Ana Sayfa > Gündəm / Manşet > Şikayət: Zərdabda sosial yardımı hansı formada verirlər...

Şikayət: Zərdabda sosial yardımı hansı formada verirlər...


20-05-2015, 09:22. Yazar: admin
Şikayət: Zərdabda sosial yardımı hansı formada verirlər...
Vertikal.az-a Zərdab rayonunun Çallı kənd sakini Eminov Sahil Surət oğlunun əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümova ünvanlanmış müraciəti daxil olub. S.Eminov redaksiyamıza göndərdiyi məktubunda yazır ki, Zərdab rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində əhaliyə verilən ünvanlı sosial yardıma görə özbaşınalığa yol verilir.
«Mən mətbuat vasitəsilə əmək və əhalinin sosial müdafiəsi naziri cənab Səlim Müslümova bildirmək istəyirəm ki, Zərdab rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində özbaşınalıq və qanunsuzluq baş alıb gedir. Belə ki, bu il fevralın əvvəlində ünvanlı sosial yardım almaq üçün Zərdab rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə müraciət etdim. Mərkəzdə mənə hansı sənədlərin təqdim olunmasını bildirdilər. Mən də lazım olan sənədləri toplayaraq fevralın 19-da mərkəzə təqdim etdim. O vaxtdan indiyədək dəfələrlə Zərdab rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin Ceyhun Qəribov adlı əməkdaşının yanında olsam da, hər dəfə sözü «narahat olma, gələn ay iki aylığını birdən alacaqsan» olub».
Qardaşı Eminov Zaur Surət oğlunun Qarabağ doyüşlərində şəhid olduğunu bildirən S.Eminov nazirə ünvanlı müraciətində yazır:
«Cənab nazir!
Zərdab rayonunda aztəminatlı ailələr əvəzinə, yardımı imkanlı ailələr alır. Necə deyərlər, Zərdab rayonunun Əhalinin Sosial Müdafiəsi Mərkəzi artıq «Həsən ağanın qohumu olmaq» prinsipi ilə işləyir. Çünki ünvanlı sosial yardım almaq üçün ya Zərdab rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin əməkdaşı Ceyhun Qəribovun qohumu olmalısan, ya da onun şərtləri ilə razılaşmalısan.
C.Qəribovun şərtləri isə çox qəlizdir, ya qabaqcadan altı ayın pulunu verməlisən, ya da ən yaxşı halda yardımın ilk altı ayını Ceyhun Qəribova verəcəyinə onu inandırmalısan. Əks halda, mənim kimilər get-gələ salınır. Siz bu məsələni yerində araşdırsanız, ünvanlı sosial yardımı xarici maşını olan ailələrin aldığını görəcəksiniz.
Cənab nazir!
Sizdən xahiş edirəm, şikayətimin araşdırılmasına və mənim ünvanlı sosial yardım almağıma kömək edəsiniz».
Sonda şikayətçi üzləşdiyi problemin ictimailəşdirilməsini və müvafiq qurumların diqqətinə çatdırılmasını, pozulmuş hüquqlarının bərpa edilməsinə kömək etməyimizi xahiş edir.
Əməkdaşımız müraciətdə adıçəkilən səlahiyyət sahibləri ilə əlaqə saxlayıb. Zərdab rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin əməkdaşı Ceyhun Qəribov barəsində deyilən ittihamların əsassız olduğunu bildirib. Mərkəzin direktoru Canpolad Vəliyev məsələni araşdırıb ciddi tədbir görəcəyini, mümkün qədər problemi həll edəcəyini söyləyib. Şikyətçi S.Eminov isə belə vədləri çox eşitdiyini və şikayətinin dərc olunmasını xahiş edib: "Xahiş edirəm, rayona ezam olunun. Yüzlərlə mənim kimi şikayətçi var, onları dinləyin. Səsimizi cənab Prezidentə, Baş prokurora çatdırın!".
Mövzuya qayıdacağıq.

Geri dön