlət orqanları onun həmin bu saxta diplom, saxta elmi iş müdafiələri və şübhəli kommersiya fəaliyyətini araşdırmağa başlamış, hətta Misir Mərdanova qədər şəxslərin dindirilməyə cəlb olunmuşdu. Ehtimal edilir ki, bu araşdırmalar artıq başa çatıb və nəticələr ölkə Prezidentinin diqqətinə çatdırıldıqdan sonra, B.Əliyevə qarşı müvafiq addımlara start verilib. Bunlardan biri də BDU rəhbərliyinin əli ilə həyata keçirilən həmin bu addım olub. Versiya №3 Mətbuat, Bəxtiyar Əliyevin 1989-cu ildə fəlsəfə sahəsində müdafiə etdiyi “Межнациональное общение как объект социально-психологического анализа” namizədlik dissertasiyasının plagiat olmasını və ermənilərlə qardaşlığın əhəmiyyətinə həsr olunduğunu, ona görə də indi heç kimin əlinə düşməməsi üçün bütün tədbirləri görüb, kitabxanalardan yığışdırtdırdığını, gizlətdiyini yazırdılar (bəzi müsahiblərim hətta bir qədər də irəli gedərək bu dissertasiyanın çox hissəsinin müəllifliyi göstərilmədən onunkundan 5 il əvvəl müdafiə olunmuş Проскурнин Дмитрий Тимофеевич: “Межнациональное общение как объект социально-философского анализа” dissertasiyasından köçürmə olduğunu deyirdilər). Bu qədər şübhələrdən sonra da onun öz dissertasiyasını açmaması, kitabxanalar və internetə yerləşdirməsi özü də bunun ciddi əsasa malik olduğunu bir daha göstərir. Fakültə əməkdaşları, Bəxtiyar Əliyevin hər yerdə aktivliklə reklam etdirdiyi “qalaq-qalaq əsərləri”nin də heç bir kitabxanada olmamasını, onları heç vaxt heç kimin görmədiyini, heç kimin oxumadığını, hətta internetdə də heç bir kitabxanada adı çəkilmədiyini, hətta öz iş yerində də onun hansısa kitablarının olmasını heç kimin bilmədiyini, yalnız ağzıbağlı şkafa 10-15 cild kitab yığıb, üzərinə “B.Əliyevin külliyyatı” yazılmış üzlük çəkdirdiyini, içərisindəkilərinsə ümumiyyətlə Bəxtiyar Əliyevə dəxli olmayan kitablar olduğunu, o şkafın içindəki kitablara indiyə qədər hətta öz kafedrasının işçilərinin də açıb baxa bilmədiyini deyirdilər. Gələn-gedənə də məhz onları göstərərək, özü barədə “dahi” təsəvvürü yaradır. Fakültə əməkdaşlarından bəziləri bildirdi ki, ehtimal ki, bu məsələ Təhsil Nazirliyinin diqqətini cəlb edib, ondan ekspertiza üçün dissertasiya işi və həmin “qalaq-qalaq əsərləri” tələb olunub, o isə bunun, onun ifşası olaraq bütün karyerasına nöqtə qoyacağını bildiyindən, aktiv şəkildə verməkdən, üzə çıxarmaqdan imtina edib ki, bu da Təhsil Nazirliyində lazımi rəy formalaşdırıb və BDU rəhbərliyinə bununla bağlı müvafiq təlimat veriblər. Öz ətrafında toxunulmazlıq aurası yaratmaq üçün Bəxtiyar Əliyev hər yerdə bəyan edir ki, guya cavanlıqda Moskvada ölkə prezidenti cənab İlham Əliyevlə bir universitetdə təhsil alıb, onunla tələbə yoldaşı olub, və indi də onun dəstəyi ilə bu zirvələrə qalxıb (baxmayaraq ki, qətiyyən belə deyil). Ehtimal olunur ki, bu söhbət də, ölkə Prezidentinin diqqətinə çatdırılıb və o da, onun adından istifadə olunmasından qətiyyən xoşlanmayıb və lazımi adamlara bu barədə müəyyən tapşırıqlar verib; Versiya №5 Məlum olduğu, kimi Bəxtiyar Əliyev Prezident Adminstrasiyasının rəhbəri Ramiz müəllim Mehdiyevin kadrlarındandır. Öz prinsiplərinə uyğun olaraq Ramiz müəllim, Azərbaycanın bir çox gənc və perspektivli kadrları kimi, vaxtilə onun da irəli getməsinə dəstək verib, lakin bu gün mətbuat onun çirkin əməllərini açıqlayandan sonra Ramiz müəllim qərarlarına yenidən baxıb və bütün bu dəstəklərdən dövlətimiz üçün deyil, yalnız özü üçün istifadə etdiyini görüb, artıq onun arxasından qaçıb. Bu mövqe də BDU rəhbərliyinin diqqətinə çatdırılıb ki, onlar da məhz bundan sonra həmin qərarı veriblər; Versiya №6 Bəxtiyar Əliyevin bir vaxtlar Ayaz Mütəllibovun müdafiəsi üçün yaradılmış “Nicat” cəmiyyətinin sədr müavini, cəmiyyətin sədri Famil Mehdi istefaya gedəndən sonra isə, bu cəmiyyətin sədri olduğu məlumdur. Əsasən Rusiyada təhsil almış, və ümumiyyətlə rusiyapərəst şəxslərdən təşkil olunmuş bu cəmiyyətin Heydər Əliyev əleyhinə aktiv fəaliyyət apaması səbəbindən dağıldığı da məlumdur. Həmsöhbətim olan alimlərdən bir qrupu da belə ehtimal edir ki, Ukrayna hadisələrindən sonra Rusiya bütün postsosialist məkanında aktivləşib, özünə dayaqlar yaratmağa başlayıb ki, bu baxımdan, Azərbaycanda da keçmiş “Nicat”çılar xüsusi aktivləşərək, təşkilatlanmağa başlayıblar. Ehtimal olunur ki, son günlər Rusiyaya səfərləri intensivləşən Bəxtiyar Əliyev, orada şübhəli görüşlər keçirib ki, bu da ölkənin təhlükəsizlik orqanlarının diqqətini cəlb edib və onun dövlət rıçaqlarından məhrum edilməsi proqramına start verilib. Yeri gəlmişkən, Bəxtiyar Əliyevin indiyə qədər də YAP üzvü olmaması da hakimiyyətdəkilərə hansısa mətləblərdən xəbər verib. Versiya №7 Bir başqa qrup – problemin kökündə real olaraq onun pedoqoji fəaliyyətindəki yarıtmazlığı və BDU rəhbərliyinin də məhz rəhbər kimi bütün bunlara dözməyib, BDU-da nizam-intizam yaratmaq üçün bu addımı atdıqlarını bildirdilər. Belə ki, eyni zamanda onlarla vəzifə daşıyan Bəxtiyar Əliyev indiyə qədər BDU-da 1 saat belə dərs deməyib, lakin hər il özünə lazım olandan da artıq dərs saatı yazır. Hələ bir tələbə belə deyə bilməz ki, bircə dəfə də olsa B.Əliyevi auditoriyada görüb. Versiya №8 Bir başqa qrup – onun məhz deputat kimi öz vəzifələrini yerinə yetirə bilməməsinin də burada ciddi rol oynadığını bildirdilər. Ağdam sakinləri mütəmadi olaraq onun yarıtmaz deputat fəaliyyətindən, üzünü belə görə bilmədiklərindən, qəbuluna düşə bilmədiklərindən daim ölkə prezidentinə və müxtəlif orqanlara öz şikayətlərini bildiriblər. Bu isə, “Biz hamımız bu millətin, bu xalqın xidmətçiləriyik!” prinsipi ilə yaşayan ölkə Prezidenti üçün qətiyyən qəbuledilməzdir və şəxsən onun da qəzəbinə tuş gəlib. Həmçinin deputat və onlarla komissiyanın üzvü olduğu 15 il ərzində ona aidiyyətli heç bir Qanun hazırlanıb, ortaya qoyulmamamsı, deputat kimi heç bir fəaliyyət göstərməməsi də önəmkli faktorlardandı. Versiya №9 Və nəhayət bir başqaları bu olayları klanlar arasındakı çarpışmanın görünən üst qatı hesab edərək bildirirlər ki, yaxın vaxtlara qədər AMEA və bütövlükdə elm sektorunun, hansı qüvvənin nəzarətində olduğu hamıya yaxşı məlumdur. Yaxın 2-3 ildən başlayaraq həmin qüvvələrin aktiv şəkildə AMEA və digər bir sıra qurumlardan sıxışdırılıb çıxarıldığı və elm sektorunun ölkədə tanınmış digər bir qüvvənin nəzarətinə keçdiyi də məlumdur. Güman edilir ki, AMEA-dan sıxışdırılıb çıxarılan və “akademik” adı vermək səlahiyyəti əlindən alınmış həmin qüvvələr bundan sonra birbaşa Prezident Adminstrasiyasının tabeçiliyində olan Prezident yanında Ali Attestasiya Komissiyasını hədəf götürərək, oranı ələ keçirməyə və elmi ad vermək səlahiyyətlərini öz nəzarətlərinə götürməyə başlayıblar (“Siz kimi Akademik seçirsiz-seçin, onsuz da gec-tez ancaq bizim filtrdən keçirib sizə təqdim edəcəyimiz, ancaq bizim adamlarımız olacaq doktor, professorlar içərisindən seçməli olacaqsınız öz akademiklərinizi” – prinsipi). Həmin klana aid “alimlərin” son günlər aktiv şəkildə AAK-da yüksək postlara təyin olunması, məhz bu proqramın nəticəsidir. Həmin köhnə klanın nümayəndəsi olan Bəxtiyar Əliyevin də son aylarda AAK-da yüksək vəzifəyə gətirilməsi, güman edilir ki, elmdə islahatlara start vermiş digər yenilikçi komandanın xoşuna gəlməyib və ona qarşı tədbirlər görməyə başlayıblar. Fakültə əməkdaşları maraqlı bir əlaqəyə də diqqəti çəkdilər: Bəxtiyar Əliyev 15 ildən artıqdır ki, hara gedirsə, oraya özü ilə birlikdə zəif xarakterli və ixtisasca “əmək təlimi” müəllimi olan Hikmət Əlizadəni də rəhbər vəzifəyə aparır. O cümlədən, 2000-ci ildə təsis etdiyi qanunsuz “Sankt-Peterburq Xarici İqtisadi Əlaqələr, Hüquq və İqtisadiyyat İnstitutu”nun Bakı filialı deyilən institutda (fəaliyyəti sonradan İnzibati-İqtisad Məhkəməsinin 27 fevral 2007-ci il tarixli qərarı ilə qanunsuz elan edilərək bağlanıb) B.Əliyev təsisçi, H.Əlizadə – rektor; BDU-da “Sosial elmlər və Psixologiya” fakültəsində: B.Əliyev – kafedra müdiri, H.Əlizadə dekan; BDU-nun ixtisaslaşmış Şurasında: B.Əliyev – sədr, H.Əlizadə – sədr müavini; AAK-da: B.Əliyev – Rəyasət Heyətinin üzvü, H.Əlizadə – Ekspert Şurasının sədri və s. Səbəblər çox, nəticə isə birdir – Bəxtiyar Əliyev ətrafındakı həlqələr getdikcə daralır və güman ki, bu seçkilərdə daha bir fəaliyyətsiz deputatımızla vidalaşmalı olacağıq. “Bəs bu qədər məsələləri niyə açıb-ağartmırsınız?” sualıma cavab olaraq həmsöhbətlərim onu da bildirmişdilər ki, “Açıb-ağartmırsınız nə deməkdi? Yüzlərlə sayt, qəzet yazıb bu barədə. Bəxtiyar Əliyevin də hər ay işi-peşəsi qazandığı milyonları qəzet-saytlara paylayıb, bu yazıları saytlardan yığışdırtdırmaqdı. Hər ay sumka-sumka pul paylayır qəzetlərə-saytlara ki, hər ay tapıb çap etdirdikləri yeni-yeni kompromatları yığışdırsınlar. Yaxşı ki, pula satılmayan 5-3 sayt var ki, yazılanlardan nümunə saxlayıblar saytlarında”. Beləliklə, BDU-da nəhənglər arasında gedən bu savaşın qalibi kim olacaq – bunu zaman göstərəcək. Hələliksə, BDU əməkdaşları ilə müsahibədən qayıdandan sonra yol gələ-gələ öz-özümə sadə bir riyazi hesablamalar apardım: Deməli, Bəxtiyar Əliyevin adıgedən saxta İnstitutuna, qəbul olunan “tələbə”lərin sayını ən azı 2 min hesab etsək və hər bir “tələbənin” qəbulundan B.Əliyevə mincə manat (1000 AZN) mənfəət qalsa (həqiqətdə isə, müsahiblərimin dediyinə görə buraya qəbul öz vaxtında 8-10 min manat idi), bu, orta hesabla 2 milyon manat deməkdir. Saxta müdafiələrin qiymətinin isə 10-25 min manat olduğunu nəzərə alsaq, həmçinin buraya B.Əliyevin “biznesmen fəaliyyətini” də əlavə etsək, onun ölkədə ən zəngin adamlardan biri olduğuna heç bir şübhə qalmır. Doğrudan da bu qədər vəsait – bu ölkədə çox böyük qüdrət sahibi olmaq deməkdir və bununla hətta BDU rəhbərliyini və Təhsil Nazirini də ayaq altında tapdalamaq məsələsi çox anlaşılandır. * * * Təhsil məsələləri üzrə tanınmış ekspert Etibar Əliyev “Azadlıq” qəzetinin 20.12.2013 tarixli sayında dərc etdirdiyi “Bəxtiyar Əliyev fenomeni” adlı məqaləsində bunları yazmışdı: “B. Əliyev 2007-ci ildə AMEA-nın müxbir üzvü (fəlsəfə üzrə) seçilmişdir. Maraqlıdır ki, həmin il Akademiyada keçirilən seçkilərdə fəlsəfə sahəsində dünya çapında tanınmış böyük alim, bütün ömrünü fəlsəfəyə həsər etmiş Yusif Rüstəmov da iştirak etmişdi. Amma fəlsəfə üzrə AMEA-nın müxbir üzvü fəlsəfədən yarım səhifəlik məqaləsi belə olmayan Bəxtiyar Əliyev seçilmişdi. Elə həmin vaxtda bu hadisə rəhmətlik Yusif müəllimə pis təsir etmişdi. Bu qədər vəzifə və titullardan sonar hörmətli Bəxtiyar müəllimə orta ümumtəhsil məktəbləri üçün “Insan və Cəmiyyət” dərsliklərinin yazılması da həvalə olunub. Ortaya çoxlu suallar çıxır: psixoloq hara, belə bir adda dərsliyin yazılması hara? Görəsən B.Əliyev bu ağır işin öhdəsindən gələ bilibmi? Əlimə düşən 11-ci sinflər üçün “İnsan və cəmiyyət” dərsliyi oldu. Kitabı geniş təhlil etmək imkanım olmasa da bəzi mətnləri oxucuların diqqətinə çatdırmaq istəyirəm: məsələn baxın, kitabın “Sağlam ekoloji mühitin yaradılmasında yaşıl iqtisadiyyatın rolu” paraqrafında nələr yazılıb: . Bu mətni başa düşən varsa əlini qaldırsın. Mən bircə şeyi başa düşdüm ki, Bəxtiyar müəllim bizim cəmiyyəti də dolayısı ilə sosial məsuliyyət hissi olmayan cəmiyyət kimi anlatmaq istəyir. Dərslikdə “Davamlı insan inkişafı və sosial məsuliyyətli siyasət” paraqrafının birinci cümləsi belə başlayır: “davamlı inkişafın əsas məqsədi gələcəksiz inkişafın qarşısını almaqdan ibarətdir”. “Mənəvi həyat” paraqrafında mənəviyyatın tərifi belədir: “mənəviyyat- insanın əxlaqını formalaşdıran ruhi keyfiyyətdir”. Bərəkallah… Dərslikdəki ən maraqlı paraqraflardan biri “Cəmiyyət və elm”dir. Təsəvvür edin uşaqlara “elm” anlayışı haqqında elementar bilgilər vermək əvəzinə dərhal elmi texniki tərəqqinin cəmiyyətə təsiri haqqında danışılır. Bu mətndə “lazer”, “nanotexnologiya” anlayışlarınının izahı səhv verilib, “fərdi foton” anlayışı isə fizika elmində ümumiyyətlə yoxdur. Mətnin sonu isə çox maraqlı cümlələrlə qurtarıb: “Müasir elmin sürətli və heyrətamiz nailiyyətləri, həmçinin Internet vasitəsilə beynəlxalq əməkdaşlıq elmi və texnologiyanı qloballaşdırır. Bu isə həm də təhlükəlidir. Sual qoyulur: elm və texnologiyanın qloballaşması hansı təhlükələri törədə bilər? Məhz bunları nəzərə alan Birləşmiş Millətlər Universitetinin Amerika Şurasının Minilliyin Layihəsi üzrə 15 qlobal Çağrışlarından birində bu təhlükədən narahatlıq ifadə olunur”. Başa düşən varsa əlini qaldırsın. Orta məktəb şagirdlərinə anlaşıqlı dildə kitab yaza bilməyənlər bizlərə təhsil dərsi keçmək istəyirlər”. Tanınmış filosof-alim, Ali məktəblərdə “Məntiq” dərsliyinin müəllifi olan Mahir müəllim İsrafilov “Təzadlar” qəzetinin 16.01.2014 sayında dərc etdirdiyi məqaləsində onun barədə yazmışdı: “Dramatizm ondadır ki, AMEA-nın seçkilərində müxbir üzvlüyünə fəlsəfədən anlayışı, bir səhifəlik məqaləsi olmayan Bəxtiyar Əliyev kimi adamlar seçilir, ömrünü-gününü fəlsəfi problemlərin işlənməsinə, gələcəyinə həsr etmiş və 25 kitabın müəllifi olan rəhmətlik Y.Rüstəmov, 38 samballı monoqrafiyanın müəllifi Ə.Məmmədov, C.Mustafayev, Y.Rüstəmov, fəlsəfi elmlərin usdadı adlandırdığımız rəhmətlik C.Əhmədli kimi bu qəbildən olan alimlərimiz kölgədə qalır. Elmdə “fərdi foton” alayışının olmadığını qanmayan “mənəviyyat” anlayışına tərif verə bilməyən, onun atributlarını qarışıq salan Bəxtiyar Əliyev kimi adamları sabah akademik də seçə bilərlər. Belə olan halda, “milli elm”, “milli kitab”, “milli dərslik” və bu kimi anlayışlara necə tərif verək? Görəsən, bu yolla müxbir üzvlərin və akademiklərimizin sayının artırılmasıın başqa xalqlara ziyanı yoxdur ki? Bəlkə də bu suala gələcək nəsillər belə cavab verəcək: təhsilim, elmim sənə əmanət”. Həmçinin, sıravi Ağdam seçicilərinin fikirləri:“Ağdam rayonun daha bir sakini, məcburi köçkün, təqaüdçü müəllim Nuşirəvan Aslanov isə baş verənləri təəccüblə izlədiyini bildirdi: “… Bizim Ağdam rayonunu Milli Məclisdə təmsil edən iki deputatımız var. Bəxtiyar Sadıqov və Bəxtiyar Əliyev… Onlar aşırma şalvar geyinəndən ta bu günə kimi, rayonumuzu orada təmsil edirlər. Bəs bizim o deputatlar orda nə edirlər? Bizneslə məşğuldurlar, alverlə məşğuldurlar, nəylə məşğuldurlar? Mən şəxsən Ağdam rayon sakinləri adından təklif edirəm ki, qarşıdan gələn 2015-ci ildə Milli Məclisə keçiriləcək seçkilərdə iştirakdan imtina edək. Çünki biz 20 ildir ki, deputatlarımızın fəaliyyətini görmürük, heç onları tanımırıq. Əhalinin də böyük əksəriyyəti öz deputatını tanımır. Biz tələb edəcəyik ki, seçki vaxtı Ağdamda olan iki dairə və iyirmi məntəqəyə xərclənən maddi vəsait, Ağdamın digər problemlərinə sərf olunsun. Əgər onlar bu problemləri parlamentdə, yüksək tribunadan deyə bilmirlərsə, onda elementar danışığını bilməyən Etibar Hüseynova necə cavab verə bilərlər? Nəyə görə deputatlarımız həmin şəxsin yanında oturub, Qarabağ camaatını təhqir etməsinə susurlar, niyə onun cavabını vermirlər? Bəlkə də özləri də ona qoşulub, bu vəziyyətə gülürlər. Mən Ağdam tərəfindən belə adamların deputat seçilməsinə bir vətəndaş kimi öz etirazımı bildirirəm” Geri dön |