Mikayıl Cabbarovun “30 minlik direktor əməliyyatı”
Tarix: 14-10-2015, 09:39 |
Çap et
Azərbaycan ərazi baxımından kiçik ölkədir. Ancaq burada baş verən elə unikal hadisələr olur ki, dünyanın dörd bir çevrəsini dolaşsan belə bərabərinə rast gəlmək mümkün deyil. Təsadüfi deyil ki, xalqımıza çox zaman şair təbiətli xalq deyirlər. Bu həm də bizim yaradıcı təbiətimizdən, yenilikçi ruhumuzdan irəli gəlir. Hərgah bizlər bu yaradıcı qabiliyyətimizi, şair təbiətimizi doğru-düzgün istifadə etsəydik daha böyük nailiyyətlər qazanardıq. Neynəməli, “böyük” ideyaları çox zaman şəxsi maraqlarımıza qurban verdiyimiz üçün xalqımız onun bəhrəsini görmür, olsa-olsa bir neçə nəfər onun xeyrini görür. Amma, xeyrini deyirəm haa. Əslində jurnalist araşdırmamızın ictimai rəyi nəticəsində yaranan bu yazıyla mən rüsvay olan təhsilimizin çılpaqlıqlarını özlərini idarə etdiyi sahənin balaca padşahları hesab edənlərin çirkin əməllərinin çox kiçik bir hissəsini ölkə prezidentinə, onun birinci xanımına çatdırıram.
Bizim Təhsil Nazirliyində işləyən elə kadrlar var ki, təhsil sektoruna gətirdikləri “yeniliklərlə” əməlli başlı inqilabi dəyişikliklərə imza atmaq olar. Düzdür, belə dəyişikliklər olur, ancaq burada inqilabdan, zaddan söhbət açmağa dəyməz. Uzaq başı bir neçə məktəb direktoru vəzifədən çıxarılır ki, bunu da böyük islahat kimi bizlərə sırıyırlar. Məktəb direktoru demişkən, nazirlikdə bunun da yeni priyomunu tapıblar. Özü də bu yeni direktor təyin etmə üsulunun müəllifi Mikayıl müəllimin əvəzedilməz kadrı, sağ əli olan Elnur Əliyevdir. Elnur Əliyevi Bakı məktəbləri, xüsusən də məktəb direktorları yaxşı tanıyırlar. Çünki, Bakı şəhər Təhsil İdarəsində müdir əvəzi işlədiyi vaxtlarda etdiyi əməllər hələ də yaddaşlardan silinməyib. Daha sonra isə Gəncənin icra başçısı ilə olan münaqişəsi E. Əliyevi bir qədər gündəmdə saxladı. O öz işini şəxsi maraq və intiriqalar üzərində qurdu, prinsipial olmağa çalışdı, bacarmadı. Eqoizm prinsiplərini üstün tutdu. Onun bu kimi “saymaz məhsulliyyətsiz əməlləri” nəinki aşağı hətta yuxari dairələri də narahat etməyə başladı. Bu kimi əməllər təhsildə onun qələmini tam qırıb atmasa da demək olarki sonunu gətirdi. Lakin son anda yenədə dadına Mikayıl Cabbarov çatdı. Ancaq, yarıtmaz fəaliyyəti ilə diqqətə gələn Elnur Əliyevin səlahiyyətlərinin alınması barədə göstəriş olsa da Mikayıl Cabbarov onu öz “kölgəsində” qoruyub saxlayır. Bu “kölgədə” isə çox maraqlı əməllər baş verir.
Elnur Əliyevin Azərbaycan təhsil sisteminə gətirdiyi növbəti “yeniliklərdən” biri kadr dəyişikliklərinin yeni metodunu kəşf etməsidir. Buna el arasında “aldım, aldatdım” üsulu da deyirlər. Belə ki, E. Əliyev Bakı şəhəri 286 saylı tam orta məktəbin direktor müavini olan Mirvari xanıma təklif edib ki, o, öz hesabına məktəbi təmir etdirsin və bunun əvəzində də məktəbin direktoru təyin ediləcək. Mirvari xanım isə 30 min manatdan çox pul sərf edərək məktəbin bütün pərdələrini, kanalizasiya sistemini, sinif otaqlarının əksəriyyətini əsaslı təmir etdirib. Ancaq əsl həngamə də elə bundan sonra başlayıb. Belə ki, Elnur Əliyevin vəd etdiyi direktor vəzifəsinə tamam başqa bir adam-129 saylı məktəbin direktoru gətirilib. Əslən Cəbrayıl rayonundan olan yeni direktorun yerinə isə Cəbrayıl rayon icra hakimiyyətinin başçısının qızı təyin olunub. Yəni sadəcə əslən Cəbrayıl rayonundan olan direktorların yerdəyişməsi baş verib. Arada isə Mirvari xanımın 30 mindən çox pulu məktəbin təmirinə sərf edilib. Maraqlıdır ki, bütün bu “direktor dəyişmə” əməliyyatında adı keçən kadrların hamısı Cəbrayıl rayonundandır. Belə düşünmək olar ki, Təhsil Nazirliyində kadr dəyişikliklərinin aparılmasında “Cəbrayıl faktoru” mühüm rol oynayır. Belə olmasaydı Elnur Əliyev və havadarları birinin pulunu xərclətdirib digərlərinə vəzifə verməzdilər. Ümumiyyətlə isə belə kadr dəyişmə “üsulunun” Azərbaycan təhsilinə vurduğu zərbələrə görə kimin məsuliyyət daşıyacağı məlum deyil.
Elnur Əliyevin “aldım-aldatdım” əməliyyatına görə cəzasız qalması isə onun Təhsil Naziri tərəfindən əməll-başlı himayə olunması ilə bağlıdır. Belə olmasaydı nazirlikdə işlədiyi gündən həmişə sərt tənqidlərə tuş olan birisinin hələ də böyük səlahiyyətlər sahibi olması mümkünsüz
olardı. Mikayıl Cabbarovun “islahatçı komandasının” təhsilimizdə hansı islahatlar apardığını isə yuxarıda qeyd etdiyimiz faktlardan aydın görmək olar. Məktəblərimizin təmir olunmasının da hansı üsullarla həyata keçirildiyinin “30 min manatlıq” əməliyyatdan bilmək olar.
Nə qədər ki, pedaqoqika anlayışı olmayan , təhsil idarəetməsindən tamamilə uzaq olan Elnur Əliyev kimilər Azərbaycan təhsilində at oynadır, bizim bu sahədə həll edilməmiş problemlərimiz bitib tükənməyəcək.
İqtisad Universitetində müdhiş maliyyə maxinasiyaları
Yeni dərs ilinin başlanması yenidən təhsil sistemini və bu sahədə olan nöqsanları gündəmə gətirib. Uzun illər boyu dövlətin bu sahəyə milyardlarla vəsait yatırmasına, islahat proqramlarının qəbul edilməsinə baxmayaraq hələ də həlli vacib olan problemlər qalmaqdadır. Xüsusilə ali təhsil ocaqlarında hökm sürən rüşvətxorluq, korrupsiya halları cəmiyyətdə güclü narazılıq doğurur. Bəzi ali təhsil ocaqlarının rektorları müqəddəs elm ocaqlarını gözdən salan əməllərlə məşğul olur, korrupsioner fəaliyyətləri ilə elmin və təhsilin inkişafına sağalmaz yaralar vururlar. Təsadüfi deyil ki, Prezident Admnistrasiyasının rəhbəri Ramiz Mehdiyev müşavirələrin birində ölkədə savadlı kadrların çatışmazlığından danışmış, tənqidi fikirlər səsləndirmişdi. Sual olunur ki, bəs onda ali təhsil müəssisələrinin hər il məzun adı ilə diplom verdiyi minlərlə məzun hardadır? Deməli bu sahədə köklü problemlər var və ən qısa vaxtda həlli vacibdir.
Cəmiyyətdə ən çox tənqid obyektinə çevrilən universitetlərdən biri, bəlkə də birincisi İqtisad Universitetidir. 2014-cü ilin martından universitetə rəhbərlik edən Ədalət Muradov təhsil müəssisəsində ötən müddət ərzində elmin inkişafı istiqamətində elə də ciddi irəliləyişə nail ola bilməsə də, rüşvətin, korrupsiyanın çiçəklənməsi sahəsində “mühüm nailiyyətlər” əldə edilib. Davamlı şikayətlər, tələbə və müəllim kontingentinin narazılıqları deməyə əsas verir ki, Ə.Muradov nəinki ona göstərilən etimadı doğrultmayıb, hətta universitetin fəaliyyətini çıxılmaz dalana salıb. Ötən müddət ərzində o, özünü müasir və rüşvətə qarşı mübarizə aparan qüvvə kimi təqdim edə bilməyib. Əksinə, bu ali məktəbi daha betər günə salıb.
Ədalət Muradovun İqtisad Universitetinə təyin olunmasından ötən bir il ərzində adıçəkilən təhsil ocağı kifayət qədər geriləyib. İstər maddi-texniki baza, istər təhslin keyfiyyəti, tələbələrin dərsə davamiyyəti, istərsə də rüşvətxorluq iddiaları ilə bağlı müraciətlər ötən müddət ərzində nəzərəçarpacaq dərəcədə çoxalıb. Rektor təyinatından dərhal sonra “kadr islahatlarına” başlayan Ə. Muradov özünə yaxın şəxsləri rəhbər postlara yerləşdirməklə tam nəzarəti ələ alıb. Universitetin elmi potensialını heçə sayan, yalnız öz şəxsi ambisiyalarını önə çəkən rektor kollektivdə qütbləşmə yaratmaqla vəziyyəti gərginləşdirir. Sələfi Şəmsəddin Hacıyevi universitetin bütün bəlalarının baiskarı sayan Ə. Muradov ötən müddətdə yalnız intriqalarla yadda qalmağı bacarıb. Bir də medyada davamlı olaraq yayılan rüşvət xəbərləri İqtisad Universitetinin “uğurlarına” çevrilib.
Bu ildən tədricən universitet daxili semestr imtahanlarının kamputerlə götürülməsinə məhdudiyyətlər qoyulmağa başlanılıb. I kurs tələbələri yazılı test imtahanı verməyə başlayıb ki, bununla da rüşvət daha geniş miqyas alıb. Beynəlxalq iqtisadi münasibətlər (BİM), İqtisadiyyat və sənaye, Kommersiya, Maliyyə fakültələrində tələbələrdən yay semestr imtahanlarının qaydaya qoyulması üçün 1000-1500 manat civarında rüşvət alınması halları bu ilin əsas “göstəricilərindəndir”.
ADİU-da “çiçəkənən” sahələrdən biri də tələbə köçürülməsidir. Məlumatlara əsasən ADİU-nin Dərbənd filialından universitetə köçürülmə və sonrakı mərhələdə tələbələrdən hər fənn üzrə fərq imtahanı üçün 800 manat alınır. Dərbənd filialından ADİU-nə köçürülmə 30-35 min manata başa gəlirsə, sonradan tələbə 15-20 fərq imtahanının hər birinə 800 manat verməli olur. İl ərzində isə 60-70 tələbə Dərbənd filialından ADİU-ya köçürülür.
Ədalət Muradov vəzifəyə təyinatından dərhal sonra, ilk növbədə çoxsaylı tələbə transferlərinin həyata keçirilməsini təmin etdi. Həm də bu transferlər yeni müəyyən edilmiş “standart qiymətlər” əsasında həyata keçirilən ödənişlərdən sonra baş verdi.
Belə ki, ADİU-ya xarici universitetlərdən bir tələbənin köçürülməsi 30 min manata, Azərbaycanın digər ali məktəblərindən isə 20 min manata başa gəlir. Lakin bilavasitə universitetə qəbul olunmaqla burada təhsil alan tələbələrin etirazlarını yaradan əsas amil heç də bu deyil.
Məlumatlarda göstərilir ki, Ədalət Muradov rektor təyin olunandan sonra universitetin rəhbər vəzifəli işçilərinə “paket” sistemi ilə aylıq ödənişlər həyata keçirməyə başlayıb. Bunun müqabilində isə universitetin rəhbər işçilərinə qarşı tələbələrdən pul yığımı prosesinə qətiyyən qarışmamaq tələbi irəli sürülüb.
Belə ki, hazırda bu proses rektor tərəfindən təyin olunmuş xüsusi adamların nəzarətinə verilib. Buna görə də imtahanlara görə və digər prosedurlar üçün təyin olunmuş “qiymətlər” də artıq konkret rəqəmlərdə ifadə olunurlar. Məsələn, dövlət imtahanları üçün 5000 manat, kəsir imtahanına görə 500 manat, tələbə köçürmələri zamanı verilən fərq imtahanına görə 800 manat məbləğində “ödənişlər” müəyyən edilib.
Xüsusilə Ədalət Muradovun belə geniş “fəaliyyət” göstərməsində onun Təhsil Nazirinin müavini Ceyhun Bayramovla yaxın münasibtlərinin mühüm rol oynadığı bildirilir.
Ədalət Muradov təhsil nazirinin yaxın çüvrəsinə aid edilsə də, onun daha çox nazirin müavini Ceyhun Bayramovun təsiri altında olduğu deyilir. Universitetin maliyyə imkanlarını sıfra endirmiş universitetin mühasibatlığında itkin düşmüş təhsil haqlarının taleyi barəsində rektordan başqa kimsənin məlumatı yoxdur. Bu il ödənişli təhsil sektorundan İqtisad Unversitetinin hesabına daxil olmuş 25 milyon manatın aqibətindən xəbər yoxdur. Əvəzində isə bu vəsaitin təyinatı üzrə xərcləndiyinin iddiasını qılan möhürlü sənəd və aktlar tapa bilərsiniz. Bütün bunların günahını yalnız rektorda axtarmaq sadəlövhlük olardı. Rektorun Maliyyə Nazirliyindəki "çətiri" Azər Bayramov və qardaşı Ceyhunun “xeyir-duası” ilə bütün bu əməliyyatları gerçəkləşdirdiyi bildirilir. Əks təqdirdə 25 milyonun qaranlıq taleyinə işıq salmaq bu qədər çətin olmazdı.
Göründüyü kimi ADİU-da “iqtisadi durum” bərbad vəziyyətdədir. Ədalət Muradovun “islahatları” bu elm ocağını dibsiz uçuruma aparır. Prezidentin yüksək etimadını sıfıra endirmək, ancaq şəxsi maraqlarını güdərək ölkənin ən böyük universitetlərindən birinin fəaliyyətini acınacaqlı vəziyyətə salmağa nə ad vermək olar? Məgər bütün bunları Təhsil nazirliyi və digər aidiyyatlı qurumlar görmürlərmi? Tezliklə İqtisad Universitetində sözün əsl mənasında “ədalət “bərqarar olmazsa bunun acı nəticələrini hələ çox çəkəcəyik.
Araşdırmalarımız davam edir. Mövzuya qayıdacağıq.