Ana Sayfa > Gündəm / Manşet > Gədəbəyin icra başçısı Söyüdlü kəndinə gedib, narazı sakinlərlə görüşdü - VIDEO
Gədəbəyin icra başçısı Söyüdlü kəndinə gedib, narazı sakinlərlə görüşdü - VIDEO22-06-2023, 09:31. Yazar: admin |
Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov bu gün rayonun Söyüdlü kəndinə gedib. İcra başçısı sakinlərlə görüşüb, onların şikayətlərini dinləyib, kəndin ərazisində süni gölün yaradılmasına etirazla bağlı yaranmış vəziyyəti müzakirə edib. İcra hakimiyyətinin başçısı göllə bağlı narazılığın həlli ilə bağlı da kənd sakinləri ilə fikirlərini bölüşüb. Onları icra hakimiyyətinə dəvət edib. Baş nazir Əli Əsədovun Sərəncamı ilə Gədəbəy rayonunun Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə Komissiya yaradılıb. Qeyd edək ki, Gədəbəy rayonunun Söyüdlü kəndində bir qrup şəxs kənd ərazisində süni gölün tikintisinə etiraz olaraq iyunun 20-də aksiya keçirməyə cəhd göstərib. Aksiyanın qarşısı alınan zaman polislə sakinlər arasında insident baş verib. Polis əməkdaşlarının aksiya iştirakçılara qarşı gözyaşardıcı qazdan istifadə etməsi birmənalı qarşılanmayıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib ki, polis əməkdaşı qadına qarşı ciddi qəbahətə yol verib, bununla bağlı müvafiq araşdırma aparılır, onun əməlinə hüquqi qiymət veriləcək. Elşad Hacıyev onu da əlavə edib ki, sosial şəbəkələrdə yayılan görüntülər törədilən qanunsuz hərəkətlərin digər tərəflərini əks etdirmir: “Qəsdən, məqsədli olaraq, polis əməkdaşının qadınlardan birinə qarşı xüsusi vasitədən istifadə etməsini göstərirlər”. Şöbə rəisinin sözlərinə görə, Söyüdlü kəndində süni gölün tikintisinə qanunsuz müdaxilə edən şəxslərlə 2 aydır ki, rayon İcra Hakimiyyəti və polis əməkdaşları tərəfindən profilaktik izahat işləri aparılıb. Elşad Hacıyev deyib ki, bütün tədbirlərə baxmayaraq, dünən həmin şəxslər müəssisə əməkdaşlarına hücum etməsi ilə əlaqədar polis əməkdaşları əraziyə cəlb olunaraq onların qanunsuz əməllərinin qarşısını alıblar. APA TV Geri dön |