Ana Sayfa > Gündəm > FHN Bakıdakı sexlərdən birinin fəaliyyətini məhdudlaşdırdı - FOTO/VİDEO

FHN Bakıdakı sexlərdən birinin fəaliyyətini məhdudlaşdırdı - FOTO/VİDEO


17-06-2022, 13:38. Yazar: admin
FHN Bakıdakı sexlərdən birinin fəaliyyətini məhdudlaşdırdı - FOTO/VİDEO

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.

Bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, məhəllə 2269 ünvanında yerləşən “Gözəl” Müstəqil Çoxprofilli İstehsalat Kooperativinin yataq dəsti istehsalı müəssisəsində aparılmış yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki:

- obyekt normaya uyğun ehtiyat çıxış yolu ilə təmin edilməyib;

- obyektdə yanğınların söndürülməsi üçün normaya uyğun yanğın su hovuzu inşa edilməyib;

- obyektin elektrik təchizatı və elektrik qurğuları “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə uyğun quraşdırılmayıb, o cümlədən elektrik xətləri obyektin bəzi sahələrində yanar konstruksiyaların üzəri ilə çəkilib, istehsal və anbar sahələrində müvəqqəti çəkilmiş elektrik xətlərindən, açıq sonluqlu naqillərdən, izolyasiya örtüyü zədələnmiş və sıradan çıxmış naqillərdən istifadəyə yol verilib;

- obyektdə yanğınla bağlı avtomatik xəbərdaredici siqnalizasiya qurğusu quraşdırılmayıb;

- müəssisənin istehsal sahələri və ofis binasının divarları yanar materiallarla üzlənib;

- obyektin ərazisi və təxliyə yolları tezalışan tullantılardan təmizlənməyib;

- obyekt ilkin yanğınsöndürmə vasitələri və odsöndürən balonlarla tam təmin olunmayıb və mövcud olan odsöndürən balonların tərkibi dəyişdirilməyib;

- obyektdə yanğın zamanı insanların və qiymətli əşyaların köçürülməsi üçün təxliyə planı normaya uyğun tərtib edilməyib;

- obyektdə işçilər yanğın təhlükəsizliyinə dair təlimatlandırılmayıblar və yanğın təhlükəsizliyinin təmin edilməsi barədə tədbirlər işlənib-hazırlanmayıb;

- obyektdə yanğın təhlükəsizliyinin təmin edilməsi üçün əmrlə yanğına qarşı rejim müəyyənləşdirilməyib;

- obyekt yanğın təhlükəsizliyi xidmətinin çağırış telefon nömrələrini bildirən göstərici lövhələrlə təmin edilməyib;

- müəssisənin istismarı Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb.

Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının pozulması səbəbindən baş verə biləcək yanğın hadisələrindən insanların həyatının və sağlamlığının, dövlətin əmlak maraqlarının, milli sərvətin, ətraf mühitin, bütün mülkiyyət növlərinin qorunması məqsədilə, qanunvericiliyin tələblərinə uyğun olaraq, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, məhəllə 2269 ünvanında yerləşən “Gözəl” Müstəqil Çoxprofilli İstehsalat Kooperativinin yataq dəsti istehsalı müəssisəsində işlərin və xidmətlərin göstərilməsinin məhdudlaşdırılması barədə Qərar qəbul olunub.

Geri dön