Ana Sayfa > Gündəm / Manşet > Xətaidə kəsilən ağacların yerində obyektlər ucalır

Xətaidə kəsilən ağacların yerində obyektlər ucalır


2-05-2015, 11:14. Yazar: admin
Xətaidə kəsilən ağacların yerində obyektlər ucalır
Bir müddət bundan əvvəl Xətai rayonu, Neapol küçəsi 26 və 28 saylı binaların sakinləri onların həyətlərindəki 20-30 yaşı olan ağacacların kəsilib yerində evlər tikilməsindən şikayət edirdilər. Bu işlərə bir neçə ay əvvəl başlanılsa da artıq həyətdə bir neçə ikimərtəbəli ev ucalıb. Doğurdan da ağaclar özləri də deyilənləri təsdiqləyirdi. İstər evlərin yaxınığında qol-budağı qırılımış bu gövdələr, istərsə də artıq doğranmış kötüklər. Yeni inşa edilmiş evlərin ətrafında ağacların oduncağı daşınsa da qol-budaqları hələ də qalmışdı. Sakinlər bu işlərin necə həyata keçirildiyini də bilirdilər.Binaların qarşısında uşaqların istirahəti üçün nəzərdə tutulmuş sahə isə indi həmin evlərin çıxış qapısıdır. Sakinləri narahat edən digər məsələ də uşaqların istirahəti üçün nəzərdə tutulmuş bu ərazinin qeyri-qanuni evlərin sahiblərinin avtomobil dayanacağı olması idi. Həmçinn o avtomobillərin sabah həyətdə oynayan uşaqları vuracağına, xəsarət yetirəcəyinə də heç kim təminat verə bilməz. Bəlkə də bu səbəbdəndir ki, suallarımızla müraciət etdiyimiz unvanlardan həmin vaxt cavab ala bilmədik. İlk olaraq ərazidəki 94 nömrəli mənzil kommunal istismar sahəsinə yollandıq. Saat 15.00 radələri olsa da qapılar bağlı idi. Növbəti günlərdə isə dəfələrlə əlaqə saxlasaq da rəisi yerində tapa bilmədik. Növbəti müraciət etdiyimiz ünvan Xətai rayon icra hakimiyyəti oldu. İcra başçısının müavini Zaməddin Əkbərov bu məsələ ilə bağlı danışmaq istəmədiyini və qurumun memarının səlahiyyətində olduğunu bildirdi. Onun telefon nömrəsini dəfələrlə yığsaq da cavab ala bilmədik. Kəsilən ağaclarla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə də müraciət etdik. Nazirliyin mətbuat xidmətindən sorğumuza yazılı cavab olaraq bildirdilər ki, qanunsuz ağackəsilməsi ilə bağl Neapol küçəsi 26 və 28 saylı ünvandan vətəndaş Daşdəmirli tərəfindən daxil olmuş müraciət əsasında Yaşar Hacıyev adlı şəxs tərəfindən 3 ağac kəsildiyi müəyyən edilib və həmin şəxs 3 min 600 manat məbləğində cərimə olunub. Amma sonradan hansısa ağacların kəsilməsi ilə bağlı quruma hər hansı məlumat daxil olmayıb. Əgər belə bir hal olarsa, nazirlik dərhal müvafiq tədbirlər görəcək. Odur ki, sakinlər tikilən evlərin qarşısını ala bilməsələr də kəsilən ağaclar üçün yenə də ETSN-nə müraciət etsinlər. Bir də övladlarının gələcəyini özləri düşünsünlər. Görünən odur ki, bu həyatda baş verənlərin qarşısını almaq çətindir. Həm onlara, həm də susmağı qızıl bilən aidiyyatı qurumların rəsmilərinə.Redaksiyamıza daxil olmuş yeni məlumatda isə yenə də Bakının Xətai rayonu ərazisində törədilmiş növbəti “yaşıl soyqırım” əməlinə dair açıqlamalar təqdim olunur. Fotoşəkillərlə təsdiq olunan açıqlamalarda bildirilir ki, rayonun Məhəmməd Hadi küçəsi-245 ünvanında yerləşən ərazidə, Murad adlı bir iş adamına məxsus kommersiya obyektinin inşası üçün “ayrılmış” torpaq sahəsində külli-miqdarda ağac kəsintisinə yol verilmişdir. Bu xüsusda təqdim olunan fotoşəkillərdə həmin ərazidə bir müddət əvvəl yaşıllığı ilə göz oxşayan sağlam ağacların, hal-hazırda isə boz torpaq üzərində ucaldılan obyektin monolit beton sütunlarının görüntüləri əks olunub. Qeyd edək ki, məlumatı aldıqdan dərhal sonra məsələyə aydınlıq gətirmək məqsədilə əməkdaşımız Bakı şəhər Yaşıllaşdırma Birliyinin rəhbərliyi ilə telefon əlaqəsi saxladı. Lakin Birliyin direktoru Vaqif Novruzovun əməkdaşımızın suallarına verdiyi cavab bizim çaşqınlığımızı daha da artırmış oldu: “Ekologiya nazirliyi rəy verib, mən də kəsmişəm, lap yaxşı eləmişəm...” Yaxşı, tutaq ki, elə doğrudan da həmin ərazidə olan ağacların kəsilməsinə dair Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən müvafiq rəy verilib. Bu zaman Vaqif müəllimin əməkdaşları tərəfindən həmin ağacların kəsilməsində qanun pozuntusunun olmadığını düşünmək olar. Amma istənilən halda, sağlam ağacların kəsilməsində yaxşı nə ola bilər ki, Vaqif Novruzov bu hərəkətlə belə qürur duysun? Halbuki, ərazidə yaşayan sakinlərdən aldığımız məlumatlarda məsələ tam fərqli şəkildə təqdim olunur. Bildirilir ki, həmin ağacların kəsilməsi barədə ETSN-in qaynar xətt xidmətinə məlumat verilmiş və sonradan məlum olmuşdur ki, nazirlik tərəfindən həmin ərazidə yalnız 3 ağacın kəsilməsinə rəy verilib. Yaşıllaşdırma Birliyinin işçiləri isə bu rəylə 20-dən artıq ağacı kəsərək məhv ediblər. Həmçinin sakinlərin dediyinə görə, ETSN rəsmiləri tərəfindən məsələnin araşdırılacağı və müvafiq tədbirin görüləcəyi də bildirilib. Lakin bu tədbirlərdən hələlik bir xəbər yoxdur. Əvəzində isə, aldığımız məlumatlarda mənbəyi Xətai Rayon İcra Hakimiyyətinə gedib çıxan başqa bir xəbər diqqəti cəlb edir. Bildirilir ki, sözü gedən “yaşıl soyqırım”a görə məsuliyyət daşımalı olan şəxslərdən biri də maklerlik fəaliyyəti ilə məşğul olan və hələlik adı açıqlanmayan bir nəfərdir. Yalnız bu şəxsin maklerlik fəaliyyəti, bu peşənin biz bildiyimiz adi xüsusiyyətlərindən kəskin fərqlənir. Belə ki, həmin şəxs yalnız bahalı sövdələşmələri “düz-qoş” edir. Həm də onun öz müştəriləri üçün tələb olunan torpaq sahələrini aldığı yeganə ünvan Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədovun iş kabinetidir. Məlumatda qeyd olunur ki, elə Murad üçün göstərilən ünvandakı torpaq sahəsini də məhz həmin makler alıb. Açıqlamalarda xüsusilə diqqəti cəlb edən məqam isə budur ki, icra hakimiyyətinə 7/24 giriş-çıxışı olan bu makler müəyyən ödənişlər (həm də kifayət qədər böyük ödənişlər) müqabilində öz müştəriləri üçün nəinki 10-15 ağacın, hətta bütöv bir parkın da ağaclarının kəsilməsi üçün icazə ala bilir. Elə Məhəmməd Hadi küçəsi-245 ünvanında yerləşən ərazidə ağacların kəsilməsinə dair Vaqif Novruzovun istinad etdiyi “rəy” də böyük ehtimalla ETSN tərəfindən deyil, məhz bu makler tərəfindən verilmişdir. Həmçinin mənbələr bunu da xüsusi olaraq vurğulayırlar ki, həmin maklerdən alınan torpaq sahələrində nəinki ağac kəsimlərinə, hətta törədilən istənilən digər özbaşınalıqlara da icra hakimiyyətinin əməkdaşları tərəfindən qətiyyən müdaxilə olunmur...

Geri dön