Ana Sayfa > Gündəm > Əsgərimizə hər zaman dəstək olaq!
Əsgərimizə hər zaman dəstək olaq!22-12-2020, 09:24. Yazar: admin |
Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu və “Bravo” supermarketlər şəbəkəsi işğaldan azad olunmuş ərazilərdə xidmət edən hərbi qulluqçulara yeni dəstək aksiyası başladıb Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu və “Bravo” supermarketlər şəbəkəsi işğaldan azad olunmuş ərazilərdə xidmət edən hərbi qulluqçulara yeni dəstək aksiyası başladıb. Musavat.com xəbər verir ki, aksiya çərçivəsində işğaldan azad olunmuş ərazilərdə hərbi xidməti davam etdirən əsgər və zabit heyəti üçün, onların istəkləri nəzərə alınmaqla, müxtəlif qida məhsulları, fərdi qulluq və gigiyenik ləvazimatlardan ibarət bağlamaların çatdırılmasına başlanılıb. ![]() Birinci vitse-prezidentin əsgərə yardım kampaniyası başlatması çox əhəmiyyətli işdir. Çünki son günlər, xüsusilə də müharibə bitdikdən sonra ortaya çıxan bir sıra problemlər var. Problemlər əsasən əsgərlərin siqaret və qida ehtiyacları ilə bağlıdır. Həmçinin bəzi əsgərlər sosial şəbəkələrdə ailə vəziyyətləri ilə bağlı problemlərini gündəmə gətirirlər. Videomüraciətlər yayan əsgərlər hərbidə olduqları üçün ailələrinin maddi vəziyyətlərinin yaxşı olmadığını bildirirlər. Bu problemləri necə həll etməli? Əsgərimizin qeyd etdiyimiz birinci probleminin (siqaret və qida ehtiyacı) həlli üçün Vətən müharibəsinin ilk günündən xalq olaraq böyük dəstək kampaniyası var idi. Hətta elə vəziyyət yaranmışdı ki, cəbhə bölgələrində əsgərlərə göndərilən yardımın paylanmasında çətinlik çəkilirdi. Biz bütün bunları müharibə dövründə cəbhə bölgələrinə ezam olunan zaman müşahidə etmişdik. Amma müharibə bitdikdən sonra fərdi şəxslərin yardımları azaldı və bir sıra problemlər ortaya çıxdı. Problemlərin ortaya çıxmasının əsas səbəblərindən biri də torpaqlarımızın işğaldan azad edilməsindən sonra əsgərlərimizin xidmət apardığı ərazilərin böyüməsidir. Ucqar, yolsuz, çətin dağ yerlərində, xaraba halına salınmış rayonlarda keşik çəkən əsgərlərimizə yardımların çatdırılmasında sıxıntı var. Amma bu problemlər həll edilməlidir. Dağlıq rayonlardakı əsgərlərimiz qismən ərzaqdan, daha çox siqaretdən qıtlıq çəkirlər. Kazarma şəraitində qalan bütün əsgərlərimizin durumu yaxşıdır, lakin heç də hamı kazarma şəraitində deyil... Bu baxımdan, kimin əlindən nə gəlirsə, dəstək kampaniyasına qoşulmalıdır. Düzdür, sosial şəbəkələrdə əsgərlərin problemlərinin olması ilə bağlı məlumatlar yayılanda bəziləri buna etiraz edirdi. Problemlərin olmadığını, bu kimi məlumatların hətta təxribat olduğunu iddia edənlər də olurdu. Amma məsələyə birinci vitse-prezident səviyyəsində müdaxilə edildi. Problem olmasaydı, birinci vitse-prezident özü belə təşəbbüs göstərməzdi. Onun bu təşəbbüsü hər kəs üçün bir siqnal olmalıdır. Hər kəs Vətən müharibəsində olduğu kimi əsgərə dəstəyini davam etdirməlidir. Bu nəcib təşəbbüsə ellikcə qoşulmalı və müharibənin ilk günlərində olduğu kimi, cəbhəyə millət yardımı kampaniyasına bir daha başlamalıyıq. Bu ilin iyul ayında baş verən Tovuz hadisələrindən sonra Bakıda orduya dəstək aksiyası çərçivəsində təkər yığımına başlayan könüllü Elnur Əliyev də qeyd etdiyimiz problemdən əziyyət çəkənlərdən biridir. Elnur Əliyev və digər könüllülərin başlatdığı kampaniyanın miqyası böyüdü. Cəbhəyə yüzlərlə yük maşını təkər göndərildi. Vətən müharibəsi başlayan gündən isə əsgərlərə siqaret və digər ərzaq yardımları da yığmağa başladılar. Hətta şəhid və qazi ailələrinin məişət problemlərinin həllinə də böyük dəstək oldular. Ardınca Elnur Əliyev və komandası Könüllü Yardım Fondunu təsis etdilər. Fond fəaliyyətini davam etdirsə də son günlər problemlərlə üzləşirlər. Çünki ilk gündən edilən çoxsaylı yardımların sayı azalıb. Elnur Əliyev fonda müraciətlərin sayının çox olduğunu, amma imkanlarının az olduğunu deyir. Əsgərə böyük dəstək aksiyası təşkil edənlər sırasında Bəxtiyar Hacıyev, Fərhad Mehdiyev, Adil Vəliyev, Xatun Absəlimov, Elçin Ləmbəranski, Kamil Zeynallı, Haldun Novruzzadə və bir çoxlarının adını çəkə bilərik. Onlar indi də orduya dəstəklərini davam etdirirlər və bununla bağlı onların sosial şəbəkə hesablarından müntəzəm məlumatlar əldə etmək mümkündür. Biz də həm adlarını qeyd etdiyimiz fəallar vasitəsilə, həm də şəxsi təşəbbüsümüzlə əsgərimizə dəstək olmalıyıq. Ən azından onların şəxsi ehtiyaclarının qarşılanmasına yardım etməliyik. Hərbçilərimizin, qazi və şəhidlərimizin ailələrinin problemlərinə gəlincə... ![]() Məlum olduğu kimi, Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu - “YAŞAT” Fondu da yaradılıb. Artıq fond bu günə qədər bir neçə qazi və şəhid ailəsinin problemlərinin həllinə nail olub. İndi hər birimiz ətrafımızda olan şəhid və qazilərimizin problemlərini, sosial şəbəkələrdə hərbçilərimizin ailə üzvlərinin, övladlarının problemləri ilə bağlı müracitələrini birbaşa fonda yönləndirməliyik. Bununla problemin qısa zamanda həllinə nail ola bilərik. Fond tərəfindən şəhid və qazi ailələrinin siyahıya alınması, problemlərinin müəyyən edilməsi üçün 69 qrup yaradılıb. Görülən işlərin sürətləndirilməsi üçün hər bir vətəndaş fondun işinə dəstək ola bilər. İlkin MURADOV, “Yeni Müsavat” Geri dön |